Bu gün o gündür ki, tariximizdə olmasaydı, milli faciəmiz olardı.
1988-ci ilin bu gün yüz minlərlə fərd ayağa qalxıb xalq olmasaydı, meydanlar doldurmasaydı, gücü gəldikcə hayqırmasaydı, erməni nasizminə, rus ayrı-seçkiliyinə etiraz etməsəydi, Qarabağsız qalardıq.
Bu fikirdə şişirtmə-filan yoxdur, gerçəkliyin tam özüdür. SSRİ tarixində görünməmiş bir kütləvilikdə başlayan, misilsiz sürəklilikdə davam edən Meydan hərəkatı bütün SSRİ məkanına, eləcə də dünyaya göstərdi ki, Qarabağı Azərbaycandan nə xoşluqla, nə Kremldən verilən direktivlə, nə də başqa cür qoparmaq mümkün olmayacaq.
Uzun illər Qarabağı bizdən almaq üçün hərtərəfli hazırlaşmış, SSRİ rəhbərliyində hər cür himayədarlar tapmış, “miatsum”a mütəşəkkil şəkildə hazırlaşmış ermənilər bunu – Meydan hərəkatını gözləmirdilər. Onlar gözləyirdilər ki, Bakıda ziyalılardan ibarət azsaylı “yadfikirlilər” qrupu kiçik meydanlarda toplaşacaqlar, “Moskva düz eləmir, gəlin, Kremlə məktub yazaq” deyə danışıb-danışıb dağılaşacaq, Azərbaycanın kommunist rəhbərliyi isə “bir halda ki, Siyasi Büro belə məsləhət görür, Qarabağ olsun Ermənistanın, nə fərqi var, onsuz da vahid sovet dövlətində yaşayırıq” deyəcəklər.
Heç biri olmadı. 1988-ci ilin fevralında köhnə avtovağzalın yanındakı “Spartak” stadionunda (indiki Nəsimi rayon hərbi komissarlığının arxası) yığışan və erməni separatizminə etiraz bildirən gənc ziyalılara bu dəfə yüz minlərlə tələbə, fəhlə, eləcə də tanınmış yaradıcı ziyalılar qoşuldu.
O dövrün partbilet daşıyan dövlət qulluqçuları da qıraqda qalmadı. Mövzu vətən torpağıydısa və onların “doğma, əziz partiya”sı əzəli ərazilərimizi qamarlamaq istəyən ermənilərə qahmar çıxırdısa, millət təəssübkeşliyi partiya mənsubiyyətini üstələdi. Düzdür, Moskvanın “öl” desə öləcəyi, “ver” desə hər şeyini verəcəyi bir qrup da vardı, amma onlar azlıqda idi. Tam əksəriyyət “torpaqdan pay olmaz” ovqatındaydı.
Meydan hərəkatı ona görə kütləviləşdi. Millət özünə, gələcəyinə təhlükə hiss etmişdi.
Ermənilərə açıq-aşkar rəğbət bəsləyən Qorbaçov ailəsini Qarabağın taleyi ilə bağlı tərəddüdə salan, hər hansı bir yanlış qərarın vətəndaş müharibəsinə səbəb olacağı qənaətinə gətirən məhz 17 noyabrda başlayan dirçəliş hərəkatı oldu. Müqavimət olmasa, hər şey əldən gedəcəkdi. Çünki çox şey öncədən düzülüb-qoşulmuşdu.
Bəzən bu günün qədrini bilməyənlər, xalq hərəkatının iştirakçılarını xor görənlər, onların tarixi xidmətini heçə sayanlar olur. Bu, ədalətli yanaşma deyil və güman ki, siyasi rəqabətin konyukturundan doğur, amma sovet-rus xadimlərinin 1988-91-ci illərə dair yazdıqları memuarları, verdikləri açıqlamaları oxuyanda görürsən ki, xalqımızın taleyi17 noyabrdan çox asılı olub.
“Xalq hərəkatı olmasaydı da, SSRİ dağılacaqdı, məsələn, Orta Asiyada xalq hərəkatı olmadı, amma onlar da müstəqillik qazandılar” deyənlər çox olub və onlara hər zaman layiqli cavab verilib.
Bir daha deyək. Bizim xalq hərəkatının əsas davası hakimiyyət-vəzifə və ya demokratiya-müstəqillik davası deyildi. Bu fikirlər sonrakı illərdə qabardı. 1988-ci ildə kükrəyən xalq hərəkatının əsas məqsədi Qarabağın Azərbaycandan qoparılmasının qarşısını almaq idi və hərəkat buna nail oldu.
Düzdür, o zamanlar kütləvi kadr dəyişikliyindən rəncidə olan və bunun qarşısını almaqdan ötrü Azərbaycana rəhbərlik edən Vəzirovun devrilməsini istəyən adamlar da meydanda fəallıq edirdilər, amma xalq üçün hakimiyyətdə kimin olmasının fərqi yox idi. İnsanların dərdi torpaq dərdiydi.
Əslində Moskva indiki Azadlıq meydanına toplaşan 1 milyona yaxın insanın haqlı olduğunu bilirdi və bəlkə də bu üzdən xalqın üzərinə ordu yeritmirdi. Ancaq ortada presedent də vardı. Kreml İrəvanda və Xankəndidə (keçmiş Stepanakert) keçirilmiş çoxminli mitinqlərə göz yummuş, heç bir sərt tədbir görməmişdi və istər-istəməz özünü tərksilah etmişdi.
Əgər SSRİ-ni silkələyən kütləvi aksiyaları birinci ermənilər yox, biz başlamış olsaydıq, o zaman Moskvanın sərt üzünü, soyuq süngüsünü, isti gülləsini dərhal dadardıq (necə ki 2 il sonra Kreml bu yola əl atdı). Biz xalq olaraq aqressiv olan, hücum edən tərəf deyildik, müdafiə olunan tərəf idik.
İndi o günlərdən 37 il keçir. Xalqımıza Dirçəliş günü bəxş edənlərin, Meydan hərəkatı başladanların bir çoxu aramızda yoxdur, amma çoxları sağ-salamatdır və hərəsinin bir kitablıq xatirələri, təfsilatlı söhbətləri var.
Qarabağ probleminin həlli ilə yekunlaşan və 44+1 gündə qazanılan qələbəmizin ilk günü əslində 17 noyabrdır. Biz Qarabağı yadlara məhz həmin gün vermədik, verməyəcəyimizi bildirdik, uzun aradan sonra torpağın kimə məxsus olduğunu təsdiq etdik.
Qarabağın qorunmasında əməyi keçən, milləti dirçəldən, əyilmiş qəddini dikəldən hər bir vətən oğluna, qızına eşq olsun. Onlar yüz minlərlə, milyonlarladır, tribunada alovlu, qeyrətli və ağıllı çıxışlar ediblər, meydanı boş qoymamaq üçün gecələr tonqal kənarında oturublar, dünyaya vahid bir protestçi orqanizm nümunəsiı göstəriblər. Onların hamısının adını bir-bir çəkmək mümkün deyil.






