2000–2023-cü illər ərzində Çin maliyyə qurumları ABŞ-a texnologiya və infrastruktur layihələri üçün 200 milyard dollardan çox kredit verib — bu, digər bütün ölkələrə verilən məbləğdən daha çoxdur.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Washington Post (WP) Uilyamsburqdakı (Virciniya ştatı) AidData tədqiqat laboratoriyasının informasiyaları əssənda məlumat yayıb.
AidData-nın məlumatına görə, Çin kreditorları ABŞ-ın demək olar bütün ştatlarında - qaz kəmərlərindən tutmuş hava limanlarınadək 2,5 min layihəni maliyyələşdirib. Kreditlərin yarıdan çoxu - 103 milyard dollar - 2018-ci ildən bəri verilib.
Ştat səviyyəsində maliyyələşdirilən yüzlərlə layihə arasında Kanada - Nyu-York yüksək gərginlikli enerji ötürücü xətti, Şimali Virciniyada dünyanın ən böyük məlumat emalı mərkəzlərindən biri və Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanında bir neçə terminal yer alır.
Çin maliyyə qurumları müntəzəm olaraq ABŞ-ın ən yüksək gəlirli şirkətlərindən ibarət Fortune 500 siyahısına daxil olan Amazon, Halliburton, Tesla, Boeing, Qualcomm və Disney kimi nəhəng korporasiyaların gündəlik fəaliyyəti üçün kredit xətləri açıb. WP qeyd edir ki, bu şirkətlərin heç biri sorğulara cavab verməyib.
AidData-nın icraçı direktoru Bredli Parks bildirib:
“Vaşinqton digər ölkələri Çindən borc asılılığı barədə xəbərdar edirdi, lakin hazırda Çin dövlət kreditorlarının ABŞ-dakı borcalanlara təqdim etdiyi kreditlərin həcmi kifayət qədər böyükdür”.
Musavat.com






