İnsanlara hürriyət, millətlərə istiqlal!

45 sələfindən fərqlənən lider– Tramp dünya dövlətlərindən nə istədiyini açıq deyir

2440 06.12.2025 13:13 Analitika A A

Xatırlayırsınızsa, ötən il bu vaxtlar, Donald Tramp ABŞ prezidenti seçiləndən sonra, hələ səlahiyyətlərinin icrasına başlamamış bir sıra ölkələrlə necə davranacağı barədə anonslar vermişdi.

Bu dövlətlərin arasında Rusiyanın yeri başqaydı, Tramp RF prezidenti Putinlə anlaşacağına, Rusiya-Ukrayna müharibəsini tezliklə bitirəcəyinə əmin olduğunu bəyan edirdi.

Ağ Evin yeni administrasiyasının Çinlə ciddi rəqabətə gedəcəyi, Tramp komandasının üzvlərinin verdikləri açıqlamalardan bəlliydi. Bəziləri hətta Çinlə açıq düşmənçiliyə getmək barədə çağırışlar edirdilər.

Ancaq elə dövlətlər də vardı ki, Trampın onlara qarşı iddiaları bütün dünyada, eləcə də, həmin dövlətlərdə və ABŞ-nin özündə belə heyrət və çaşqınlıq doğurdu.

Bu dövlətlərdən biri Kanada, o biri isə Danimarka idi.

castin.jpeg (98 KB)

Tramp Kanada lideri Castin Trüdo ilə söhbətində Kanadanın ABŞ-nin yeni, 51-ci ştatı olmasını təklif edərək, Trüdonu “qubernator” adlandırdı, həm Kanada xalqını, həm də baş nazirin özünü mat qoydu.

Ağ Ev sahibinin Danimarkaya qarşı ərazi iddiası, Qrenlandiyanı öz ölkəsinin torpağına qatması isə yüngülvarı diplomatik qalmaqala səbəb oldu.

Trampın “düz dolanmadığı” ölkələr arasında Meksika və Panama da vardı. Panama ilə ixtilafın motivi məşhur kanal üzərində hüquq məsələsiydi. Meksikaya irad isə qanunsuz miqrantların və narkotik qaçaqmalçılarının bu ölkə ərazisindən ABŞ ərazisinə sızmasıyla bağlıydı.

Trampın Ukraynaya qarşı Baydendən fərqli mövqe sərgiləyəcəyini seçkinin nəticəsi elan olunandan bir gün sonra Trampın oğlu bildirmiş, Ukrayna prezidenti Vladimir Zelenskiyə vaxt qoymuş, “iki ay vaxtı qalıb” demişdi. Yəni Bayden Ağ Evdən gedən kimi Ukraynanın qara günləri başlayacaqdı. (Əslində elə də oldu).

Bu gün beynəlxalq informasiya agentliklərinin ABŞ ilə həmin ölkələrin münasibətlərinə dair yaydığı xəbərlərin başlıqları belədir: “Pentaqon Kanadaya böyük partiya silah satışını təsdiqlədi”; “ABŞ Dövlət Departamenti Danimarkaya 3 milyard dollarlıq silah satışını təsdiqləyib”.

Birinci informasiyada bildirilir ki, ABŞ Müdafiə Nazirliyi Kanadaya 2,68 milyard dollarlıq silah-sursat satacaq.

pentaq.jpg (697 KB)

İkinci informasiya isə ABŞ-nin Danimarkaya 3 milyard dollarlıq silah satacağından bəhs edir.

Kanada elə bir ölkədir ki, yalnız bir ölkə ilə sərhədi var və bu, ona silah satan ABŞ-dir. Bu ölkə xaricdən heç bir hərbi təhlükə gözləmir, nə də özü başqa bir ölkəyə qarşı təcavüz etmək planlarına malikdir.

Elədirsə, ona 2,68 milyardlıq silah-sursat nədən ötrü lazımdır. Güman bir yerə gedir: ABŞ-nin iqtisadi təzyiqlərindən sığortalanmaq.

Danimarka ilə bağlı vəziyyət də eynidir. Son 80 ildə yalnız bir dövlət Danimarkaya qarşı ərazi iddiası səsləndirib. Bu da ona silah satmaq istəyən ABŞ-nin özüdür.

Görünür, Danimarka hökuməti 3 milyard dolların başından keçməklə Tramp administrasiyasını neytrallaşdırmağı düşünür. Yoxsa bu ölkə “öz döyüş qabiliyyətini artıraraq” nə edəcək, özünü kimdən qoruyacaq?

binsal.jpeg (87 KB)

Bu xüsusda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın ABŞ prezidenti Donald Trampla anlaşması daha diqqətçəkəndir. Səudiyyə krallığı ABŞ tərəfindən heç bir açıq təzyiqə məruz qalmadan ondan tələbin nə olduğunu anladı və ABŞ-yə yatırdığı investisiyaların həcmini 600 milyard dollardan 1 trilyon dollara qədər artırmaq niyyətində olduğunu bildirdi.

Bu ilin may ayında Qətərdə səfərdə olan Donald Tramp bu ölkənin əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə də 1,2 trilyon dollar dəyərində iqtisadi mübadiləyə dair müqavilə imzalayıb.

Tərəflər anlaşıblar ki, Qətər ABŞ istehsalçısı “Boeing”dən “Qatar Airways” üçün 200 milyard dollar dəyərində 160 təyyarə alacaq.

Dünənə qədər ABŞ özü müstəqilliyini yeni qazanmış, inkişaf etmiş ölkələrə çoxmilyardlıq investisiya qoyurdu, bu gün vəziyyət dəyişib, indi həmin gənc dövlətlər ABŞ-yə investisiya qoymalıdır.

savkat.jpeg (162 KB)

Belə ölkələrdən biri də Özbəkistandır. Ağ Evdə Özbəkistan prezidenti Şavkat Mirzioyeyvlə Donald Tramp arasında keçirilən görüşdə tərəflər razlaşıblar ki, yaxın 10 il ərzində Özbəkistan Amerika iqtisadiyyatına 100 milyard dollardan çox investisiya qoyacaq.

ABŞ ilə münasibətlərini yaxşı saxlamaq istəyən bir çox ölkələr öz nadir torpaq materiallarının istismarını bu ölkəyə verməyə dair sazişlər imzalayıblar.

Çin və Venesuela isə ABŞ-yə müqavimət göstərir. İkincinin artıq sayılı günləri qalıb, ya Maduro rejimi devriləcək və ABŞ Venesuelaya girəcək, ya da ABŞ Venesuelaya girərək Maduro rejimini devirəcək.

cinlid.JPG (28 KB)

Çin isə Vaşinqtonun qarşısından çəkilmək, ona ciddi güzəştlərə getmək fikrində deyil. Çin hakimiyyəti soyuqqanlılığını qoruya-qoruya nə Tayvana olan iddiasından əl çəkmir, nə də ABŞ-nin umduğu şeyləri ona vermək istəmir, təzyiqə məruz qalanda əks-təzyiq göstərir.

Donald Tramp ilk ABŞ prezidentidir ki, dövlətinin siyasətini açıq-aşkar şəkildə, heç bir diplomatik cümləpərdazlığa yol vermədən, istədiyini birbaşa dilinə gətirərək yeridir.

Onun dünyanın 150-dən artıq dövlətinə tətbiq etdiyi tarif siyasəti də məhz bu xarakterinin nəticəsidir.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR