İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə ticarətimiz kəskin AZALDI – Səbəb siyasi, yoxsa iqtisadi?

381 17.07.2026 16:10 Ölkə A A

Son illərdə davamlı artım qeydə alınan Azərbaycan-Rusiya ticarət əlaqələri 2026-cı ilin əvvəlindən kəskin geriləmə nümayiş etdirir.

Musavat.com Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarət statistikasına istinadən xəbər verir ki, ilin birinci yarısında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 728 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,5 dəfə azdır.

2025-ci ilin yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard 520 milyon dollar təşkil etmişdi. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 31,4 faiz və ya təxminən 1,5 dəfə azalıb.

DGK-nın məlumatına görə, 2026-cı ilin birinci yarısında Azərbaycanın Rusiyaya ixracı illik ifadədə 3,1 faiz artaraq 608 milyon 557 min dollar təşkil edib. Rusiyadan idxal 2025-ci ilin eyni dövründəki 1 milyard 930 milyon dollarla müqayisədə 1,7 dəfə (təxminən 42 faiz) azalaraq 1 milyard 120 milyon dollar təşkil edib.

Rusiya yanvar-iyun ayları arasında İtaliya, Böyük Britaniya, Türkiyə və Çindən sonra Azərbaycanın ticarət tərəfdaşları arasında beşinci yerdədir.

Rusiya ilə ticarət dövriyyəsinin belə azalmasın müxtəlif suallar yaradır. Azalma hansı mallar üzrədir? Səbəbləri nə ola bilər?

Dövlət Statistika Komitəsinin yanvar-may ayları üzrə xarici ticarətə dair açıqladığı detallı statistikadan aydın olur ki, Rusiyadan idxalın azalmasının mühüm hissəsi qızılla bağlıdır. Belə ki, ötən ilin 5 ayında Azərbaycan Dövlət Neft Fondu Rusiyadan 439 milyon 260,21 min dollar dəyərində 4752,95 kq digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər şəklində qızıl alıb. Bu ilin 5 ayında belə alış, ümumiyyətlə, həyata keçirilməyib. Beləliklə, bu ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan idxalımızda qeydə alınan 794 milyon 407 min dollarlıq azalmanın 439,2 milyon dollarının məhz qızıla görə yarandığı aydın olur.

ao3kajxVSqoHC9arYIEl1fmgIrluBSJHKmZ2Qei1_1200.jpg (216 KB)

Rusiyadan idxalı daha çox azalan mallar arasında diri iribuynuzlu heyvan və qoyun ilk yerlərdədir. Belə ki, ötən ilin 5 ayında Rusiyadan Azərbaycana 27 milyon dollar dəyərində 29 240 baş ətlik diri iribuynuzlu heyvan, 4 milyon 337,89 min dollar dəyərində 34 462 baş diri qoyun idxal olunmuşdusa, bu ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 745,21 min dollar dəyərlə 1 105 baş və 49,56 min dollar dəyərlə 400 başa qədər azalıb. Bu iki mal üzrə Rusiyadan Azərbaycana ixrac 24 milyon dollara yaxın azalıb.

Ev toyuqlarının ətinin idxalı təxminən 5 milyon dollardan 1,5 milyon dollara, arpa idxalı 2,3 milyon dollardan 0,8 milyon dollara düşüb.

Rusiyadan idxalın dəyərindəki azalmanın mühüm bir hissəsi də Avropa İttifaqının Şimal qonşumuza tətbiq etdiyi sanksiyalardan qaynaqlanır. Belə ki, bu ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan  Bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının idxalı miqdar baxımından 602874 tondan 64 632,31 tona, dəyər baxımından isə 293 milyon 832,89 min dollardan 33 milyon 667,91 min dollara qədər düşüb. Bu isə o deməkdir ki, Rusiyadan idxaldakı azalmanın 260 milyon dolları yalnız xam neftə görə yaranıb.

Ukraynanın dron zərbələri nəticəsində Rusiyada neft emalının kəskin azalması Azərbaycanın bu ölkədən alışlarında əksini tapıb. Hesabat dövründə Aİ92 markalı benzin idxalı 48 milyon 806,75 min dollardan 2 milyon 563,22 min dollara, Aİ95 benzininin idxalı 31 milyon 887,2 min dollardan 24 milyon 108,01 min dollara,   Ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacağı da daxil olmaqla) idxalı 12 milyon 946,21 min dollardan sıfıra, təbii qaz idxalı 3 milyon 929,73 min dollardan sıfıra düşüb.

Aİ-nin Rusiya alüminiumuna tətbiq etdiyi və bu ilin əvvəlindən mərhələlərlə qüvvəyə minən sanksiyaları Azərbaycanın bu ölkədən alüminium idxalını da kəskin azaldıb.   Emal olunmamış aşqarlanmamış alüminiumun idxalı 27 milyon 365,85 min dollardan 7 milyon 886,45 min dollara qədər azalıb, alüminium ərintiləri, alüminiumdan hazırlanmış müxtəlif məhsulların idxalı isə 10 dəfələrlə azalaraq simvolik həddə düşüb.

Azərbaycanın tikinti sektorunda müşahidə olunan tənəzzül fonunda Rusiyadan tikinti materiallarının idxalında azalma müşahidə olunur: ağac materiallarından tutmuş polad və polad məmulatlarına, qara metal materiallarına qədər.

69b6b454-e9e5-39b2-8436-3e319ae3e7dd_1200.jpg (628 KB)

Hesabat dövründə Rusiyadan Azərbaycana ixracı artan məhsullar da var. Belə məhsullar arasında yumşaq buğda birinci yerdədir: 14 milyon 566,23 min dollardan 92 milyon 857,61 min dollara qədər - 6,5 dəfəyə yaxın. Bundan əlavə, xam günəbaxan və ya saflor yağı və onun fraksiyalarının ixracı 19 milyon 768,59 min dollardan 23 milyon 641,79 min dollara qədər artıb.

Azərbaycandan Rusiyaya ixracı artan mallar arasında çiyələk diqqəti cəlb edir. Rusiya may ayından etibarən Ermənistandan bu məhsulun idxalını qadağan edib. Əvəzində Azərbaycandan idxal artıb. May ayının sonunadək Rusiyaya ciyələk ixracımızın dəyəri 12 233,25 milyon dollardan 37 milyon 64,86 min dollara, qabığı təmizlənmiş meşə fındığı 28 milyon 578,47 min dollardan 35 milyon 829,41 min dollara yüksəlib.

6a8056b0-4831-3ba9-8f6a-1769cbe7aaed_1200.jpg (198 KB)

Azərbaycandan Rusiyaya ixracı azalan məhsullar var. Bu sırada kartof ixracı 18,7 milyon dollardan 11,2 milyon dollara, kərə yağı ixracı 12 milyon 741,93 dollardan 379,38 min dollara qədər azalıb.

Ümumilikdə ticarət statistikasının təhlili göstərir ki, Rusiya ilə Azərbaycan arasında ticarətin azalması Bakı ilə Moskvanın birbaşa münasibətlərindən deyil, beynəlxalq hərbi-siyasi gərginliklərdən, həmçinin Rusiyanın Ukraynada apardığı işğalçı müharibə və Aİ-nin buna görə tətbiq etdiyi sanksiyalardan qaynaqlanır.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR