İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ şantaj taktikasını seçib - Zelenski qısa müddətdə seçim etməlidir

680 17.12.2025 13:59 Gündəm A A

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsinin həlli üçün dekabrın sonunadək vaxt tanıyıb.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Söhbət NATO-nun 5-ci maddəsinə bənzər, ABŞ-ın hərbi və hüquqi öhdəliklərini ehtiva edən zəmanətlərdən gedir.

Bildirilir ki, bu zəmanətlər Konqres vasitəsilə təsdiqlənə və Donald Tramp hakimiyyətdən getdikdən sonra da qüvvədə qala bilər. Məlumata görə, Vaşinqton Kiyevdən Milad bayramına qədər razılaşma əldə etməyi tələb edir. Əks halda, Ukrayna üçün irəli sürülən şərtlər daha sərt ola bilər.

Eyni zamanda Avropada narahatlıq var ki, NATO-ya tamhüquqlu üzvlük olmadan veriləcək bu cür təhlükəsizlik zəmanətləri kifayət qədər güclü olmaya bilər.

Ukrayna Trampın verdiyi zəmanəti qəbul edəcəkmi? Bu təhlükəsizlik zəmanəti Ukraynanın istəklərinə uyğundurmu?

TALİB.jpg (105 KB)

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Tramp ilin sonuna qədər sülh müqaviləsinin razılaşdırılmasına nail olmaq istəyir, 20 bəndlik sənədin 90 faizinin razılaşdırıldığını deyir:

“İki əsas məsələ həll olunmayıb. Birincisi, Donetsk vilayətindən Ukrayna hərbi qüvvələrinin çıxarılması, ikincisi, təhlükəsizlik zəmanəti məsələsi. Zelenski əvvəl qətiyyən hərbi qüvvələrini çıxarmayacağını deyirdi. İndi çıxarmağa hazır olduğunu deyir. Bu şərtlə ki, həmin ərazi heç kimə məxsus olmayan azad iqtisadi zona olsun və orada Rusiya hərbi qüvvələri olmasın. Rusiya da ordu qüvvələrinin olmayacağını deyir, ancaq “Rosqvardiya”nın və polisin həmin ərazidə xidmət göstərəcəyini və azad iqtisadi zonanın da Rusiyaya məxsus olacağını deyir. Bu məsələdə hələlik razılaşma yoxdur. Lakin Tramp təhlükəsizlik zəmanətini bununla əlaqələndirir. Bildirir ki, bunu qəbul etsə, Ukraynaya ən güclü təhlükəsizlik zəmanəti verilə bilər, NATO müqaviləsinin 5-ci maddəsində göstərilən zəmanətdən söhbət gedir.

Beləliklə, əslində Ukraynaya hələ müharibədən öncə istədiyi zəmanət təqdim olunur. Eyni zamanda bu zəmanətin Konqresdə də təsdiqlənəcəyi Tramp tərəfindən bəyan edilir. Əslinə qalsa, bu, Ukraynanın arzuladığı bir şeydir. Ancaq Tramp bunu Donetsk vilayətindən Ukrayna hərbi qüvvələrinin çıxarılması şərtinin yerinə yetirilməsi ilə əlaqələndirir. Bu isə Ukraynanın hələlik qəbul etmədiyi məsələdir”.

Ekspert qeyd edib ki, təhlükəsizlik zəmanəti ilə problemli digər məsələ Avropa dövlətlərinin Ukraynada öz hərbi kontingentini yerləşdirmək istəyidir ki, bunu Rusiya qəbul etmir:

“Güman ki, ABŞ da bu məsələdə Rusiyanın mövqeyindədir. Zelenski belə vəziyyətdə nə qədər dayana biləcək? Nəzərə alsaq ki, Ukrayna NATO üzvü olmaqdan imtina edir, neytrallığını bəyan etməyə hazır olduğunu deyir. Digər bəzi şərtləri də çox güman ki, qəbul edəcək. Çünki ABŞ hakimiyyəti aktiv şəkildə şantaj taktikasını seçib. Volodimir Zelenskiyə çox aktiv təzyiq göstərilir. Zelenski ağır seçim qarşısındadır. Təklif olunan təhlükəsizlik zəmanəti Ukraynanı nə qədər qane edirsə, qarşılığında tələb olunanlar da onu ciddi şəkildə narahat edir. Bu vəziyyətdə Volodimir Zelenski qısa müddətdə seçim etməlidir. Çox güman ki, Zelenski bu şərtləri müəyyən qədər dəyişilmiş formada qəbul edəcək”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR