Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniya mətbuatına müsahibə verib. Səfir Azərbaycanın tarixi, regional siyasəti, Azərbaycan–Ermənistan sülh prosesi, Zəngəzur dəhlizi, eləcə də Bakı–Buxarest strateji tərəfdaşlığı ilə bağlı mühüm açıqlamalar verib.
Musavat.com səfirin müsahibəsindən Azərbaycan üçün önəmli məqamları təqdim edir.
Səfir bildirib ki, Azərbaycan dünyanın ən qədim dövlətçilik ənənələrinə malik ölkələrindən biridir və bu torpaqlarda dövlətçilik tarixi təxminən 5 min ili əhatə edir. O xatırladıb ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik respublika məhz Azərbaycanda yaradılıb və qadınlara seçki hüququ bir çox Avropa ölkəsindən daha əvvəl verilib.
Qüdsi Osmanov qeyd edib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ciddi sınaqlarla üzləşib. Ermənistanın hərbi təcavüzü, daxili siyasi çəkişmələr və iqtisadi böhran ölkəni zəiflədib. Lakin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmadan xilas edib və müstəqilliyin qorunmasını təmin edib. Onun sözlərinə görə, bu səbəbdən Heydər Əliyev xalq tərəfindən Ümummilli Lider adlandırılıb.
Səfir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə 44 gün ərzində öz ərazi bütövlüyünü bərpa edib və beynəlxalq hüquqla tanınan torpaqlarının 20 faizini Ermənistan işğalından azad edib. Osmanovun sözlərinə görə, Ermənistanın əvvəlki rəhbərliyinin avantürist siyasəti bu ölkəni regional layihələrdən kənarda qoyub və dərin geosiyasi dalana salıb.
Müsahibədə diqqət çəkən əsas məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı olub. Səfir bildirib ki, 2025-ci il avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanmış sülh memorandumu regionda yeni mərhələnin başlanğıcıdır. Onun sözlərinə görə, ABŞ-nin təşəbbüsü ilə Ermənistan ərazisindən keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək “Trump Route for International Peace and Prosperity” (TRIPP) marşrutu Asiya ilə Avropanı birləşdirən mühüm nəqliyyat xəttinə çevriləcək. Bu proses nəticəsində Ermənistan izolyasiyadan çıxaraq regional layihələrin iştirakçısına çevriləcək.
Qüdsi Osmanov bildirib ki, Azərbaycan Prezidenti tərəfindən Ermənistana tranzit yüklərlə bağlı 30 illik qadağa aradan qaldırılıb və Qazaxıstandan Ermənistana ilk buğda qatarı göndərilib.

Səfir azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə də toxunub. Onun sözlərinə görə, 2022–2026-cı illəri əhatə edən ilk mərhələ üçün təxminən 17,9 milyard dollar investisiya nəzərdə tutulub. Bu işlər “Böyük Qayıdış” proqramı çərçivəsində 2050-ci ilə qədər davam edəcək. Artıq Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanları fəaliyyətə başlayıb.

Azərbaycan–Rumıniya münasibətlərinə toxunan səfir qeyd edib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkəsidir və iki ölkə strateji tərəfdaşdır. 2009-cu ildə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə, 2022-ci ildə isə Yaşıl Enerji Dəhlizi layihəsi Bakı–Buxarest əlaqələrinin mühüm dayaqlarındandır. Bu layihə Xəzər dənizindən Qara dəniz vasitəsilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Osmanov əlavə edib ki, Azərbaycan Rusiya ilə münasibətlərini qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında qurur, lakin bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Bu səbəbdən Bakı Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib və bu ölkəyə 44 milyon dollardan artıq humanitar yardım göstərib.
Səfirin sözlərinə görə, Azərbaycan həm də Moldova ilə yaxın münasibətlərə malikdir və bu ölkəyə qaz tədarükü Avropanın enerji təhlükəsizliyinə töhfə verir.
Müsahibənin sonunda Qüdsi Osmanov bildirib ki, Bakı–Buxarest birbaşa uçuşlarının bərpası üzərində iş gedir və bu, iqtisadi, humanitar və biznes əlaqələrinin genişlənməsinə ciddi töhfə verəcək.
Müsahibənin ORİJİNALI BURADA: https://mesagerulneamt.ro/2026/01/exclusivitate-romania-este-un-prieten-de-incredere-testat-in-timp-si-un-partener-strategic-al-azerbaidjanului-interviu-cu-ambasadorul-republicii-azerbaidjan-in-romania-excelenta/
Şahanə Rəhimli
Musavat.com






