İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Hörmüzə alternativ axtarışında – Trampdan MÜJDƏ

357 17.07.2026 17:12 Region A A

ABŞ Prezidenti Donald Tramp dünya bazarlarına neft daşınması üçün Hörmüz boğazına alternativ marşrutların mövcud olduğunu bildirib. Bu barədə o, "Fox News" telekanalına müsahibəsində deyib.

Tramp Hörmüz boğazından keçən gəmilərin sayının azalması ilə bağlı suala cavabında bildirib ki, boğazdan keçid istəyənlər üçün marşrut açıqdır. “Əgər kimsə keçmək istəyirsə, boğaz açıqdır. Lakin biz onu İran üçün açmırıq. Giriş və çıxış baxımından yalnız İran üçün bağlıdır”, - o əlavə edib.

ABŞ liderinin sözlərinə görə, son aylarda enerji daşımaları sahəsində ciddi dəyişikliklər baş verir və yeni nəqliyyat imkanları formalaşır. “Axır bir neçə ayda çox şey dəyişib. Yeni boru kəmərləri tikilir. Biz əla alternativlər tapırıq, o cümlədən Texasda və Alyaskada”, - Tramp vurğulayıb.

Bəs alternativ marşrutlar nə vaxta hazır ola bilər? İranın qlobal iqtisadiyyata əsas təzyiq rıçaqından məhrum edilməsi mümkün olacaqmı?

Mövzunu Musavat.com-a şərh edən siyasi şərhçi Kamran Məmmədli hesab edir ki, Trampın açıqlaması təkcə enerji layihələri ilə bağlı yox, həm də İranın uzun illər istifadə etdiyi geosiyasi təsir alətinin zəiflədilməsi strategiyasının tərkib hissəsidir. Onun sözlərinə görə, Hörmüz boğazı Tehran üçün sadəcə dəniz keçidi deyil, siyasi təzyiq mexanizmidir:

"İran onilliklərdir ki, Hörmüz boğazını Qərbə və region ölkələrinə qarşı çəkindirici vasitə kimi istifadə edir. Hər dəfə gərginlik artanda boğazın bağlana biləcəyi ilə bağlı bəyanatlar verilir və bu da dərhal dünya bazarlarında neft qiymətlərinə təsir göstərir. ABŞ isə bu asılılığı minimuma endirmək istəyir".

Kamran Məmmədli bildirib ki, artıq alternativ marşrutların formalaşdırılması prosesi gedir və bu, yalnız ABŞ-nin deyil, Körfəz ölkələrinin də maraqlarına uyğundur:

“Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri son illərdə Hörmüzdən yan keçən boru kəmərlərinə milyardlarla dollar investisiya yatırıb. Məqsəd ixracı yalnız bir boğazdan asılı vəziyyətdə saxlamamaqdır. Trampın bəyanatı da göstərir ki, Vaşinqton bu prosesi daha da sürətləndirmək niyyətindədir”.

Siyasi şərhçi qeyd edib ki, bununla belə, yaxın perspektivdə Hörmüz boğazını tam əvəz etmək mümkün görünmür: “Yeni enerji marşrutlarının yaradılması uzun illər tələb edən prosesdir. Mövcud boru kəmərləri müəyyən həcmdə yükü öz üzərinə götürə bilər, lakin hazırda Hörmüzün strateji əhəmiyyətini tam əvəz edəcək infrastruktur mövcud deyil. Ona görə də İran hələlik bu rıçağını tam itirməyəcək”.

Siyasi şərhçinin fikrincə, uzunmüddətli perspektivdə vəziyyət dəyişə bilər: “Əgər alternativ marşrutlar genişlənsə, ABŞ-da hasilat artmağa davam etsə və Körfəz ölkələri ixracın daha böyük hissəsini başqa istiqamətlərə yönləndirə bilsə, İranın Hörmüz üzərindən yaratdığı geosiyasi təsir əhəmiyyətli dərəcədə zəifləyəcək. Bu isə regiondakı qüvvələr balansına da təsirsiz ötüşməyəcək”.

Kamran Məmmədli əlavə edib ki, proses Azərbaycanın maraqları baxımından da diqqətlə izlənilməlidir: “Azərbaycan Hörmüzdən istifadə etməsə də, dünya neft bazarında qiymətlərin formalaşmasına bu boğazdakı vəziyyət ciddi təsir göstərir. Ona görə də orada baş verən hər dəyişiklik dolayısı ilə Azərbaycanın enerji gəlirlərinə və regional iqtisadi proseslərə təsir edə bilər”.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR