Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın son günlər ölkənin energetika sisteminə və kritik infrastruktura qarşı misli görünməmiş hücumlar həyata keçirdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, dövlət başçısı yalnız bir həftə ərzində Rusiya ordusunun Ukrayna ərazisinə 1700-dən çox zərbə dronu, 1380-dən artıq idarəolunan aviabomba və 69 müxtəlif tipli raket atdığını açıqlayıb.
Zelenskinin sözlərinə görə, bu kütləvi hücumlar hər an fəlakətli nəticələrə yol aça bilər. Onun vurğuladığı kimi, əsas hədəflər energetika infrastrukturu, həyati əhəmiyyətli obyektlər və yaşayış binalarıdır. Prezident bildirib ki, Rusiyanın məqsədi Ukraynanı həm enerji baxımından iflic etmək, həm də mülki əhali üzərində psixoloji təzyiq yaratmaqdır.
Ukrayna lideri qeyd edib ki, rəsmi Kiyev ABŞ və Avropa ilə birlikdə hava məkanının müdafiəsini gücləndirmək istiqamətində intensiv danışıqlar aparır. Bu gün Litvanın paytaxtı Vilnüsdə Polşa və Litva tərəfdaşları ilə regional təhlükəsizlik məsələləri üzrə koordinasiya həyata keçirilib.
“Biz hər bir liderlə işləyirik ki, Ukraynanın müdafiə qabiliyyəti daha da artsın. Hər kəs Rusiyadan gələn təhlükənin miqyasını açıq şəkildə dərk etməlidir. Bu təhlükəni ən yaxşı anlayan isə məhz bizim xalqlarımızdır”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna xalqının dirənişini davam etdirməsində beynəlxalq dəstək mühüm rol oynayır və bu yardımların artırılması ölkənin müdafiəsi baxımından həlledici əhəmiyyət daşıyır.
Musavat.com






