Venesuela Prezidenti Nikolas Maduronun və həyat yoldaşının ABŞ-nin Nyu-York şəhərində həbs olunaraq məhkəməyə aparılması, təkcə Venesuela və Latın Amerikasında deyil, həm də dünya miqyasında geniş siyasi əhəmiyyət kəsb edən bir hadisədir.
Maduro bir vaxtlar Rusiya və İranın mühüm müttəfiqlərindən biri hesab olunurdu və onun rejimi xüsusilə Moskva və Tehran tərəfindən iqtisadi və hərbi dəstəklə təmin edilirdi. Ancaq son dövrlərdə bu müttəfiqliklərdəki əlaqələr zəifləməyə başlayıb. Maduronun həbsinə birmənalı təsir edən faktorlar çoxdur: bir tərəfdən, ABŞ-nin Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar və ölkədəki iqtisadi böhran, digər tərəfdən isə Rusiyanın və İranın beynəlxalq arenada öz mövqelərini itirmələri. Rusiya, keçən il Suriyanın prezidenti Bəşər Əsədin və Yaxın Şərqdəki digər müttəfiqlərinin zəifləmiş təsirindən sonra, Venesuela ilə əlaqələrinə daha çox sərmayə qoymuşdu, lakin Maduronun tutulması bu müttəfiqliyin faktiki olaraq sonunu gətirə bilər. Rusiyanın Venesuelaya verdiyi milyardlarla dollar kreditin və ən müasir hərbi texnikanın ABŞ-nin nəzarətinə keçməsi, həmçinin İranın Venesuela ilə olan strateji əlaqələrinin zərbə alması bu hadisəni daha da mühüm edir. Maduro rejiminin dağılması, həmçinin regional geopolitik dəyişikliklərə yol açacaq, çünki Madurodan sonrakı dövr, həm Venesuelada, həm də ümumilikdə Latın Amerikası və Orta Şərqdə yeni müttəfiqliklərin qurulmasına səbəb ola bilər. Son məlumatlara görə, Maduronun həbsinin yalnız onun özünə deyil, həm də Rusiya və İranın regional təsirinə ciddi təsiri olacaqdır. Bu, güclü bir geopolitik gediş olmaqla yanaşı, həm də ABŞ-nin regional hegemonluğunun möhkəmlənməsinə zəmin hazırlayır.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a mövzunu şərh edib. O bildirib ki, “Soyuq müharibə” dövründə tamamilə ABŞ-nin təsiri altında olan Venesuela 1999-cu ildə Hüqo Çavezin hakimiyyətə gəlməsindən ən son hadisələrədək anti-ABŞ blokuna qoşulub və bu çərçivədə Rusiya, Çin və İranla strateji münasibətlər inşa etmişdir:
“Demək olar ki, Karib hövzəsində yerləşən Venesuela ilə İran körfəzində yerləşən İran arasında, başqa sözlə paytaxtları arasında heç birbaşa uçuş belə olmayan bu iki dövlət arasında münasibətlərin təməlində əsasən anti-ABŞ ritorikası, ortaq nifrət dayanıb. Təsadüfi deyil ki, ABŞ əleyhinə nifrət dili ilə ən çox çıxış edən İran Prezidenti Mahmud Əhmədinejadın dövründə münasibətlər ideoloji müttəfiqlik səviyyəsinə yüksəlmişdi. Ötən müddətdə isə bu ölkələrlə münasibətlər, xüsusilə ABŞ və digər Qərb ölkələrinin sanksiyalarından yayınmaq üçün, əsasən, neft, maliyyə, sənaye və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqla gedərək dərinləşib. 2022-ci ildə Venesuela və İran hərtərəfli strateji tərəfdaşlıq sənədi imzalayıb. ABŞ-ın “arxa bağçasında” anti-Qərb blokunun, xüsusilə də İranın güclənməsi təbii ki, Amerikan siyasi elitası üçün qəbuledilməz idi. Bu baxımdan Venesuela Prezidenti Maduronun ABŞ tərəfindən tutulması həm Rusiya, həm də İrana zərbə olaraq dəyərləndirilir. 2024-cü ildə Suriyada baş verən hadisələr, 2026-cı ilin əvvəlində Venesuelada yaşananlar deməyə əsas verir ki, Rusiya və İran müvafiq regionlarda nüfuz və təsir dairələrini gedərək itirir.
Doğrudur ki, Rusiyanın əsas narahatlığı Suriyadakı hərbi bazalarını itirməklə bağlı idi, lakin yeni hökumətlə razılaşma əldə olundu və Rusiyanın Suriyada hərbi varlığı qorundu. Venesuela ilə bağlı vəziyyət isə bir qədər fərqlidir. Belə ki, Rusiyanın Venesuelada hər hansı hərbi bazası yoxdur, lakin enerji, hərbi əməkdaşlıq çərçivəsində mühüm investisiyaları mövcuddur. Belə ki, ötən ilin sonunda yenilənən razılaşmaya əsasən Rusiya 2041-ci ilədək Venesuela neftinin əsas operatoru idi. Başqa ifadə ilə, “Rosneft” dünyanın bir nömrəli neft ehtiyatlarına sahib olan ölkənin enerji sektorunda əsas pay sahibi, həmçinin Venesuelanın silah tədarükündə Rusiya 60-70%-lik mühüm paya sahib idi. Rusiya buradakı yatırımlarının itirlməsindən narahatdır. ABŞ müdaxiləsindən sonra verilən qərara görə sanksiya altında olan 30-50 milyon barel Venesuela nefti ABŞ-a göndəriləcək. 50 milyon barel 7 milyon ton neft ekvivalentindədir. Müqayisə üçün Azərbaycan 2024-cü ildə təqribən 24 milyon ton neft ixrac edib. ABŞ guya bazar qiyməti ilə satın alacağı Venesuela neftindən gəliri bu ölkəyə geri göndərəcək, xalqın rifahına xərclənməsi üçün nəzarət edəcək.
Lakin aydındır ki, məsələ sadəcə olaraq anti-ABŞ blokunda yer alan hakimiyyətlərin ardıcıl şəkildə devrilməsi, onların resurslarının mənimsənilməsi ilə əlaqədardır. Bu, beynəlxalq hüquq normaları baxımından tamamilə qanunsuz bir şəkildə, BMT TŞ qərarı ilə razılaşdırılmayan hərbi müdaxilə yolu ilə olsa belə. İran hakimiyyətinin hazırki ən böyük narahatlığı da buna görədir. Çünki ABŞ-ın 2026-cı ildə devirməyi planlaşdırdığı hakimiyyətlərdən biri də İranın dini hakimiyyətidir. İrandakı etirazların “köpük effekti” ilə şişirilməsi və Xameneyinin Moskvaya qaçış planına dair xəbərlərin Qərb mətbuatına sızdırılması artıq hadisələrin arxa-media fonunun hazırlandığını göstərir. Beləliklə, ABŞ-ın qlobal miqyasda təkbaşına liderliyini bərpa etmək, dünyada hərbi-siyasi və iqtisadi üstünlüyünü nümayiş etdirmək məqsədi özünün 250 illiyinə hazırlanan hədiyyə də adlandırıla bilər. Lakin bunun üçün ABŞ-ın hərbi-siyasi gücünün yetib-yetməyəcəyi sual altındadır çünki dünya artıq çoxdan çoxqütblüdür”.
Nigar HƏSƏNLİ,
Musavat.com






