İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski üçün “came over”

1351 20.11.2025 17:13 Siyasət A A

Yüz minlərlə insanın həlak olduğu müharibəni oyuna bənzətmək ağırdır, amma bu da bir gerçəkdir ki...

Ukrayna probleminin “həlli” indi ən asan mərhələyə daxil olub. Bəli, asan... Ədalətli həll variantından söhbət belə getmir, gedə də bilməz. Biz bunu 30 il gördük, şahidlik etdi. Bizə təklif edilən “sülh variantları”nın hamısı ərazimizi qoparmaq üçün idi. Ukraynada fərqli vəziyyətdir, amma bizim illərlə yayındığımız “sülh” sonda qələbəni gətirdi, Ukrayna üçün isə fərqli, daha acı sonluq düşünülüb.

Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) korrupsiya ilə bağlı açıqladığı hesabatdan sonra Zelenskinin qarşısına tərifnamə deyil, ancaq belə kapitulyasiya sənədi qoyarlar. Trampın danışdığı dildə, yəni “came over”...

Yeni sülh planı kimi təqdim edilən sənəd gerçəkdirsə, yenilik-filan yoxdur. Kiyevdən tələblər əvvəlkidir-Krımdan gözünü, Donbasdan qalan qoşununu çək. Ukraynaya hətta “güzəşt” də var. Çünki ABŞ və digər ölkələr Krım və Donbası Rusiya əraziləri kimi tanıyarsa, Kiyev bunu etməyə bilər, belə tələb olmayacaq. Donbasda Ukraynanın güzəştə gedəcəyi ərazilərin demilitarizasiya olunmuş zona kimi qəbul edilməsi də nəzərdə tutulur, bu o anlama gəlir ki, Rusiyanın nəzarətində olsa da, orada hərbi qüvvə yerləşdirə bilməz. Zaporojye və Xerson istiqamətindəki cəbhə xətti dondurulacağı, lakin bəzi ərazilər Rusiya tərəfindən Ukraynaya qaytarılacağı da deyilir. ABŞ-nin rus dilinin Ukraynada dövlət dili kimi tanınmasını, həmçinin Rus Pravoslav Kilsəsinin yerli nümayəndəliyinə rəsmi status verilməsi kimi bəndlər var...

Zelenskinin Türkiyəyə gedərək yenidən İstanbul prosesini bərpa etmək istəyi, Trampı tərifləyərək “müharibəni ancaq o bitirər” deməsi xəstənin ömrünü uzatmaq üçün həkim gəzən adamı xatırladır. Rusiya 4 ilə yaxındır ki, 603 min kv.km ərazisi olan Ukraynada müharibə aparır, bugünədək bu dövlətin təxminən 120 min 500 kv. km-ni ələ keçirib. Buraya 2014-cü ildə anneksiya olmunmuş Krım, eləcə də ölkənin şərq və cənub-şərqindəki geniş ərazilər daxildir. Bu ərazi təxminən 4 Moldova (33, 846) və ya 4 Ermənistan ərazisinə (29,743 kvadrat kilometr) bərabərdir...

Rusiya bu işğalçı müharibə üçün bütün arsenalını, dövlət kimi imicini xərcləyib, Putinə oradan geriyə yol yoxdur. Rusiya dövlət başçısına efirdə diqqətlə baxın, bu çox da uzun olmayan aralıqda vizual olaraq da çox dəyişib, soluxub və yorulub. Xalqın rəyini saymırlar, amma oliqarxlar bu müharibədən itirdikləri milyardların haqq-hesabını çəkmək üçün fürsət gözləyirlər. Hamını həbsxanaya doldurmaq mümkün deyil. Amma rəqəmlər vəziyyətin gərginliyini daha aydın göstərir: müharibə başlayandan bəri Rusiya üzrə məmurların həbsi üç dəfə artıb. Təkcə 2025-ci ildə 155 məmur - merlər, vitse-qubernatorlar və yüksək vəzifəli şəxslər həbs edilib. Prokurorluq həmin dövrdə 4,5 trilyon rubl dəyərində biznes aktivlərini müsadirə edib.Heç kimə daha sirr deyil ki, müharibə nə qədər uzanırsa, Putin hakimiyyətində çatlar dərinləşir, dövlət xaosa doğru gedir.

Ya gərək bütün dünya 1941-45-dəki kimi toplaşıb bu dəfə işğalçı Rusiyaya qarşı hərbi koalisiya qursun, ikinci, üçüncü cəbhə açmaqla ona qarşı vuruşsun, ya da Putinin şərtləri ilə razılaşsın.

Əvvəldən də bəlli idi ki, Rusiya-Ukrayna savaşında iki fərqli güc qarşı-qarşıyadır, burada son nəticə uzana, mütləq qalib olmaya da bilər, amma bunun əksi baş verə bilməzdi. Ukrayna təkbaşına vuruşsaydı, bu müharibə bu qədər davam etməzdi. Tramp gərək ki, Alyaska görüşündən sonra “Rusiya çox böyük ölkədir, Ukrayna isə deyil, razılaşma bağlayın, siz buna məcbur olacaqsınız” deyəndə ondan “Putin simpatizanı” düzəltmək lazım deyildi. O da yaxşı bilir ki, Ukrayna bu savaşda Rusiyanın qarşısına atılmış yem idi, nəticəsinin Kiyev üçün belə ağır ola biləcəyini müharibəni o torpaqlara gətirən siyasət lotuları hamısı bilirdi. Rusiyanı zəiflətmək üçün “sonuncu ukraynalıyadək qurban vermək” hərisliyi bu vəziyyətə gətirib çıxardı.

Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Tramp administrasiyasının sülh planının hazırlanmasında iştirak etmədiklərini söyləyib. Bu qurum indiyədək sülh planı hazırlamayıb və çətin ki, də belə bir fikri olsun. Çünki AB müharibəni dəstəkləyir və bu mövqedə də davam edəcəklər.

İlyarım əvvələdək güman etmək olardı ki, Ukraynanı bir dövlət olaraq bu qədər tükəndirməzlər. Amma görünür ki, indi Ukrayna dayanarsa, dövlət kimi çıxdaş edilə bilər. Ordunun pulundan tutmuş, əhalinin pensiyasınadək Qərbin maliyyə təşkilatları verir. Müharibə dayansa, bu yardımlar, kreditlər də dayanacaq.
Donbas nə Ukraynanın, nə Rusiyanın vətən müharibəsidir. Bu da mənim inandığım gerçəkdir...

Nazim SABİROĞLU,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR