İnsanlara hürriyət, millətlərə istiqlal!

“3+3" formatını işə salmaq Türkiyəyə həvalə olunub

873 24.06.2026 15:42 Siyasət A A

Türkiyənin baş diplomatının Rusiyaya səfəri ilə bağlı maraqlı açıqlamalar

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya rəsmi səfəri regionda baş verən proseslər fonunda xüsusi diqqət çəkib. Fidan səfər çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri zamanı “3+3" (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstan) formatını sülhün və regional əməkdaşlığın qurulması üçün vacib mexanizm adlandırıb. O, platformanın əhəmiyyətli birgə layihələrin həyata keçirilməsinə imkan verəcəyini vurğulayıb, lakin ölkələr arasında qarşılıqlı inamsızlıq kimi maneələrin mövcudluğunu etiraf edib.

Türkiyənin baş diplomatı səfər zamanı Cənubi Qafqazda "3+3" formatının işə salınması barədə razılığa gəlindiyini bildirib. O, bu formatın Türkiyə, Rusiya, Azərbaycan, İran, Ermənistan və Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox vacib bir mexanizm olduğunu vurğulayıb.

Hazırda Gürcüstanı "3+3" formatında iştirak etməkdən çəkindirən məhz siyasi məhdudiyyətlərdir, lakin iqtisadi məntiq formatın inkişafını yaxından izləməyə imkan verir. Bu, bizdən də asılıdır. "3+3" formatının uzunmüddətli dayanıqlılığı və sabitliyi üçün ən vacib amilin bütün qarşı tərəfləri eşitmək qabiliyyəti olduğunu anlamaq vacibdir. Biz onları dinləməli və bütün iştirakçıların maraqlarını başa düşməliyik. Təəssüf ki, siyasi münasibətlər bəzən iqtisadi əməkdaşlıq imkanlarını əngəlləyir. Bu vəziyyət hansı perspektivlər vəd edir?

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya bu səfəri ilk növbədə NATO-nun Ankarada keçiriləcək sammiti öncəsi, həmin sammitin gündəliyindəki əsas məsələlərlə bağlı Moskvanın mövqeyini dəqiqləşdirmək, mümkün çərçivədə həmin mövqeyə təsir etmək və eyni zamanda öz əlini gücləndirmək məqsədi daşıyırdı: “Xatırladım ki, Ankaradakı sammitdə gündəlikdəki əsas məsələlərdən biri Ukraynadakı müharibə və Qara dənizin təhlükəsizliyi məsələləridir. Burada "3+3" formatında danışıqların davam etdirilməsinə toxunulması da indiki şəraitdə mümkün ola bilər. Bəlkə də təəccüblü qarşılanacaq ki, buna ehtiyac varmı? Çünki onsuz da proseslər məhz Azərbaycanla Ermənistanın, eləcə də Türkiyə ilə Ermənistanın apardığı ikitərəfli danışıqlar formatında həm Ankaranın, həm də Bakının istədiyi istiqamətdə gedir. Amma unutmaq olmaz ki, həm Rusiyanın, həm də İranın bu proseslərə maneçilik törətmək potensialı var və onları imic itkisi məsələsi o qədər də düşündürmür. Çünki bizdə bir məsəl var, deyirlər ki, “islanmışın yağışdan nə qorxusu?”"

S.Alıyev digər məqamlara da diqqət çəkdi: “Eyni zamanda, ”3+3" formatında regional məsələlərin həlli Türkiyənin həm Qərbdəki müttəfiq-rəqibləri qarşısında mövqelərini gücləndirir, bu, onların Qafqazda fəal oyunçu qismində çıxış etmələrinin qarşısını alır, həm də Rusiya və İranla bölgədəki proseslərə yanaşmadakı fikirayrılıqlarını danışıqlar masası üzərinə gətirir. Açığını deyim ki, "3+3" formatında Türkiyə ilə Azərbaycanın mövqeyi heç zaman indiki qədər güclü olmayıb. Çünki əvvəllər Ermənistanın bu formatda birmənalı şəkildə Rusiyanın və İranın yanında yer alacağı düşünülürdüsə, indi fərqli reallıqlar var. Ona görə də Türkiyənin bu məsələdə də Rusiya ilə danışıqlar aparmaq istəməsi tamamilə anlaşılandır”.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov

Siyasi şərhçi Tural İsmayılov isə bildirdi ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvaya reallaşdırdığı rəsmi səfər, həmkarı Sergey Lavrov və Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi yüksək səviyyəli görüşlər Cənubi Qafqazın geosiyasi mənzərəsində yeni bir mərhələnin anonsu kimi qiymətləndirilməlidir: “Regionda qlobal və regional güclərin maraqlarının toqquşduğu bir vaxtda, Ankaranın regional sahiblik prinsipinə əsaslanan "3+3" əməkdaşlıq formatını yenidən gündəmin mərkəzinə gətirməsi həm diplomatik çevikliyin, həm də strateji uzaqgörənliyin göstəricisidir. Bu diplomatik gedişat regional sabitliyin təminatında Azərbaycan və Türkiyə tandeminin həlledici rolunu bir daha qabardır. “3+3" formatı mahiyyət etibarilə regionun problemlərinin kənar qüvvələrin müdaxiləsi olmadan, məhz region ölkələri tərəfindən həll edilməsi fəlsəfəsinə söykənir. Hakan Fidanın bu platformanı sülhün və regional əməkdaşlığın qurulması üçün vacib mexanizm adlandırması, xüsusilə Qərbin regiona nüfuz etməyə çalışdığı bir dövrdə Bakı və Ankaranın ortaq geosiyasi iradəsini əks etdirir”. Siyasi şərhçi qeyd etdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən sonra regionda yaranmış yeni reallıqlar regional inteqrasiyanı qaçılmaz edir: “Bu prosesdə Türkiyə regional moderator, Azərbaycan isə logistik və strateji mərkəz kimi çıxış edir. Perspektivlər baxımından yanaşsaq, bu vəziyyət ilk növbədə iqtisadi məntiqin siyasi çəkişmələr üzərində qələbə çalması zərurətini ortaya qoyur. Hazırda Gürcüstanın Rusiya ilə mövcud olan ərazi problemləri və siyasi məhdudiyyətləri səbəbindən bu formata ehtiyatla yanaşması məlumdur. Lakin iqtisadi reallıqlar tamamilə fərqli bir mənzərə diktə edir. Cənubi Qafqazdan keçən nəqliyyat-logistika dəhlizləri, xüsusilə Orta dəhliz və Zəngəzur dəhlizinin açılması perspektivi regionu qlobal ticarətin mərkəzinə çevirir. Gürcüstanın bu inkişafı yaxından izləməsi və tamamilə kənarda qalmamaq istəyi iqtisadi rasionalizmdən xəbər verir. Rəsmi Tiflis anlayır ki, Azərbaycan və Türkiyə ilə mövcud olan strateji enerji və nəqliyyat layihələri - Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars və sair - onun iqtisadi təhlükəsizliyinin əsas sütunlarıdır. Bu səbəbdən siyasi ritorikaya baxmayaraq, "3+3" formatının təklif etdiyi regional layihələr Gürcüstan üçün tamamilə cəlbedicidir".

T.İsmayılovun sözlərinə görə, formatın uzunmüddətli dayanıqlılığı üçün Hakan Fidanın da vurğuladığı kimi, “bütün qarşı tərəfləri eşitmək qabiliyyəti” şərtdir: “Bu kontekstdə Azərbaycan və Türkiyənin yürütdüyü diplomatiya inklüzivliyi ilə seçilir. Bakı və Ankara Ermənistanı təcrid etmək deyil, əksinə, onu regional layihələrə cəlb etməklə destruktiv siyasətdən yayındırmağa çalışır. Ermənistanın bu platformada iştirakı, onun Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmasından və blokadadan çıxmasından keçir. "3+3" bu baxımdan İrəvana təkcə Rusiya və ya Qərb deyil, birbaşa qonşuları ilə etimad mühiti yaratmaq üçün real şans təklif edir. Təhlil göstərir ki, siyasi münasibətlərin iqtisadi imkanları əngəlləməsi tendensiyası regional sabitliyə ən böyük təhdiddir. Lakin Azərbaycan və Türkiyənin sarsılmaz müttəfiqliyi bu maneələri aşmaq üçün güclü bir lokomotiv rolunu oynayır. Ankaranın Moskva ilə qurduğu balanslaşdırılmış dialoq və Bakının regionda diktə etdiyi yeni geosiyasi nizam "3+3" formatının sadəcə kağız üzərində deyil, masada və meydanda işlək bir mexanizmə çevrilməsini şərtləndirir”.

Ekspert hesab edir ki, yaxın gələcəkdə bu vəziyyət regiona investisiya axınının artması, Transxəzər marşrutlarının şaxələndirilməsi və təhlükəsizlik arxitekturasının yerli dinamikalar əsasında formalaşması perspektivlərini vəd edir: “Əgər iştirakçı dövlətlər qarşılıqlı inamsızlığı iqtisadi qazanclar fonunda idarə edə bilsələr, Cənubi Qafqaz geosiyasi rəqabət meydanından birgə rifah və inteqrasiya məkanına çevriləcək. Bu böyük geosiyasi transformasiyanın memarı və əsas hərəkətverici qüvvələri isə şübhəsiz ki, Azərbaycan və Türkiyədir”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR