İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Kremlə növbəti "təxirəsalınmaz" xəyanət: ABŞ isə amerikalı rusu Qafqazda Rusiya ilə “savaşa” göndərir

400 17.07.2026 17:30 Analitika A A

TRİPP layihəsinin indiki ssenari üzrə reallaşacağı təqdirdə, bu, ilk növbədə Kremlin Cənubi Qafqazdakı geopolitik nüfuzunun daha da sarsılaraq, zəifləməsinə yol açacaq... Ancaq bunun əksinə, ABŞ-ın isə regionun yeni geopolitik və geoiqtisadi arxitekturasında rolunun əhəmiyyətli dərəcədə güclənməsinə də səbəb olacaq...

ABŞ Cənubi Qafqaz uğrunda mübarizənin həlledici mərhələsinə start verməyə başlayıb. Belə ki, reallaşdırılmasına qərar verilmiş TRİPP layihəsi Rusiyanın bu regiondakı son geopolitik dayaqlarını da sarsıtmış olacaq. Yəni, "Tramp marşrutu" Rusiyanı Cənubi Qafqaz regionundan kənarda qoyacaq qədər geostrateji xarakterli layihə hesab edilir. Və ona görə də, Cənubi Qafqazda geopolitik rəqabət getdikcə, daha açıq, həm də radikal xarakter almağa başlayıb.

Məsələ ondadır ki, ABŞ-ın bu regionda ciddi şəkildə dəstəklədiyi TRİPP layihəsinin hüquqi və infrastruktur əsasları sürətlə formalaşdırılmaqdadır. Belə ki, Ağ Evin bu geostrateji təşəbbüsü artıq praktik mərhələyə keçirmək niyyətində olduğu müşahidə edilir. Ermənistan hökumətinin ABŞ ilə TRİPP layihəsi çərçivəsində imzalanmış strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasını təsdiqləməsi də məhz bu prosesin mühüm mərhələlərindən biri hesab oluna bilər.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin bu addımının nəticələri yalnız Ermənistanın xarici siyasət kursunda yeni istiqamətin dərinləşməsi ilə məhdudlaşmaya bilər. Çünki bu, eyni zamanda, Cənubi Qafqaz uğrunda ABŞ-Rusiya geopolitik qarşıdurmasının artıq daha sərt mərhələyə keçdiyini də nümayiş etdirir. Və bu baxımdan, TRİPP layihəsi üzrə hüquqi və icra sənədlərinin Ermənistan parlamentində təsdiq olunmasından sonra Rusiyanın baş verənlərə necə reaksiya verəcəyi isə artıq indidən böyük maraq doğurur.

dd6ca196-503a-4c19-9b02-0d7d0ad9997d.jpg (177 KB)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, layihənin tam reallaşdırılması üçün daha iki önəmli sənəd – səhmdarlar arasında saziş və layihənin idarəedici şirkətinin nizamnaməsi də imzalanmalıdır. Bu isə onu göstərir ki, TRİPP layihəsi artıq siyasi bəyanatlar səviyyəsini geridə qoyub. Və indi tədricən konkret hüquqi, maliyyə, eləcə də idarəetmə mexanizmlərinin formalaşdırılması mərhələsinə daxil olmaqdadır.

Maraqlıdır ki, erməni mətbuatının yaydığı məlumatlara görə, Paşinyan hakimiyyəti bu barədə sənədi "təxirəsalınmaz" statusu ilə gündəliyə daxil edib. Bu detal təsadüfi hesab edilmir. Çünki Paşinyan hakimiyyəti layihənin reallaşdırılmasını strateji prioritetlərdən biri kimi qiymətləndirir. Eyni zamanda, mümkün qədər qısa müddətdə onun hüquqi prosedurlarını başa çatdırmağa çalışır. Bu isə ABŞ-Ermənistan münasibətlərinin yalnız siyasi deyil, həm də iqtisadi və geostrateji müstəvidə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Digər önəmli məqamlardan biri də ABŞ-ın TRİPP layihəsinin maliyyə və idarəetmə strukturlarını artıq formalaşdırmağa başlaması ilə bağlıdır. Belə ki, ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə yaradılmış "TRİPP+ Enterprise Fund" fonduna rusiyaəsilli amerikalı investor Konstantin Sokolovun rəhbər təyin edilməsi Ağ Evin bu layihəyə uzunmüddətli strategiya ilə yanaşdığını göstərən önəmli mesajlardan biridir. Və Konstantin Sokolovun beynəlxalq investisiya sektorunda, yüksək texnologiyalar, enerji və telekommunikasiya layihələrində geniş təcrübəyə malik olduğu bildirilir.

Eyni zamanda, amerikalı investorun beynəlxalq təhlükəsizlik platformaları ilə əməkdaşlıq etməsi ABŞ-ın TRİPP layihəsinə sırf nəqliyyat dəhlizi kimi deyil, həm də geopolitik təsir aləti kimi baxdığını da deməyə əsas verir. Çünki əslində, TRİPP layihəsinin əhəmiyyəti yalnız yeni nəqliyyat marşrutunun yaradılması ilə məhdudlaşmır. Belə ki, bu layihə Avropa ilə Mərkəzi Asiyanı birləşdirəcək alternativ logistika sisteminin önəmli tərkib hissəsi kimi nəzərdə tutulur.

a0df7bf3-1276-4d2b-a302-31561041cffd.jpg (194 KB)

Ona görə də, Ağ Evdə hesab edirlər ki, bu marşrut bir tərəfdən Cənubi Qafqaz ölkələrinin iqtisadi inteqrasiyasını gücləndirəcək. Digər tərəfdən isə, Rusiyanın və qismən də İranın nəqliyyat-kommunikasiya üzərindəki ənənəvi təsir imkanlarını zəiflədəcək. Və məhz ona görə də, Rusiya son aylarda TRİPP layihəsinə xüsusi aqressiv həssaslıq nümayiş etdirirdi.

Hər halda, Kreml təmsilçiləri son vaxtlara qədər dəfələrlə bəyan etmişdilər ki, "Tramp marşrutu" adlandırılan nəqliyyat-kommunikasiya xəttinin keçəcəyi ərazilərdə məhz Rusiya hərbi kontingenti yerləşir. Ona görə də, Rusiya bu marşrutun təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə hazırdır. Bu açıqlamalar Rusiyanın həmin layihədən kənarda qalmaq istəmədiyini göstərən siyasi mesajlar kimi qiymətləndirilirdi. Və digər tərəfdən, bu bəyanatlar həm də Kremlin Ermənistan üzərində təzyiq cəhdləri kimi də şərh olunurdu.

Ancaq son proseslər onu göstərir ki, ABŞ və Ermənistan TRİPP layihəsini məhz Rusiyanın iştirakı olmadan reallaşdırmağa üstünlük verirlər. Əgər, mövcud ssenari dəyişməzsə və TRİPP hazırda mövcud olan formatda həyata keçirilərsə, onda Kremlin bu layihədə iştirak etmək imkanları faktiki olaraq, sıfırlana bilər. Və bu isə Rusiyanın Cənubi Qafqaz siyasətində son illərin ən ciddi geopolitik məğlubiyyətlərindən biri kimi də qiymətləndirilə bilər.

Məsələ ondadır ki, Kreml uzun illər ərzində bu regiondakı Rusiyanın təsir imkanlarını məhz əsasən, hərbi mövcudluq, enerji marşrutları və nəqliyyat-kommunikasiya layihələri vasitəsilə qoruyub, saxlayıb. Ancaq indi Ermənistanın Qərbə doğru sürətlə yaxınlaşması, ABŞ-la strateji əməkdaşlığın genişlənməsi və TRİPP kimi önəmli iri geostrateji layihələrin məhz Ağ Evin birbaşa himayəsi altında reallaşdırılması Rusiyanın regionda mövcud olan təsir mexanizmlərini əhəmiyyətli dərəcədə zəiflədə bilər.

53338d68-64bf-4df1-a320-b7c302d0916b.jpg (185 KB)

Bununla yanaşı, ABŞ üçün də TRİPP sadəcə, geoiqtisadi layihə deyil. Belə ki, bu layihə Ağ Evin Cənubi Qafqaz üzrə strategiyasının əsas sütunlarından birinə çevrilmək potensialına da malikdir. Çünki bu marşrutun istifadəyə verilməsi ABŞ-a regionun əsas nəqliyyat-kommunikasiya layihələri üzərində olduqca ciddi geopolitik təsir mexanizmləri qazandıracaq. Və Rusiyadan uzaqlaşma kursu yürüdən Ermənistanı isə Qərbin həm iqtisadi, həm də təhlükəsizlik sistemlərinə daha sıx yaxınlaşma imkanları əldə edəcək.

Bütün bunlara paralel olaraq, onu da nəzərə almaq lazımdır ki, bu önəmli geostrateji layihənin tam şəkildə reallaşması yalnız ABŞ və Ermənistanın qərarlarından asılı deyil. Çünki bu regionda Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafı, sülh prosesinin taleyi, Türkiyənin mövqeyi və Rusiyanın mümkün aqressiv reaksiyası da layihənin icrasına birbaşa təsir göstərə biləcək önəmli faktorların sırasında yer alır. Və bu səbəbdən də, qarşıdakı dövrdə TRİPP ətrafında geopolitik rəqabətin daha da kəskinləşə biləcəyi qətiyyən istisna edilmir.

Bütün bunlara baxmayaraq, indi baş verənlərə əsasən, belə qənaətə gəlmək olar ki, ABŞ TRİPP layihəsinin reallaşdırılması istiqamətində konkret infrastruktur mexanizmlərini artıq işə salmağa başlayıb. Ağ Ev bu layihənin icra mexanizmlərini hüquqi, maliyyə və idarəetmə baxımından, mərhələli şəkildə formalaşdırmağa çalışır. Və əgər, bu proses planlaşdırıldığı kimi davam edərsə, onda Rusiyanın həmin layihədə iştirak imkanları ciddi şəkildə məhdudlaşa, hətta tamamilə aradan qalxa da bilər.

Təbii ki, belə bir ssenari ilk növbədə Kremlin Cənubi Qafqazdakı geopolitik nüfuzunun daha da sarsılaraq, zəifləməsinə yol açacaq. Ancaq bunun əksinə, ABŞ-ın isə regionun yeni geopolitik və geoiqtisadi arxitekturasında rolunun əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olacaq. Ancaq bununla belə, yekun nəticələrin daha çox regiondakı geopolitik proseslərin sonrakı inkişaf istiqamətlərindən və bütün maraqlı tərəflərin atacağı qətiyyətli addımlardan asılı olacağı da elə bir ciddi şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR