İnsanlara hürriyət, millətlərə istiqlal!

20 illik tarixi razılaşma: Bakı–Tiflis ittifaqı regionda bütün oyun qaydalarını dəyişir  

473 18.07.2026 18:52 Siyasət A A

Xəbər verdiyimiz kimi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla təbii qaz tədarükü, elektrik enerjisinin təchizatı və tranziti haqqında imzalanmış sazişlərlə bağlı fərmanlar imzalayıb. Sənədlərlə iki ölkə hökumətləri arasında bu il mayın 18-də Bakıda imzalanmış hər iki saziş təsdiqlənərək qüvvəyə minib.

Fərmanlara əsasən, Gürcüstanın Xarici İşlər Nazirliyinə sazişlərin qüvvəyə minməsi üçün zəruri olan bütün daxili prosedurların tamamlandığı barədə Azərbaycan tərəfini məlumatlandırmaq, eyni zamanda Gürcüstan parlamenti və Prezidentini bu sazişlərin bağlanması barədə xəbərdar etmək tapşırılıb. Müqavilələr 20 il müddətinə imzalanıb və iyulun 15-dən etibarən rəsmi olaraq qüvvəyə minib.

Ekspertlərin fikrincə, bu razılaşmalar yalnız Bakı və Tiflis üçün deyil, həm də regionun enerji təhlükəsizliyi və Avropanın alternativ enerji marşrutları baxımından strateji əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı gürcü politoloq Giorgi Qoqua Musavat.com-a danışıb:

“Bu sazişlərin miqyası və əhatə dairəsinin dərindən təhlili göstərir ki, Azərbaycan və Gürcüstan arasında təbii qazın tədarükü, eləcə də elektrik enerjisinin ötürülməsi və tranziti üzrə imzalanmış 20 illik razılaşmalar adi kommersiya müqavilələrinin sərhədlərini çoxdan aşır. Bu sənədlər qarşıdakı iki onillik ərzində regionun təhlükəsizlik arxitekturasını müəyyən edəcək uzunmüddətli strateji seçimdir.

Giorgi Qoqua: Prezident İlham Əliyev müasir Azərbaycanın şanlı tarixini yazdı

Bu sazişlərin əsas strateji əhəmiyyəti qarşılıqlı asılılığın institusional səviyyədə möhkəmləndirilməsi və sabitliyə uzunmüddətli təminat verilməsidir. İyirmi illik müddət onu göstərir ki, həm Bakı, həm də Tiflis daxili siyasi dəyişikliklərdən və xarici geosiyasi sarsıntılardan asılı olmayaraq bir-birini əvəzolunmaz strateji tərəfdaş hesab edir. Gürcüstan üçün bu, uzunmüddətli enerji təhlükəsizliyi təminatı olmaqla, xüsusilə təbii qaz təchizatı baxımından ölkəni Avrasiya enerji dəhlizinin əsas qovşaqlarından birinə çevirir. Azərbaycan üçün isə Bakı Qərbə çıxışını təmin edən əsas tranzit qapısının sabit, etibarlı və təhlükəsiz qalacağına dair möhkəm zəmanət əldə edir”.

Gürcü politoloq qeyd edib ki, bu sənədlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələsinin başlandığını göstərir:

“Çünki burada karbohidrogenlərlə yanaşı, elektrik enerjisinin ötürülməsi və tranzitinə xüsusi önəm verilir. Bu istiqamət isə birbaşa Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli layihəsi ilə əlaqəlidir.

Avropanın enerji təhlükəsizliyi kontekstində bu əməkdaşlıq iki mühüm imkan yaradır:

* Avropanın enerji mənbələrinin şaxələndirilməsi. Avropa Rusiyanın enerji resurslarından asılılığını kəskin şəkildə azaltdıqdan sonra Cənub Qaz Dəhlizinin əhəmiyyəti daha da artıb. Bu saziş Avropaya aydın mesaj verir ki, dəhlizin regional hissəsi sabit, etibarlı və effektiv şəkildə tənzimlənir.
* “Yaşıl enerji” dəhlizinin formalaşdırılması. Elektrik enerjisinin tranziti ilə bağlı müddəalar Xəzər regionunda istehsal ediləcək bərpa olunan enerji – külək və günəş enerjisinin Avropa İttifaqına ixracı üçün hüquqi və texniki zəmin yaradır. Bu isə Brüsselin “Yaşıl Razılaşma” (Green Deal) strategiyası ilə tam uyğunluq təşkil edir”.

Gürcü politoloq həmçinin vurğulayıb ki, uzunmüddətli perspektivdə bu əməkdaşlıq Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənzərəsini ciddi şəkildə dəyişdirəcək:

“İlk növbədə, Bakı–Tiflis oxunun daha da möhkəmlənməsi nəticəsində bu ikitərəfli ittifaq regionun əsas geoiqtisadi cazibə mərkəzinə çevriləcək və xarici aktorların, o cümlədən Rusiyanın enerji amilindən siyasi təzyiq və şantaj vasitəsi kimi istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

Bu fonda, əgər Ermənistan regional layihələrə qoşulmaqda maraqlı olmasa, onun iqtisadi təcridi daha da dərinləşəcək. Bununla yanaşı, sabit və güclü Bakı–Tiflis oxu gələcəkdə daha geniş regional iqtisadi inteqrasiya üçün də etibarlı platformaya çevrilə bilər.

Bundan əlavə, bu enerji sazişi Orta Dəhlizin ümumi potensialını da əhəmiyyətli dərəcədə gücləndirir. Bunun nəticəsində Cənubi Qafqaz təkcə enerji qovşağı deyil, həm də Asiya ilə Avropanı birləşdirən qlobal nəqliyyat və logistika dəhlizi kimi strateji mövqeyini daha da möhkəmləndirir”.

Xalidə Gəray

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR