Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusif Azərbaycan Prezidentinin xüsusi elçisi Elçin Əmirbəyovu qəbul edib.
Musavat.com xəbər verir ki, görüş zamanı səfir Elçin Əmirbəyov Prezident İlham Əliyevin məktubunu, həmçinin 2026-cı ilin may ayında Bakıda keçiriləcək Dünya Şəhər Forumunun 13-cü Sessiyasına və Liderlər Zirvəsinə rəsmi dəvətnaməni təqdim edib.
Tərəflər Afrika Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Strateji əlaqələrin dərinləşməsi üçün yeni çərçivə sazişinin hazırlanması da gündəmdə olub.
Mahmud Əli Yusif Azərbaycanda rəqəmsal innovasiya, dövlət xidmətlərinin transformasiyası, ticarətin asanlaşdırılması və qabaqcıl əlaqə texnologiyaları sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. O, bu sahələrin Afrikanın inkişaf prioritetləri və Afrika Birliyinin islahat gündəliyi ilə uzlaşdığını vurğulayıb.
Elçin Əmirbəyov isə Azərbaycanın Afrika qitəsində artan iştirakını bir daha təsdiqləyib, Afrikanın böyük potensialını qeyd edib və Mahmud Əli Yusifin rəhbərliyini yüksək dəyərləndirib. O, Azərbaycanın Afrika İttifaqı Komissiyası ilə əməkdaşlığa tam hazır olduğunu bildirib.
Musavat.com






