İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ - İran müharibəsindən milyardlıq layihəyə ZƏRBƏ

449 21.07.2026 14:20 Dünya A A

İranın daxili işlər naziri İsgəndər Momeni regionda yenidən başlanan müharibə fonunda Pakistana səfər edib. İran nümayəndə heyətinin tərkibinə Sistan və Bəlucistan əyalətinin rəhbərləri də daxil edilib. Mövzu ilə bağlı Musavat.com-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, nümayəndə heyətinə Sistan və Bəlucistan əyalətinin rəhbərlərinin də daxil edilməsi səbəbsiz deyil.

İran-ABŞ müharibəsi: Şübhə və ümid

Politoloqun sözlərinə görə bu, Tehranın sərhəd təhlükəsizliyi ilə bağlı ciddi narahatlığından xəbər verir: "Görünür, Tehran hər iki ölkədəki bir qrup silahlı bəlucun fürsətdən istifadə edərək gərginlik yarada biləcəyindən ehtiyat edir, belə hallad keçmiş illərdə olub. Buna görə də Tehran İslamabadla birgə təhlükənin qarşısını almaq istəyir. Səfərin digər məqsədi Pakistanın vasitəçilik təşəbbüslərini yenidən fəallaşdırmaq imkanlarını öyrənməkdir. Pakistan Qətərlə birgə ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər. Vaşinqton İrana zərbə endirməyi davam etdirməklə atəşkəs razılaşmayacağını göstərib. Tehran isə Hörmüz boğazına nəzarətdən imtina etmək istəmir. Belə olan halda vasitəçilik təşəbbüslərinin uğur qazanacağını söyləmək çətindir".

Elxan Şahinoğlu qeyd edib ki, Pakistanla yanaşı Çində qarşıdurmanın dərhal dayandırılmasına yönəlik çağırışlarını intensivləşdirib: “Çinin xarici işlər naziri Van İ Şanxayda pakistanlı həmkarı İshaq Darla görüşdən sonra bəyanat verərək, tərəfləri sülh danışıqlarını bərpa etməyə çağırıb. Van İ ayrıca, iranlı həmkarı Abbas Əraqçıya zəng edərək, onunla mövcud vəziyyəti müzakirə edib. Çinin narahatlığı aydındır. ABŞ-İran qarşdurması və Yaxın Şərqdə artan gərginlik Çinin enerji idxalıyla yanaşı regional iqtisadi layihələrinə təhlükə yaradıb. Pekinin 2013-cü ildə elan etdiyi və həyata keçirməyə çalışdığı “bir kəmər, bir yol” layihəsinin bir qolu Yaxın Şərqdən keçir. Qlobal ticarət və nəqliyyat əlaqələrinin transformasiyasını əks etdirən “bir kəmər, bir yol” layihəsinin Avropa qolu da Pekinə problemlər yaradıb. Brüssel Çin texnologiyalarının milli təhlükəsizlik və suverenlik üçün yaratdığı riskləri qeyd etsə də, Huawei və Dahua Technologies kimi qara siyahıya alınmış şirkətlər Avropanın qərb sərhədində Balkanlar kimi strateji əhəmiyyətli bölgələrdə texnoloji infrastrukturun inkişafında fəal iştirak etməyə davam edirlər. Çin on ildən çoxdur ki, Balkanlara investisiya qoyur. Ancaq ABŞ-ın müxtəlif texnoloji şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar Avropa ölkələrinin həmin şirkətlərlə əməkdaşlıqlarını davam etdirməsini çətinləşdirib”.

ABŞ Hörmüz boğazı yaxınlığında İran hədəflərini vurdu

Politoloqun sözlərinə görə, bu isə öz növbəsində “bir kəmər, bir yol” layihəsinin Balkanlarda reallaşmasına əlavə çətinliklər yaradıb: “Brüssel Çinin Avropadakı əsas tərəfdaşı Serbiyanı xəbərdar edib. Qərb investisiyası axtaran Balkan şirkətləri Çinin 5G texnologiyasının təhlükəli olduğunu qəbul ediblər. Məhdudiyyətlərə baxmayaraq, Çinin Balkanlara marağı azalmayıb. Eyni ilə Yaxın Şərqdə formalaşan çətinliklər Pekini meqa layihələrdən imtinasına səbəb olmayıb. Pekin “bir kəmər, bir yol” layihəsinin bütün qollarını reallaşdırmağa çalışır. Ancaq Vaşinqtonun müxtəlif bölgələrdə fəallığı artdıqca, bölgədəki müttəfiqləri və tərəfdaşlarıyla ortaq layihələr təsis edərkən, Çinin çətinlikləri artıb”.


Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR