Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetr qaz tədarükünə dair saziş imzalanıb. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktarın açıqladığı məlumata əsasən saziş Azərbaycanın Abşeron yatağından hasil olunan qazı əhatə edəcək.
Nazir deyib ki, Abşeron yatağından hasil olunan illik 2,25 milyard kubmetr qaz münasib qiymətə 15 il müddətində Türkiyəyə satılacaq. Saziş 2029-cu ildə qüvvəyə minəcək və 2040-cı illərə qədər davam edəcək. Qazın Bakı–Tiflis–Ərzurum boru kəməri ilə nəql olunması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın ikinci ən böyük qaz yatağı olan Abşeron-dan hasilat 2023-cü ilin iyulunda başlayıb. Yatağın işlənməsini ilkin hasilata qədərki dövrdə Fransanın TotalEnerji şirkəti ilə SOCAR birgə həyata keçirib. 2023-cü ilin avqustunda isə Birləşmiş Ərəb Əmirliklərinin ADNOC dövlət enerji şirkəti layihədə 30 faiz paya sahiblənib.
Abşeron yatağının işlənməsi layihəsinin hazırkı birinci mərhələsində ildə 1,5 milyard kubmetr, ikinci mərhələdə isə 5 milyard kubmetr qaz hasil olunması nəzərdə tutulur.
Birinci mərhələ üzrə hasilat başlandıqdan sonra ikinci mərhələ üçün işlərə tezliklə başlanacağı elan edilib, lakin üstündən 2,5 il keçsə də, bu, baş verməyib. Dəfələrlə SOCAR rəsmiləri ikinci mərhələ üzrə qərarın veriləcəyi tarixi elan etsələr də, qərarın qəbulu indiyədək yubanıb. Son olaraq bu addımın 2026-cı ildə atılacağı elan edilib. Türkiyəli nazirin açıqlaması göstərir ki, bu il Abşeron-da tilsim, nəhayət ki, qırıla bilər.
Abşeron yatağı üzrə ikinci mərhələyə sanksiya verilməsi Avropa İttifaqının sərt tələbləri ilə bağlıdır. Belə ki, Avropa Komissiyasının qəbul etdiyi direktivlər Aİ maliyyə qurumlarının qalıq yanacaq – neft, qaz, daş kömür layihələrinin maliyyələşdirməsini qadağan edir. Abşeron-da hasil ediləcək qazın əsasən Avropa bazarı üçün nəzərdə tutulduğunu nəzərə alsaq, maliyyələşmədə Aİ qurumlarının iştirakının vacib olduğunu söyləyə bilərik.
Azərbaycanın dövlət başçısı İlham Əliyev bir neçə gün əvvəl yerli mətbuata verdiyi müsahibədə bu məsələyə toxunub. Onun sözlərinə görə, həcm və coğrafiya baxımından Azərbaycanın qaz ixracı artır: “Biz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etmişik. Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu, bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub. Bu artımın iki mənbəyi var. Birincisi, mən söylədiyim kimi, bərpaolunan enerji. Bərpaolunan enerjimiz nə qədər çox olsa, biz ixrac üçün o qədər çox qaza qənaət edə bilərik. İkincisi, mövcud və yeni yataqlardan yeni hasilat. Bunların arasında biz “Azəri-Çıraq-Günəşli” dərin qaz yatağından yeni hasilat gözləyirik. Bildiyiniz kimi, bu yataqdan çoxlu neft hasil edilir, həmçinin dərində böyük qaz yataqları var. Məhz buna görə onu “dərin qaz yatağı” adlandırırlar. Hasilatın bu il başlanmasını gözləyirik. Biz, həmçinin qarşıdakı illərdə “Şahdəniz”də əlavə həcmdə qaz təmin edəcək yeni mərhələnin başlanmasını gözləyirik, bu, “Şahdəniz Kompressiya” adlanır. Həmçinin “Babək” yatağı var, çox böyük və ümidvericidir, bir sıra şirkətlər investor olmaq istəyir. Sözsüz ki, ölçüsünə görə “Şahdəniz”lə müqayisə oluna biləcək yataq “Abşeron”dur. Hazırda orada birinci mərhələ üzrə hasilat həyata keçirilir ki, biz bunu yerli istehlak üçün əldə edirik. “Abşeron”un ikinci mərhələsi bizə ola bilsin bugünkündən 3 dəfə daha çox qaz təmin edəcək ki, bazarlar üçün daha çox olsun. Bizim qazımız onu artıq əldə edən və həcmi artırmaq istəyən ölkələrə, həmçinin onu hələ əldə etməmiş ölkələrə lazımdır”.
Prezident COP 29 zamanı qalıq yanacaqların hasilatına investisiyalara qadağa qoyulmasına qarşı çıxışını xatırladaraq, indi vəziyyətin dəyişdiyini bildirib: “Bilirəm ki, Avropanın bəzi maliyyə təsisatları əvvəlcə tam qadağan edilən faydalı qazıntılara aid siyasətinə yenidən baxmağa başlayıblar. İndi isə onlar faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini nəzərdən keçirməyə başlayıblar. Aparıcı enerji şirkətləri, sadəcə, əsas tendensiyaya uyğun gedirdi və bəziləri hətta adlarından “neft” sözünü çıxarırdı. İndi isə onlar yenidən faydalı qazıntıya qayıdırlar. Bu, bəlli məsələdir və açığını desək, gülünc idi”.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın Musavat.com-a dediyinə görə, sazişin imzalanması layihənin növbəti mərhələsinə başlamaq üçün yekun investisiya qərarının 2026-cı ildə verilməsi ehtimalını artırır:
“Baxmayaraq ki, əvvəllər bunun ötən il verilməsi planlaşdırılırdı. Ona görə də çətindir hazırda demək ki, bu məsələ cari ilin I rübündə, ya IV rübündə baş tutacaq. Amma çıxarılacaq qazın alqı-satqısına dair böyük bir sazişin imzalanması onu deməyə əsas verir ki, bu müddət uzaqda deyil. Abşeron qazının ikinci mərhələsinin işlənməsi ilə ilk qazın 2029-cu ildə çıxarılması qrafiki hələ dəyişməyib. Bu, ona əsas verir ki, layihə iştirakçıları təqribən 5 milyard kubmetrədək qazın çıxarılması üçün hazırlıq işlərinin sürətini azaltmayıblar. Belə görünür ki, artıq problemləri həll ediblər. Problem isə qazın nəql infrastrukturu üzrə yekun qərarın uzanmasıydı. Amma Bayraktarın açıqlamasından məlum olur ki, o həllini tapıb və qaz Bakı-Tiflis-Ərzurum boru xətti ilə BOTAS-a təhvil veriləcək”.
Qeyd edək ki, Azərbaycan qazını Avropaya çatdıran TAP boru kəmərinin genişləndirilməsi üzrə ilkin mərhələ başa çatıb. Kəmərin sahibi olan TAP AG şirkətindən verilən məlumata görə, yanvarın 1-dən etibarən kəmərin illik ötürücülük gücü 1.2 milyard kubmetr artırılıb. Bildirilib ki, TAP kəmərinin genişləndirilməsi layihəsinin bir hissəsi olaraq ilkin mərhələdə Türkiyə ilə Yunanıstan sərhədi yaxınlığındakı Aleksandrupoli ərazisində yerləşən Kipoi Kompressor Stansiyasında 2024-cü ilin yanvar ayında başlayan genişləndirmə işləri vaxtından əvvəl - büdcə üzrə, təhlükəsiz və davam edən qaz axınlarına heç bir fasilə vermədən başa çatdırılıb.
Dünya SAKİT,
Musavat.com






