2026-cı il yanvarın 3-ü dünya tarixinə prezidentin oğurlanması kimi nadir hadisə baş vermiş gün olaraq yazıldı. ABŞ xüsusi təyinatlı qüvvələri “Mütləq Qətiyyət” (Absolute Resolve) adlı əməliyyatla Venesuela prezidenti Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi oğurladılar.
ABŞ Maduronun oğurlanmasını narkoterrorizm ittihamları ilə federal məhkəmədə mühakimə etmək məqsədi daşıdığını bəyan edib.
Bu dramatik hadisə mühüm suallar ortaya çıxarır. Bu hadisə hansı beynəlxalq normativ və geosiyasi presedent yaratdı? Eyni yanaşma Rusiya tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyana qarşı tətbiq oluna bilərmi?

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, ABŞ-ın Maduro əməliyyatının xarakteri qeyri-adi güc nümayişi idi:
“Maduronun ələ keçirilməsi yalnız ayrı bir ölkənin prezidentini tutub ölkədən çıxarmaq deyil. Bu, uzunmüddətli kəşfiyyat və planlaşdırma, hərbi üstünlük, sürpriz taktiki sürət nümayişi idi. Beynəlxalq hüquq baxımından bu əməliyyat mübahisəlidir. Artıq bir çox dövlətlər bu hadisəni beynəlxalq səviyyəli adam oğurluğu kimi qiymətləndirib. Buna baxmayaraq, ABŞ baş verənləri narkotrafiklə əlaqəli ittihamlarla əsaslandırmağa çalışır və özünü qanunun keşiyində dayanan güc kimi göstərir.
Bu əməliyyat güclü dövlətlərin zəif ölkələrə qarşı birbaşa hərbi güc tətbiq etməsinin yeni bir indeksidir. ABŞ bunu qanuni əsaslı əməliyyat kimi təqdim etməyə çalışır. Lakin əslində beynəlxalq hüququn qətnaməsi olmadan başqa bir dövlətin rəhbərini götürmək presedent yaratdı. Bu, yalnız Latın Amerikası üçün deyil, qlobal geosiyasət üçün “yeni norma” kimi qiymətləndirilə bilər”.
Bəs Rusiya bu presedentə baxaraq Nikol Paşinyanı hədəfə ala bilərmi?
Siyasi şərhçinin sözlərinə əsasən, bu sualın cavabı sadə deyil:
“İllərdir ki, Rusiya-Ermənistan münasibətlərində gərginlik var və bu gərginlik zaman-zaman daha aydın görünür. Paşinyan hakimiyyətə gəldikdən sonra Moskva ilə münasibətlərdə yalnız müttəfiqlik deyil, daha dərin struktural ziddiyyətlər ortaya çıxdı. Paşinyan Rusiya tərəfindən Ermənistanda hökumətin devrilməsi çağırışları ilə üzləşdiyini bəyan edib. Moskvanın ölkə daxilində narazılığı qızışdırmaq istəyinin olmasını dəfələrlə vurğulayıb. Rusiya informasiya və hibrid müharibə vasitələrindən Paşinyanın nüfuzunu sarsıtmaq üçün istifadə edir. Əslində, bu, açıq şəkildə oğurlamadan çox hibrid təzyiq və sabitliyi pozmaq strategiyasıdır. Rusiya Ermənistanda ictimai rəy, media və siyasi müxalifətlə Paşinyana qarşı oynayır.
ABŞ-ın düzənlədiyi “Maduro modeli”ni Rusiya üçün götürsək, bəzi mühüm fərqlər var. Rusiyanın Ermənistanda, Gümrüdəki 102-ci hərbi bazası və rusiyayönlü əhali dəstəyi var. Lakin indiki halda Rusiya üçün Paşinyanın istefasına səbəb olacaq açıq koalisiya qurmaq asan deyil. Rusiyayönümlü ictimai birləşmələr, təhlükəsizlik gücləri daha parçalanmış vəziyyətdədir. Ermənistan NATO və Avropa ilə inteqrasiya addımlarını atmağa çalışır. Bu, Rusiyanın açıq hərbi güc tətbiqinə mane olur. Birbaşa “Maduro modeli”nə müraciət etmək Moskva üçün çox yüksək qlobal izolyasiya və ciddi rəy itkisi demək olar”.
Siyasi şərhçi deyib ki, ABŞ-ın Maduro əməliyyatı beynəlxalq güc siyasətinin yeni mərhələsinin başlanğıcıdır:
“Əlbəttə ki, Rusiya üçün bu presedent ideya olaraq arzuolunandır. Amma Moskva üçün hərbi müdaxilə və siyasi oğurlama metodlarını birbaşa Paşinyana tətbiq etməsi praktik və siyasi baxımdan çox risklidir. Əvəzində Rusiya artıq informasiya müharibəsi, daxili siyasi sabitliyi pozmaq, ruspərəst elementləri gücləndirmək kimi daha incə, amma davamlı yolları seçib. ABŞ-ın Maduroya qarşı əməliyyatı presedent olaraq göstərir ki, güc istənilən vaxt beynəlxalq hüququn önünə keçə bilər. Lakin gücün tətbiqi regiondan regiona fərqlidir. Rusiya üçün Paşinyanı fiziki şəkildə oğurlamaq hazırkı şəraitdə realist deyil, amma hibrid vasitələrlə onu sarsıtmaq və nüfuzdan salmaq dalğası artıq davam edir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






