Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev şəhərində yerləşən özəl klinikaya endirdiyi zərbənin nəticələri ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, prezidentin sözlərinə görə, hücumdan sonra klinikada olan xəstələr təcili şəkildə təxliyə edilib. Hadisə nəticəsində xəsarət alanlar var, bir nəfər isə həyatını itirib.
“Xəstələri evakuasiya etmək məcburiyyətində qaldıq. Yaralılar var. Təəssüf ki, bir nəfər həlak oldu. Əlbəttə, ukraynalılar bu xəstəxananı bərpa edəcəklər. Ukraynalılar belədir — dağıdılanı həmişə yenidən qururlar”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, Rusiyanın hücumları nəticəsində zərər görmüş bölgələrdə təmir briqadaları, energetiklər və bütün zəruri xidmətlər fasiləsiz işləyir. Zelenskinin sözlərinə görə, son bir gecə ərzində Ukraynaya qarşı 165 zərbə dronu istifadə olunub.
Prezident vurğulayıb ki, mülki obyektlərə hücumlar davam etdikcə Ukrayna həm müdafiəni gücləndirəcək, həm də dağıntıların aradan qaldırılması istiqamətində işləri dayandırmayacaq.
Musavat.com






