İnsanlara hürriyət, millətlərə istiqlal!

83 milyon insanın 10 faizi İranı tərk etsə... - quru sərhədin bağlı saxlanmasının sirri çözülür

1325 12.01.2026 21:50 Ölkə A A

İranda baş verən etirazlar fonunda Azərbaycanın quru sərhədlərinin bağlı qalması məsələsi bir daha ictimai və siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Ötən ilin iyun ayında baş vermiş və 12 gün davam etmiş İran–İsrail qarşıdurmasından sonra bəzi dairələr təhlükənin artıq sovuşduğunu düşünürdülər. Lakin hazırda İranda dərinləşən daxili etirazlar göstərir ki, risk amili hələ də qalmaqdadır və hətta yeni, daha mürəkkəb təhlükələr formalaşmaqdadır.

Etirazların genişlənməsi fonunda kütləvi qaçqın axını ehtimalı ciddi şəkildə müzakirə olunur. Söhbət milyonlarla insanı əhatə edə biləcək böyük köçdən gedir. 83 milyon əhalisi olan İranda əhalinin 10 faizi təhlükəsizlik səbəbindən ölkəni tərk etmək istəsə, bizim payımıza da 1-2 milyon qaçqın düşə bilər. İranla qonşu ölkələrin (Türkiyə, İraq, Pakistan, Əfqanıstan və Ermənistan) içində insanların ən çox güvəndiyi ölkə məhz Azərbaycandır.

Belə bir ssenari region üçün həm humanitar, həm də təhlükəsizlik baxımından ciddi çağırışlar yarada bilər. Məhz bu kontekstdə Azərbaycanın quru sərhədlərinin bağlı qalması məsələsi xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyev də müxtəlif çıxışlarında bu mövzuya dəfələrlə toxunaraq vurğulayıb ki, son illər ərzində quru sərhədlərin bağlı saxlanılması Azərbaycanı çox böyük təhlükələrdən və potensial fəlakətlərdən qoruyub. Dövlət başçısının fikrincə, bu qərar milli təhlükəsizliyin təmin olunması, ölkə daxilində sabitliyin qorunması və mümkün risklərin qabaqlanması baxımından strateji əhəmiyyət daşıyır. İranda baş verən son hadisələr isə bu mövqenin nə qədər əsaslı olduğunu bir daha gündəmə gətirir.

Mövzu ilə bağlı Musavat.com-a danışan millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, son 5 ildə quru sərhədlərinin açılmamasının ciddi məntiqə söykəndiyini görürük: “2019-cu ildən bu günə qədər davam edən bu prosesdə məhz bu məqamda yadımıza düşən Azərbaycan Prezidenti İlham Əliyevin ifadəsi olub: “Nəyi nə zaman necə etməyi mən bilirəm”.

Doğrudan da dövlətin qərarları tamamilə doğrudur, yerindədir və bəzən ictimaiyyətin də bilmədiyi, ona bəlli olmayan elə təhlükəsizlik məsələləri var ki, bunu yalnız dövlət bilir və dövlət də vətəndaşlarının təhlükəsizliyi ilə bağlı məhz bu məntiqə söykənərək qərarlar qəbul edir.

Ona görə düşünürəm ki, indi İranda baş verən hadisələr də bu cür hallardan növbəti biridir. Yəni sərhədlər açıq olsaydı, bizim təhlükəsizliyimiz təhdid edilə bilərdi və bu Azərbaycan cəmiyyəti üçün arzuolunmaz olardı. Ona görə də düşünürəm ki, bir daha Azərbaycan cəmiyyəti əmin oldu ki, sərhədlərin bağlı qalması məhz Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, onların müdafiəsi, rifahı üçündür".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR