İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən “U” dönüşü – Putinə PİS XƏBƏR var

1811 04.03.2026 16:42 Ölkə A A

Ukrayna prezidenti Volodimir Zelenski seçkilərin müvəqqəti atəşkəs dövründə deyil, müharibə bitdikdən sonra keçiriləcəyini bildirib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu açıqlamanı “Corriere della Sera” nəşrinə verdiyi müsahibədə mümkün seçkilərin vaxtı ilə bağlı suala cavab olaraq verib.

“Əsl sual budur: seçkiləri nə vaxt keçirə bilərik? Onlar mütləq müharibə bitdikdən sonra keçiriləcək, müvəqqəti atəşkəs dövründə deyil. Mən namizəd olacağımdan qətiyyən əmin deyiləm; baxacağam ki, ukraynalılar nə istəyirlər”, - deyə prezident bildirib.

Lakin iki həftə əvvəl Zelenski bildirmişdi ki, əgər seçkilərin keçirilməsi üçün iki aylıq atəşkəsə nail olunsa, parlamentlə danışmaq və onu hazırda dəstəkləmədiyi şeyi dəstəkləməyə inandırmaq üçün əlindən gələni edəcək.

Bu nəyin təzahürüdür? Rəsmi Kiyev döyüş meydanında özünə daha çox güvənməyə başlayıb, yoxsa...

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Zelenskinin seçkilərlə bağlı son açıqlamaları özündə Ukraynanın həm daxili siyasi sabitliyi, həm də beynəlxalq legitimliyi baxımından siqnallar ehtiva edir. Onun sözlərinə görə, seçkilərin mütləq müharibə bitdikdən sonra keçiriləcəyinə dair bəyanat və bu bəyanatın iki həftə əvvəlki bəyanatdan fərqli olması ilk baxışda ziddiyyətli mövqe təsiri bağışlasa da, əslində situativ və çoxqatlı siyasi strategiyanın təzahürü kimi qiymətləndirilə bilər: “Hüquqi aspektdən yanaşdıqda, Ukraynada hərbi vəziyyət qüvvədə olduğu müddətdə seçkilərin keçirilməsi həm konstitusion, həm də texniki baxımdan ciddi məhdudiyyətlərlə üzləşir. Milyonlarla vətəndaşın ölkə xaricində olması, cəbhə xəttində döyüşlərin davam etməsi və təhlükəsizlik riskləri seçkilərin azad və ədalətli keçirilməsini sual altına alır. Müvəqqəti atəşkəs isə hüquqi olaraq müharibənin başa çatması demək deyil. Bu baxımdan Zelenskinin “müharibə bitdikdən sonra” vurğusu daha çox legitimlik və dövlət institutlarının davamlılığına hesablanmış mövqedir”.

Politoloq hesab edir ki, daxili siyasi müstəvidə isə məsələ daha həssasdır: “Müharibə şəraitində seçki kampaniyasının aparılması cəmiyyət daxilində parçalanma riski yarada bilər. Müxalif siyasi qüvvələrin aktivləşməsi, populist çağırışların artması və hərbi rəhbərliklə siyasi rəhbərlik arasında potensial fikir ayrılıqları dövlət idarəçiliyində koordinasiya problemləri doğura bilər. Müharibə davam etdiyi halda hakimiyyət dəyişikliyi təhlükəsizlik sistemində boşluq yaradar ki, bu da Kiyev üçün qəbuledilməz ssenaridir. Bu səbəbdən seçkilərin müharibədən sonraya saxlanması risklərin minimallaşdırılması strategiyası kimi görünür.

Digər tərəfdən, iki aylıq atəşkəs ssenarisinə açıq qapı saxlanılması Qərbə ünvanlanan mesaj kimi də oxuna bilər. Ukrayna rəhbərliyi göstərmək istəyir ki, demokratik prosedurlardan imtina etmir və seçkiləri sonsuzadək təxirə salmaq niyyətində deyil. Eyni zamanda, Rusiyaya da mesaj verilir ki, müvəqqəti atəşkəs Ukraynada siyasi xaos yaratmaq və hakimiyyət dəyişikliyinə təzyiq vasitəsinə çevrilməyəcək”.

Y.Bağırzadə qeyd edib ki, Zelenskinin açıqlamaları ziddiyyət yox, daha çox çevik siyasi manevrdir: “Bu, özünə həddən artıq güvənin deyil, risklərin hesablanmış şəkildə idarə olunmasının göstəricisidir”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR