İnsanlara hürriyət, millətlərə istiqlal!

7 yenidoğulmuşun ölüm işi – istintaqın əsas versiyası  

691 04.03.2026 11:50 Kriminal A A

 

Bu gün, martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Respublika Perinatal Mərkəzi PHŞ-də baş vermiş yanğınla bağlı cinayət işi üzrə məhkəmə araşdırması davam etdiriləcək.

Musavat.com-un məlumatına görə, prosesdə mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli müttəhim qismində hakim qarşısına çıxarılıblar. Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi ilə yanaşı, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova və Gülbahar Zülfüqarova zərərçəkmiş şəxs qismində tanınıblar.

Hazırda prosesdə müttəhimlərin ifadələrinin dinlənilməsi mərhələsidir. Ötən iclasda Mehriban Abasquliyeva ifadəsini davam etdirərək bildirib ki, müəssisədə Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirici tədbirlər keçirilib. Onun sözlərinə görə, əməkdaşlara yanğınsöndürən balonlardan istifadə qaydaları izah edilsə də, mövcud avadanlıqlar yanğın təhlükəsizliyinin tam təmin olunması üçün kifayət etməyib. Müttəhim qeyd edib ki, mərkəz TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən maliyyələşdirilib, lakin zəruri yeniləmələr üçün kifayət qədər vəsait ayrılmayıb. Mehriban Abasquliyeva rəhbər təyin olunmazdan əvvəl müəssisədə çoxsaylı problemlərin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, qazanxana nasaz vəziyyətdə olub, isti su təminatı işləməyib, havalandırma sistemi və generator yararsız vəziyyətdə olub. O, bir sıra avadanlıqların və texniki sistemlərin şəxsi vəsaiti hesabına təmir etdirildiyini deyib. Direktor həmçinin vurğulayıb ki, yanğın siqnalizasiya sistemi yararsız olub və bunun yenilənməsi üçün 60 min manat tələb olunub. Ümumi təmir və təhlükəsizlik tədbirləri üçün isə 200 min manata yaxın vəsaitə ehtiyac yaranıb. Onun sözlərinə görə, yanğın təhlükəsizliyi sisteminin tam qurulması üçün 2 milyon 705 min manat tələb olunurdu. Bu barədə TƏBİB-ə yazılı müraciət edilsə də, tələb olunan vəsait ayrılmayıb. Qeyd edək ki, hadisə 9 yanvar 2024-cü ildə Respublika Perinatal Mərkəzinin inzibati binasında baş verib.

Yanğın nəticəsində Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsində 7 yenidoğulmuş körpə həyatını itirib, 4 nəfər xəsarət alıb. Müəssisəyə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib. Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq qurumun İstintaq idarəsinə həvalə olunub. İstintaqla müəyyən edilib ki, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə direktor təyin edilməsindən sonra xəstə qəbulu sayının iki dəfəyədək artırılması müəssisənin elektrik təsərrüfatının artıq yüklənməsinə səbəb olub və bu halın yanğına gətirib çıxarmasına əsaslı şübhələr mövcuddur. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı yanğın siqnalizasiya sisteminin nasazlığı, daxili yanğın su kranlarının işləməməsi və elektrik təsərrüfatında nöqsanlar aşkar edilib. Lakin istintaq materiallarına əsasən, bu çatışmazlıqların aradan qaldırılmaması ilə bağlı direktor və şöbə müdirlərinin məsuliyyəti məsələsi qaldırılıb. Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Hamlet Mustafayev və Elnur Əhmədli isə 225.3-cü maddə ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məhkəmə araşdırması davam edir.

E.MƏMMƏDƏLİYEV
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR