Hindistanda iş tapmaq uğrunda rəqabət misli görünməmiş həddə çatıb.
Musavat.com xəbər verir ki, Milli Qvardiyada cəmi 187 vakant yer üçün minlərlə insan müraciət edib və imtahan günü təxminən 8 min namizəd bir hava limanının uçuş-eniş zolağında toplaşıb.
Namizədlərin sayının həddindən artıq çoxluğu ciddi logistika problemləri yaradıb. Bu səbəbdən təşkilatçılar qeyri-adi qərar qəbul edərək yazılı imtahanı birbaşa uçuş-eniş zolağında keçirməyə məcbur qalıblar.
Məlumata görə, Hindistanın digər bölgələrində də oxşar vəziyyət yaşanıb. Orada imtahanlar stadionlarda və iri oyun meydançalarında təşkil olunub. Prosesə nəzarət etmək üçün dronlardan istifadə edilib, təhlükəsizlik isə polis və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Müşahidəçilərin fikrincə, bu mənzərə Hindistanda dövlət sektorunda iş tapmağın nə qədər çətin olduğunu və ölkədə işsizliyin artıq dərin sosial problemə çevrildiyini açıq şəkildə ortaya qoyur.
Musavat.com






