ABŞ Venesuela prezidenti Nikolas Maduronun üç qardaşı oğluna, Venesuela liderinə yaxın olan panamalı iş adamına və neft daşınması ilə məşğul olan altı şirkətə sanksiyalar tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumatı Axios öz mənbələrinə istinadən yayıb. Xəbər agentliyinin məlumatına görə, ABŞ maliyyə naziri Skott Bessent tezliklə yeni məhdudlaşdırıcı tədbirlər elan edəcək. Sanksiyalar neft daşımaq üçün istifadə edilən tankerləri idarə edən altı şirkəti hədəf alır. Bu şirkətlər Marşal adalarında, Britaniya Virgin adalarında və Böyük Britaniyada qeydiyyatdan keçib.
Bundan əlavə, ABŞ administrasiyası Venesueladan dəniz yolu ilə neft daşınmalarına qarşı da əlavə tədbirlər görə bilər.
Ağ Evin mətbuat katibi Kerolin Levittin dediyinə görə, ABŞ administrasiyası iki gün əvvəl Venesuela sahillərində saxlanılan tankeri və onun daşıdığı nefti müsadirə etməyi planlaşdırır: "Gəmi hazırda müsadirə prosesindən keçir. Neftə gəldikdə isə bu, başqa məsələdir. Gəmi ABŞ limanına gedəcək və ABŞ nefti müsadirə etmək niyyətindədir. Lakin bu neftin müsadirə edilməsi üçün hüquqi prosedur mövcuddur və həmin hüquqi prosedur tətbiq olunacaq".
Musavat.com






