Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Beynəlxalq Könüllülər Günü günü münasibətilə təşkil olunan görüşdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən olan gənclərlə bir araya gələrək könüllülük fəaliyyətinin mahiyyəti, əhəmiyyəti və dövlət tərəfindən ona göstərilən dəstək barədə ətraflı danışıb. Görüşdə könüllülük fəaliyyətinin dövlətçilik kontekstində əhəmiyyəti, müasir siyasi-ictimai proseslərdə yaratdığı imkanlar və cəmiyyətin inkişafına verdiyi töhfələr barədə geniş müzakirələr aparılıb. Tədbirdə Azərbaycanda könüllülük institutunun təşəkkül tapmasından bu günədək keçdiyi yol gənclərin diqqətinə çatdırılıb, onların bu prosesdə oynadığı rolu yüksək qiymətləndirilib.
Sədr Adəm İsmayıl Bakuvi çıxışında dünyada könüllülüyün inkişaf tarixindən bəhs edərək bildirib ki, könüllülük fenomeni XX əsrin ortalarında qlobal miqyasda sürətlə yayılmağa başlasa da, Azərbaycanda bu institut müstəqillikdən sonra yeni ideoloji çalar qazanıb. O xatırladıb ki, Azərbaycanda könüllülük fəaliyyətinin hüquqi əsasları 2009-cu ildə qəbul edilən “Könüllülük fəaliyyəti haqqında” Qanunla rəsmiləşib və bu addım ölkədə vətəndaş cəmiyyəti ənənələrinin genişlənməsinə möhkəm hüquqi-dövlətçilik təməli yaradıb: “Ölkədə könüllülüyün sistemli hərəkat kimi formalaşması məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən idarəetmə modelində özünə geniş yer alıb. “ASAN xidmət”in yaradılması təkcə xidmət sektorunda inqilab deyil, həm də könüllülük mədəniyyətinin dövlət səviyyəsində inkişafına verilən ən böyük dəstək olub.
Könüllülük – dövlət siyasətinin daha çevik icrasına imkan verir
Sədr Adəm İsmayıl Bakuvi qeyd edib ki, dövlət səviyyəsində göstərilən dəstək sayəsində “ASAN Könüllüləri” ölkənin ən böyük və ən güclü könüllü təşkilatına çevrilib: “Bu gün on minlərlə gənc ASAN modelində dövlətə xidmət etməyi öyrənir və əsl vətəndaş məsuliyyətinə sahib olur. Cənab Prezidentin gənclərə göstərdiyi xüsusi diqqət və etimad könüllülük mədəniyyətinin təməlinə çevrilib”.
Görüş zamanı nazirliklərin və digər dövlət qurumlarının nəzdində fəaliyyət göstərən könüllü proqramlarının da dövlətçilik baxımından əhəmiyyətindən söz açılıb. Sədr Adəm İsmayıl Bakuvi bildirib ki, müxtəlif nazirliklərdə könüllülər dövlət siyasətinin daha çevik icrasına, ictimai xidmətlərin əlçatanlığının artırılmasına, maarifləndirici kampaniyaların həyata keçirilməsinə, həmçinin sosial dövlət modelinin möhkəmlənməsinə mühüm töhfə verir. O qeyd edib: “Könüllülük təkcə insanlara yardım etmək deyil, həm də dövlət institutlarının fəaliyyətinə ictimai dəstək mədəniyyətinin güclənməsidir. Bu hərəkat dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır.”
Siyasi partiyalarda könüllülüyün formalaşması – nə üçün vacibdir?
Görüşün vacib mövzularından biri siyasi partiyalarda könüllülük institutunun formalaşması olub. Vəhdət Partiyasının sədri vurğulayıb ki, siyasi könüllülük demokratik dəyərlərin təşviqi, sağlam siyasi mədəniyyətin formalaşması və gənclərin ideoloji proseslərə könüllü şəkildə cəlb edilməsi baxımından mühüm rol oynayır. “Siyasi könüllü olmaq gəncin hökmən partiya üzvü olması demək deyil. Bu, onun ideyasına, prinsiplərinə könüllü dəstək verməsidir. Bu proses yeni siyasi düşüncə yaradır və gələcəyin liderlərinin yetişməsi üçün zəmin hazırlayır,” – deyə o bildirib.
Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi könüllülüyün ailə institutundakı rolundan da danışıb. Onun sözlərinə görə, ailədə paylaşma, yardımlaşma, bir-birinə könüllü dəstək göstərmə kimi davranışlar cəmiyyətdə sosial məsuliyyət mədəniyyətinin formalaşmasına təsir göstərir. O əlavə edib ki, gənc nəslin həm ailədə, həm də cəmiyyətdə bu dəyərlərlə böyüməsi Azərbaycanın gələcək sosial modelinin möhkəm təməllərini qurur.
Görüşün interaktiv hissəsində gənclər geniş müzakirələr apararaq müxtəlif suallar səsləndiriblər. Onları xüsusilə könüllülük fəaliyyəti üçün regionlarda yeni təşəbbüslərin yaradılması, könüllülərin fəaliyyətinin stimullaşdırılması, siyasi könüllülüyün hüquqi çərçivəsi və ASAN könüllülərinin xarici ölkələrdə həyata keçirdiyi layihələr maraqlandırıb.
“Azərbaycan gəncliyi - bu gün dövlətin ən böyük intellektual və sosial resursudur”
Gənclər həmçinin siyasi partiyaların gənclərlə kommunikasiya modelləri və partiya daxilində yeni könüllü təşəbbüslərinin yaradılması ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. Partiya sədri Adəm İsmayıl Bakuvi bütün suallara ətraflı cavablandıraraq Azərbaycan gəncliyinin bu gün dövlətin ən böyük intellektual və sosial resursu olduğunu qeyd edib: “Könüllü fəaliyyəti isə ölkəmizin inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Bu istiqamətdə fəal olan gənclər Azərbaycanın dövlətçilik dayaqlarından biridir və onların sosial məsuliyyət hissi ölkənin inkişaf strategiyasının ayrılmaz hissəsidir”.
Görüşün sonunda gənclər regionlarda könüllülüyün genişləndirilməsi, sosial layihələrin icrası və dövlət qurumlarının könüllü proqramlarında iştirakla bağlı sual və təkliflərini səsləndiriblər. Qeyd olunub ki, bu təşəbbüslər Azərbaycan gəncliyinin ictimai proseslərə daha fəal qoşulmasına imkan verəcək.






