İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin iclasında çıxış edib.
Musavat.com-un məlumatlna görə, nazir çıxışı zamanı Prezident İlham Əliyevin siyasətində insan amilinin prioritet təşkil etdiyini vurğulayıb.
O, ölkəmizdə sosial müdafiə, məşğulluq, əmək münasibətləri sahəsində davamlı işlərin görüldüyünü, ötən müddət ərzində 4 milyon vətəndaşımızı əhatə edən 4 sosial islahat paketinin həyata keçirildiyini söyləyib.
A.Əliyev qeyd edib ki, bu islahatlar əhalinin sosial müdafiəsinin təmin olunmasına, gəlirlərinin artırılmasına, sosial rifahın yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib. Nazir bildirib ki, bu islahatların davamı olaraq 2025-ci ilin əvvəlindən başlayaraq sosial sahədə 5-ci sosial islahat zərfinin icrasına başlanılıb. Bu çərçivədə 1,9 milyon şəxsi əhatə edən və 885 milyon manat vəsaiti özündə ehtiva edən, həmçinin pensiyaların indeksləşdirilməsi də nəzərə alınaraq, 1,4 milyard manatlıq sosial islahat zərfi həyata keçirilib. O, cari ildə minimum əmək haqqının, minimum pensiyaların, sosial müavinət və təqaüd ödənişlərinin, tələbə təqaüdlərinin, ünvanlı dövlət sosial yardımının, ölkə üzrə yaşayış minimumunun, ehtiyac meyarının artımı ilə bağlı rəqəmləri də səsləndirib.
A.Əliyev, əmək müqavilələri və əmək haqqı sahəsində islahatların aparıldığını, qeyri-formal məşğulluğa qarşı mübarizə ilə bağlı ardıcıl işlərin görüldüyünü, bununla əlaqədar dövlət proqramının qəbul olunduğunu və bu sahədə uğurların əldə edildiyini də söyləyib. O, əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı məsələlərin daim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin diqqət mərkəzində olduğunu, aktiv məşğulluq tədbirlərinin həyata keçirildiyini, ölkədə yeni iş yerlərinin açılması istiqamətdə lazımı addımların atıldığını bildirib.
E.Paşasoy,
Musavat.com






