İnsanlara hürriyət, millətlərə istiqlal!

X-NERA araşdırması: Maneki Neko izləri, piramida xəbərdarlığı və ŞOK FAKTLAR VACIB

297 17.07.2026 16:15 Ölkə A A

Son aylar Azərbaycanın sosial media məkanında, xüsusilə TikTok və Telegram seqmentində yeni bir platforma fəal şəkildə reklam olunur. X-NERA və ya sadəcə NERA adı ilə təqdim edilən bu sistem istifadəçilərə "reklamın gəlirə çevrilməsi", "passiv qazanc", "komanda bonusları" və "loyallıq proqramı" kimi cəlbedici vədlər verir.

Azərbaycandilli təqdimat videolarında diqqət çəkən əsas məqamlardan biri platformanın təkbaşına deyil, ölkədə əvvəllər geniş reklam olunmuş "Maneki Neko" layihəsinin davamı və ya onun ekosisteminin bir hissəsi kimi təqdim edilməsidir.

Mövzunun aktuallığını və vətəndaşların bu cür platformalara göstərdiyi marağı nəzərə alaraq, layihə ilə bağlı təqdimat materiallarını, istifadəçi sazişlərini, domen göstəricilərini, texniki detalları və açıq dövlət reyestrlərini araşdırdıq. Məqsədimiz hər hansı birtərəfli ittiham irəli sürmək deyil, təqdim olunan reklam vədləri ilə real faktların nə dərəcədə üst-üstə düşdüyünü yoxlamaqdır.

Domen və infrastruktur: İki ay əvvəl yaradılan gizli sayt

photo_12_2026-07-17_14-49-07.jpg (25 KB)

Məsələnin texniki tərəfindən başladıqda, rəsmi internet resursunun olduqca yeni olduğunu görürük. WHOIS qeydlərinə əsasən, x-nera.com domeni 29 may 2026-cı ildə, yəni cəmi iki ay əvvəl qeydiyyatdan keçirilib.

photo_11_2026-07-17_14-49-07.jpg (38 KB)

Domenlə bağlı müəyyən etdik ki, domen sahibinin şəxsiyyəti və əlaqə məlumatları tamamilə gizlədilib ("Withheld for Privacy" xidmətindən istifadə olunub). Saytın qeydiyyat müddəti gələcək perspektivlər üçün deyil, cəmi 1 illik müddətə rəsmiləşdirilib. DNS infrastrukturu və kibertəhlükəsizlik qorunması "DDoS-Guard" xidməti üzərindən qurulub.

photo_22_2026-07-17_14-49-07.jpg (71 KB)

İnternet məkanında şəxsi məlumatların gizlədilməsi və ya kiberhücumdan qorunmaq üçün bu cür addımların atılması qanunsuzluq deyil. Lakin milyonlarla istifadəçiyə xidmət göstərəcəyini, onlara qlobal reklam şəbəkəsi təqdim edəcəyini bəyan edən bir platformanın rəsmi rəhbərliyini və qeydiyyat ünvanını tamamilə anonim saxlaması şəffaflıq baxımından ilk sualları yaradır.

Biznes modelinin görünməyən tərəfləri: Reklam, yoxsa maliyyə dövriyyəsi?

Ekran şəkli 2026-07-17 145321.png (633 KB)

X-NERA rəsmi təqdimatlarında özünü klassik elan saytlarından fərqləndirir. Bildirilir ki, bu layihə oyun mexanikasından istifadə edən, reklam büdcəsini bonus sisteminə çevirən və istifadəçilərə "NRB" adlı daxili bonus vahidləri hesablayan fərqli bir platformadır. "Reklam artıq xərc deyil, gəlir mənbəyidir" şüarı ilə işləyən bu modelin mərkəzində müxtəlif tarif paketləri dayanır.

photo_6_2026-07-17_14-49-07.jpg (94 KB)

İstifadəçilər fərqli qiymətlərə paketlər alırlar. Bu paketlərin müqabilində onlara müəyyən sayda reklam baxışı (impressions) və loyallıq proqramında iştirak imkanı verilir.

Lakin platformanın öz istifadəçi sazişindəki kiçik detalları oxuduqda maraqlı bir ziddiyyət ortaya çıxır. Qaydalara əsasən, istifadəçi sistemdə iştirak etmək və paket almaq üçün ümumiyyətlə reklam yerləşdirmək məcburiyyətində deyil. Yəni hər hansı bir məhsulu və ya xidməti olmayan sıravi şəxs də sadəcə paket alıb yalnız bonus proqramında iştirak edə bilər. Bu isə fundamental bir sual doğurur: Əgər istifadəçi real olaraq heç bir reklam yerləşdirmirsə, onun aldığı milyonlarla reklam baxışı (impressions) praktikada necə və kimin üçün istifadə olunur?

"6 dəfə artım" vədi və referal məcburiyyəti

Platformanın sənədlərində qeyd olunur ki, hər bir tarif iki səviyyəli moduldan ibarətdir və dövr tamamlandıqda başlanğıc paketinin dəyəri 6 dəfə böyüyür:

  • X-NERA-1: 1 NRB giriş  6 NRB nəticə

  • X-NERA-5: 5 NRB giriş →  30 NRB nəticə

  • X-NERA-10: 10 NRB giriş  60 NRB nəticə

  • X-NERA-100: 100 NRB giriş → 600 NRB nəticə

photo_2_2026-07-17_14-49-07.jpg (59 KB)

Qaydalarda açıq şəkildə yazılır ki, bu səviyyələrin dolma sürəti və gəlirin əldə olunması ümumi istifadəçi axınından və ya istifadəçinin özünün qurduğu şəxsi komandanın fəallığından asılıdır. Digər tərəfdən, sistemdə referal proqramı sadəcə əlavə qazanc vasitəsi deyil, əsas işlək mexanizmdir. Apardığımız sınaq qeydiyyatı zamanı məlum oldu ki, sistemdə "Mentor kodu" (Код наставника) olmadan hesab yaratmaq ümumiyyətlə mümkün deyil. Qeydiyyat forması bu kod olmadan tamamlanmır. Bu fakt sistemin yeni istifadəçilərin cəlb olunması üzərində qurulduğunu təsdiqləyir.

Hüquqi riskləri sığortalamaq üçün sənədlərə "Gəlir zəmanəti verilmir", "NRB real valyuta deyil", "Sistem investisiya xidməti göstərmir" kimi bəndlər əlavə edilib. Yəni sosial şəbəkələrdəki gurultulu reklam dili ilə rəsmi sazişdəki ehtiyatlı, hüquqi məsuliyyətdən qaçan dil kəskin şəkildə fərqlənir.

Reklam platforması, yoxsa boş kateqoriyalar?

photo_19_2026-07-17_14-49-07.jpg (73 KB)

Məsələnin digər tərəfi satılan reklamların real tətbiqidir. Platforma özünü nəhəng reklam xidməti kimi qələmə verir. Məsələn, təkcə "X-NERA-100" paketi alan şəxsə 10 milyon reklam baxışı vəd edilir. Lakin araşdırma apardığımız dövrdə saytın əsas səhifəsində cəmi 14 aktiv elanın yerləşdirildiyini aşkar etdik.

Saytdakı kateqoriyalar üzrə elanların real sayı belə idi:

  • Nəqliyyat, Elektronika, Heyvanlar: 0 elan

  • Daşınmaz əmlak, Xidmətlər: 2 elan

  • Ev və bağ, Hobbi: 1 elan

  • İş elanları, Məhsullar: 4 elan

photo_20_2026-07-17_14-49-07.jpg (36 KB)

Semrush analitik alətlərinin məlumatına görə, 2026-cı ilin iyun ayında x-nera.com saytına təxminən 3,6 min ziyarət qeydə alınıb. Saytın trafiki nisbətən artsa da, elanların sayı demək olar ki, dəyişmir. Əgər real elanların sayı bu qədər məhduddursa, satılan milyonlarla reklam baxışının hansı məzmuna və harada yönləndirildiyi tamamilə qaranlıq qalır.

photo_21_2026-07-17_14-49-07.jpg (47 KB)

Kriptovalyuta depozitləri hara gedir? Blokçeyn analizi

photo_8_2026-07-17_14-49-07.jpg (94 KB)

X-NERA platformasında daxili paketləri almaq üçün ödənişlər yalnız USDT (BNB Smart Chain - BEP-20 şəbəkəsi) vasitəsilə qəbul edilir. Test məqsədilə yaratdığımız iki fərqli istifadəçi hesabına sistem tərəfindən fərqli depozit ünvanları təqdim olundu:

  • Birinci hesab üçün: 0xf7c9234b181ff3bdbe8b0359b433eaab1d21a54a

  • İkinci hesab üçün: 0x592583cb5b798e58211f89cf3b6f3fe336efe78f

photo_24_2026-07-17_14-49-07.jpg (62 KB)

Hər iki halda minimum depozit limitinin 10 USDT olduğu və 0.5 USDT komissiya tutulduğu göstərilirdi. Kriptovalyuta mütəxəssislərinin fikrincə, istifadəçilərə fərdi depozit ünvanlarının verilməsi ödənişlərin avtomatlaşdırılması üçün normal tətbiqdir. Lakin bu ünvanları blokçeyn skanerində (BscScan) yoxladıqda maraqlı vəziyyət ortaya çıxdı. Ünvanlarda hər hansı balans, aktiv tranzaksiya tarixi və ya token hərəkəti qeydə alınmayıb. Bu isə ya ünvanların tamamilə yeni yaradıldığını (hər istifadəçiyə yeni hesab), ya da vəsaitlərin daxil olan kimi xüsusi sistemlərlə dərhal başqa əsas cüzdanlara ötürüldüyünü göstərir.

Ekran şəkli 2026-07-17 150357.png (140 KB)

Ən əsası odur ki, istifadəçi vəsaiti köçürərkən qarşı tərəfin hansı şirkət və ya hüquqi şəxs olduğunu bilmir. Rəsmi ofertada qarşı tərəf kimi yalnız "NERA servisi" göstərilir. Heç bir şirkət adı, vergi nömrəsi, bank rekviziti və ya qeydiyyat ünvanı sənədlərdə əks olunmayıb.

Ekran şəkli 2026-07-17 150544.png (204 KB)

Maneki Neko izi və Seyşeldən Dubaya uzanan əlaqələr

X-NERA-nı təbliğ edən yerli sosial media hesabları onu tez-tez "Maneki Neko" ekosisteminin tərkib hissəsi kimi təqdim edirlər. Maneki Neko ilə bağlı apardığımız araşdırmada iki fərqli hüquqi şəxsin izinə rast gəldik.

photo_10_2026-07-17_14-49-07.jpg (159 KB)

  • Birinci hüquqi şəxs: Sosial şəbəkələrdə "MANEKI NEKO LTD" adına Seyşel adalarında rəsmiləşdirilmiş 237384 qeydiyyat nömrəli, yeganə səhmdarı və direktoru Serhii Kushnir olan sertifikat paylaşılır. Lakin bu sənədin dövlət reyestrindən rəsmi təsdiqini müstəqil şəkildə əldə etmək mümkün olmayıb.

photo_25_2026-07-17_14-49-07.jpg (76 KB)

  • İkinci hüquqi şəxs: Layihənin 2025-ci il tarixli İstifadəçi Sazişində artıq fərqli bir operator – Birləşmiş Ərəb Əmirliklərinin (Dubay) "Dubai Silicon Oasis" azad zonasında 56071 lisenziya nömrəsi ilə qeydiyyatdan keçmiş "MANEKI NEKO CAMPAIGN - FZCO" şirkəti və manekineko.business saytı göstərilir.

    photo_26_2026-07-17_14-49-07.jpg (108 KB)
  • Təqdimat materiallarında layihənin təsisçiləri qismində üç şəxsin adı çəkilir: Sergey Kushnir, Marina Cherkasova və Marina Malina. Maraqlıdır ki, redaksiyamızın sorğusuna cavab verən X-NERA təmsilçisi Maneki Neko-nun təsisçisinin Sergey Kushnir, NERA-nın isə Marina Cherkasova olduğunu bildirmişdi. Lakin daxili sənədlərdə Marina Cherkasova həm də Maneki Neko-nun həmtəsisçisi kimi göstərilir. Eyni şəxslərin hər iki layihədə aparıcı rol oynaması, layihələrin daxili strukturlarının (GameBox, Classifieds, Referral sistemləri) tamamilə eyni olması onların arasında sıx idarəetmə əlaqələrinin mövcudluğunu nümayiş etdirir.

photo_1_2026-07-17_14-49-07.jpg (32 KB)

Beynəlxalq risk siqnalı: Rusiya Mərkəzi Bankının xəbərdarlığı

Araşdırma zamanı ortaya çıxan ən ciddi sənədləşdirilmiş fakt isə Maneki Neko layihəsinin beynəlxalq statusu ilə bağlıdır. Belə ki, layihənin rəsmi saytı olan manekineko.business Rusiya Mərkəzi Bankının "qanunsuz maliyyə fəaliyyəti əlamətləri aşkar edilmiş layihələr" siyahısına (qara siyahıya) daxil edilib.

photo_30_2026-07-17_14-49-07.jpg (112 KB)

Qeyddə layihənin qarşısında rəsmi olaraq "Signs of financial pyramid" (Maliyyə piramidası əlamətləri) yazılıb. Layihə bu siyahıya 16 avqust 2023-cü ildə əlavə edilib, son məlumat yenilənməsi isə 27 mart 2025-ci ildə aparılıb. Qeydiyyatda layihəyə aid çoxsaylı Telegram kanalları və internet resursları da göstərilib. Bu ifşadan sonra saytlar bloklanıb və hazırda işlək deyil.

Ekran şəkli 2026-07-17 152944.png (118 KB)

Ekran şəkli 2026-07-17 153036.png (116 KB)

Hüquqi baxımdan bu xəbərdarlıq birbaşa Maneki Neko-ya aiddir, x-nera.com domeni hələ ki bu siyahıda yer almır. Lakin Azərbaycandakı reklam kampaniyalarında X-NERA-nın məhz bu ekosistemin bir hissəsi kimi təqdim olunması istifadəçilər üçün ciddi ehtiyat siqnalı olmalıdır.

Sosial şəbəkələrdəki paylaşımlar hansı mənzərəni göstərir?

Ekran şəkli 2026-07-17 151326.png (590 KB)

Araşdırma zamanı Azərbaycan seqmentində fəaliyyət göstərən bir sıra sosial media hesablarının paylaşımları da nəzərdən keçirilib.

Paylaşımlarda istifadəçilər "Maneki Neko ilə sən də qazan" kimi çağırışlarla layihəyə qoşulmağa dəvət olunur. Digər paylaşımlarda isə müxtəlif məbləğlərdə ödənişlərin həyata keçirildiyini əks etdirdiyi iddia olunan ekran görüntüləri paylaşılır.

Bu cür görüntülərin həqiqiliyini redaksiya müstəqil şəkildə təsdiqləyə bilməyib. Onların hansı tarixdə, hansı əməliyyat əsasında və hansı istifadəçilərə aid olduğu da məlum deyil.

Elanlarda hansı vədlər verilir?

Ekran şəkli 2026-07-17 151645.png (530 KB)

Araşdırma zamanı Lalafo platformasında Maneki Neko ilə bağlı yerləşdirilmiş bir neçə elan təhlil edilib. Diqqət çəkən məqamlardan biri odur ki, elanlarda istifadə olunan mətnlər demək olar ki, eynidir.

Elanlarda layihə barədə aşağıdakı iddialar yer alır:

  • şirkətin "Avropa standartlarına uyğun fəaliyyət göstərdiyi";
  • "vergi ödəyicisi" olduğu;
  • qeydiyyatdan keçmək üçün birdəfəlik 2 manat ödəniş edilməsinin kifayət etdiyi;
  • bundan sonra isə iki aktiv iştirakçının dəvət edilməsinin tələb olunduğu.

Eyni elanlarda "şirkətin 10 səviyyədən ibarət olduğu", "hər səviyyənin öz qazancı olduğu" və "artan gəlir" vədləri də yer alır. Bu mətnlərin müxtəlif elanlarda eyni formada təkrarlanması onların vahid marketinq materialı əsasında hazırlandığı təəssüratı yaradır. Bununla belə, redaksiya həmin elanların platformanın özü tərəfindən, yoxsa fərdi iştirakçılar tərəfindən yerləşdirildiyini müstəqil şəkildə təsdiqləyə bilməyib. Təsdiq edə bildiyimiz fakt isə Avropa standartlarına uyğun olması və vergi verməsi ilə bağlı iddiların doğru olmamasıdır. 

Xarici ekspert platforması da risklərə diqqət çəkib

Ekran şəkli 2026-07-17 154259.png (536 KB)

Maneki Neko ilə bağlı araşdırmalar təkcə Azərbaycanda aparılmayıb. Layihə müxtəlif ölkələrdə fəaliyyət göstərdiyi üçün xarici ixtisaslaşmış platformalar da onun biznes modelini təhlil edib.

Belə resurslardan biri maliyyə və investisiya layihələrini araşdıran BrokerTribunal portalıdır. Sayt Maneki Neko barədə də ayrıca icmal dərc edib və layihənin iş prinsiplərini təhlil edib.

Ekran şəkli 2026-07-17 154743.png (124 KB)

Məqalədə diqqət çəkən məqamlardan biri odur ki, müəlliflər layihənin təqdim etdiyi modelin əsas elementləri kimi referal sistemini, USDT (BEP-20) vasitəsilə ödənişləri və istifadəçilərə fərdi kriptovalyuta ünvanlarının təqdim edilməsini göstərirlər. Portalın məlumatına görə, hər yeni depozit zamanı istifadəçiyə ayrıca kriptoünvan verilir ki, bu da ödənişlərin fərdi şəkildə izlənilməsi üçün tətbiq olunan texniki həll kimi qiymətləndirilir.

Bu məqam redaksiyanın apardığı araşdırma ilə də üst-üstə düşür. Test məqsədilə yaradılmış iki fərqli X-NERA hesabında sistem iki müxtəlif BEP-20 ünvanı təqdim edib. Bu isə istifadəçilərə fərdi depozit ünvanlarının verildiyini göstərir. Bununla belə, belə mexanizm kriptovalyuta sektorunda yeni deyil və təkbaşına hər hansı qanun pozuntusunun göstəricisi hesab edilə bilməz.

BrokerTribunal araşdırmasında layihənin hüquqi quruluşuna da toxunulur. Məqalədə operator kimi MANEKI NEKO CAMPAIGN – FZCO şirkətinin göstərildiyi, eyni zamanda Rusiya Mərkəzi Bankının manekineko.business domenini "maliyyə piramidası əlamətləri" olan layihələr siyahısına daxil etdiyi xatırladılır. Portal məhz bu və digər amilləri əsas gətirərək layihənin yüksək risk daşıdığı qənaətinə gəldiyini bildirir.

Ekran şəkli 2026-07-17 154551.png (353 KB)

Bununla yanaşı, qeyd etmək vacibdir ki, BrokerTribunal-ın məqaləsi müstəqil analitik resursun qiymətləndirməsidir. Orada yer alan nəticələr dövlət orqanının qərarı və ya məhkəmə hökmü deyil. Buna görə də həmin material yalnız üçüncü tərəfin mövqeyi kimi qiymətləndirilə bilər.

Böyük Britaniya tənzimləyicisi də xəbərdarlıq yayıb

photo_27_2026-07-17_14-49-07.jpg (122 KB)

Araşdırma zamanı məlum olub ki, Maneki Neko ilə əlaqələndirilən digər domenlərdən biri – manekineko.world – Böyük Britaniyanın Maliyyə Davranışına Nəzarət İdarəsinin (FCA) xəbərdarlıq siyahısına da daxil edilib.

2025-ci il fevralın 21-də dərc olunmuş rəsmi xəbərdarlıqda bildirilir ki, həmin platforma FCA-nın icazəsi olmadan maliyyə xidmətləri və ya məhsulları təqdim və ya reklam edə bilər. Qurum Böyük Britaniya istehlakçılarına bu platforma ilə işləməməyi və ehtiyatlı olmağı tövsiyə edir. Sənəddə həmçinin qeyd olunur ki, manekineko.world FCA tərəfindən lisenziyalaşdırılmış şirkət deyil və Böyük Britaniyada fəaliyyət göstərmək səlahiyyətinə malik deyil. Araşdırma zamanı Maneki Neko ilə əlaqəli müxtəlif domenlərin fərqli ölkələrin maliyyə tənzimləyicilərinin diqqətini cəlb etməsi diqqət çəkən məqamlardan biridir.

Azərbaycandakı status və yekun nəticə

Hazırda Azərbaycanda "X-NERA", "NERA" və ya onunla əlaqəli hər hansı rəsmi hüquqi şəxs, filial, nümayəndəlik qeydiyyatı yoxdur. Platformanın ölkədə rəsmi ofisi və ya məsul nümayəndəliyi fəaliyyət göstərmir.

Azərbaycan qanunvericiliyi xarici rəqəmsal şirkətlərin ölkədə fiziki ofis açmadan xidmət göstərməsinə müəyyən çərçivədə icazə verir. Lakin bunun üçün qeyri-rezident statusunda elektron vergi qeydiyyatı və ƏDV öhdəlikləri mövcuddur ki, aparılan yoxlamalarda X-NERA-nın belə bir qeydiyyatının olduğuna dair heç bir rəsmi iz tapılmayıb.

X-NERA kağız üzərində özünü reklam və elan platforması kimi sənədləşdirsə də, real fəaliyyət göstəriciləri (elan sayının cəmi 14 olması, lakin milyonlarla baxış paketlərinin satılması), qeydiyyat formasında referal kodun məcburi olması və vəsait axınının şəffaflığının təmin edilməməsi layihənin klassik maliyyə piramidası strukturlarına bənzədiyini göstərir. Maneki Neko-nun ifşasından sonra platforma rəhbərliyinin yeni adla fəaliyyətə başlaması da şübhə çəkən əsas məqamlardan biridir. İstifadəçi sazişlərində bütün risklərin istifadəçinin üzərinə qoyulması və heç bir gəlir zəmanətinin verilməməsi bu tipli sistemlərə vəsait yatırarkən maksimum dərəcədə ehtiyatlı olmağın vacibliyini sübut edir.

Məhəmməd Türkmən / Musavat.com
Xüsusi araşdırma

Maneki Neko_2.jpg (40 KB)

photo_15_2026-07-17_14-49-07.jpg (109 KB)

photo_14_2026-07-17_14-49-07.jpg (152 KB)

photo_3_2026-07-17_14-49-07.jpg (112 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR