Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova növbəti brifinqdə bir sıra sərt bəyanatlar səsləndirib.
Musavat.com xəbər verir ki, diplomatın açıqlamaları həm Ukrayna müharibəsi, həm də beynəlxalq münasibətlər kontekstində diqqət çəkib.
Zelenski və Ukrayna seçkiləri
Zaxarovanın sözlərinə görə, Vladimir Zelenski hakimiyyətdə qalmağa can atır, lakin onun “qanuni şəkildə yenidən seçilmək şansı yoxdur”. O bildirib ki, Ukraynada seçkilərin keçirilməsi ilə bağlı Zelenskinin ABŞ və Avropaya irəli sürdüyü şərtlər “qəbuledilməzdir”.
Ukraynada xarici kontingentlər – “hərbi hədəf”
Moskva bəyan edib ki, Ukrayna ərazisinə yerləşdiriləcək istənilən xarici hərbi kontingent qanuni hərbi hədəf kimi qəbul olunacaq.
Ukraynalı uşaqlar məsələsi
Zaxarova “Rusiyanın ukraynalı uşaqları oğurlaması” ilə bağlı iddiaları saxtalaşdırılmış yalan adlandıraraq, dünya ölkələrini bu kampaniyaya aldanmamağa çağırıb.
Aİ və diplomatik təşəbbüslər
Onun sözlərinə görə, Aİ rəhbərliyindəki “rusofob qüvvələr” Ukraynada sülhə dair diplomatik təşəbbüslərə, xüsusilə də Rusiyanın maraqlarını nəzərə alan planlara müqavimət göstərirlər.
Cənub-Şərqi Asiya gərginliyi
Rusiya Kamboca və Tailand arasında artan gərginlik fonunda tərəfləri sakitliyə və dialoqu bərpa etməyə çağırır.
ABŞ–Venesuela münasibətləri
Moskva ümid edir ki, ABŞ Venesuela ilə “tammiqyaslı münaqişəyə sürüşməkdən” çəkinəcək. Zaxarova belə bir ssenarinin bütün Qərb yarımkürəsi üçün ağır nəticələr doğura biləcəyini deyib.
FT-nin iddiası: ABŞ NATO-dan uzaqlaşır?
Financial Times-ın ABŞ-ın NATO-dan uzaqlaşıb Rusiya ilə yaxınlaşa biləcəyi barədə yazısına münasibət bildirən Zaxarova bu məlumatı “uydurma hekayə” adlandırıb. Onun fikrincə, Vaşinqton üçün NATO “nəhəng maliyyə vəsaitləri əldə etməyin mexanizmidir”.
Musavat.com






