İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdə sülh razılaşmasının beş ayı - həll edilməyən dörd məsələ

1048 14.01.2026 10:22 Ölkə A A

“Hudson İnstitute” beyin mərkəzinin analitiki qarşıdakı dövrdə hansı proseslər gözlənildiyini proqnozlaşdırmağa çalışıb 

“Azərbaycan və Ermənistan liderləri 2025-ci ilin avqust ayında Vaşinqtonda prezident Trampın iştirakı ilə sülh müqaviləsini ratifikasiya etmək və münasibətləri normallaşdırmaq öhdəliyini ehtiva edən saziş imzalayıblar. Ratifikasiya prosesinin təxminən 12 ay çəkəcəyi güman edilirdi. Lakin bu müddətin demək olar ki, yarısı keçsə də, ciddi irəliləyiş əldə olunmayıb və bir sıra əsas məsələlər həllini tapmayıb. Dörd əsas məsələ bu fürsətin reallaşıb-reallaşdırılmamasını müəyyən edəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bu fikirləri amerikalı analitik, “Hudson İnstitute” beyin mərkəzinin aparıcı tədqiqatçısı Luke Coffey “Arab News” üçün yazdığı məqaləsində bildirib.

Müəllifin fikrincə, Ermənistanın iyun ayında keçiriləcək parlament seçkilərinə hazırlaşdığı bir vaxtda ilk sınaq baş nazir Nikol Paşinyanın siyasi sabitliyi qoruyub saxlaya bilməsi olacaq. “Seçkilər böyük ehtimalla mübahisəli keçəcək və seçkidən sonrakı siyasi sabitlik sülh prosesinin irəliləməsi üçün kritik rol oynayacaq”, - deyə analitik qeyd edib.

Luke Coffeyin sözlərinə görə, Ermənistan Konstitusiyası ilə bağlı həssas, lakin son dərəcə vacib məsələ də sülh müqaviləsinin ratifikasiyası baxımından mühüm əhəmiyyət daşıyır. “Azərbaycan açıq şəkildə bildirib ki, Bakı yekun sülh sazişini ratifikasiya etməzdən əvvəl bu məsələ həll olunmalıdır”, - deyə analitik Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına işarə edib.

Amerikalı analitik növbəti problem kimi “Tramp marşrutu”nu göstərib. “Rəsmi şəkildə razılaşma əldə edilsə də, onun həyata keçirilməsi üçün indiyədək heç bir əməli addım atılmayıb. Tikinti işlərinə başlanmayıb, avtomobil və dəmir yolu xətləri çəkilməyib, mövcud infrastruktur təmir olunmayıb”, - deyə Coffey vurğulayıb.

Luke Coffeyin fikrincə, digər mühüm məsələ Ermənistan seçkiləri ərəfəsində Rusiya və İranın İrəvana artan təzyiqləridir. “Nə Moskva, nə də Tehran Vaşinqtonun sülh prosesində vasitəçilik rolunu alqışlayır. Hər iki ölkə Cənubi Qafqazı öz ənənəvi təsir dairələrinin bir hissəsi hesab edir. Bu baxımdan status-kvonun qorunub saxlanılması həm Moskvanın, həm də Tehranın maraqlarına uyğundur”, - deyə analitik bildirib.

Maraqlıdır, qarşıdakı dövrdə hansı proseslər gözlənilir? Rusiyanın artan aqressiyası, İrandakı gərgin daxili vəziyyət, Ermənistandakı seçkiqabağı konfrontasiya və Kremlin İrəvanla münasibətlərindəki soyuqluq razılaşmaların icrasına mane ola bilərmi? Ermənistanın müxtəlif bəhanələrlə öhdəliklərini yerinə yetirməkdən yayınması mümkündürmü?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, nə Rusiya, nə də İran Vaşinqton razılaşması çərçivəsində Zəngəzur dəhlizinin açılmasında və regionda dayanıqlı sülhün formalaşmasında maraqlıdır: “Onların Ermənistanın baş naziri ilə bağlı narazılıqlarının kökündə də məhz bu dayanır, yoxsa Paşinyanın Qərblə əlaqələri deyil. Əksinə, Qərb dairələrinin Ermənistana müsbət münasibətindən həm Rusiya, həm də İran sanksiyalardan yayınmaq və digər məsələlərdə müəyyən qədər faydalanıblar. Paşinyana qarşı real narazılıq məhz 8 avqust Vaşinqton anlaşmasından sonra açıq şəkildə üzə çıxıb.

Vaşinqtonda əldə olunan razılaşmalardan biri - Zəngəzur dəhlizinin açılmasından imtinanın Ermənistan üçün nə demək olduğu Prezident İlham Əliyev tərəfindən açıq şəkildə izah edilib. Bu, faktiki olaraq özünəqəsd deməkdir. Digər öhdəlik - Azərbaycana qarşı ərazi iddialarından təkcə sözlə deyil, əməli şəkildə, yəni konstitusiyada bu müddəanın ləğvi yolu ilə imtina etməmək də eyni məntiqə xidmət edir. Əks halda, Paşinyanın “Real Ermənistan” ideyası “mifik Ermənistan”a çevrilir".

Deputat qeyd edib ki, Ermənistan rəhbərliyinin hansısa təzyiqlər altında bu cür addımlardan imtina edəcəyini düşünmür. Bununla belə, Paşinyana qarşı mümkün sui-qəsd təhlükəsinin də istisna edilmədiyini bildirib və əlavə edib ki, bunun qarşısını almaq üçün Qərb və Ermənistanın müvafiq strukturları birgə fəaliyyət göstərir.

Sahib Alıyev vurğulayıb ki, Azərbaycan da regionda sülh gündəliyinə zərər verəcək vəziyyətin yaranmaması üçün zəruri addımlar atır: “Hazırda elə bir regional reallıq formalaşdırılır ki, Ermənistanın başında kim dayanırsa-dayansın, Paşinyanın siyasətinə bənzər xətt yürütməkdən başqa alternativi qalmır. Əks yol isə yenə özünəqəsddir. Azərbaycan Ermənistanı sülh gündəliyindən yayındıracaq xarici təzyiqlərdən qorumaq üçün həm simmetrik, həm də asimmetrik addımlar atır. Bunlardan biri də Ermənistana neft məhsullarının satışının birdəfəlik jestdən davamlı ticarət əlaqəsinə çevrilməsidir”.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bildirib ki, Luke Coffeyin qeyd etdiyi dörd əsas maneə Vaşinqton sazişinin icrasının hələ də regional və daxili siyasi faktorların təsiri altında olduğunu göstərir.

Onun sözlərinə görə, Ermənistanda gözlənilən parlament seçkiləri sülh prosesini faktiki olaraq “girov” vəziyyətinə salır. Paşinyan hakimiyyəti konstitusiya dəyişikliyi kimi taleyüklü addımları seçkiqabağı etirazlardan çəkinərək ləngidir. Azərbaycan üçün isə Ermənistan Konstitusiyasında əks olunan ərazi iddialarının ləğvi gələcəkdə revanşizmin qarşısını alacaq əsas təhlükəsizlik təminatıdır.

Tural İsmayılov qeyd edib ki, “Tramp marşrutu”nun - Zəngəzur dəhlizinin reallaşmaması tərəflər arasında kommunikasiyaların açılması ilə bağlı texniki və suverenlik məsələlərində ciddi fikir ayrılıqlarının qalmaqda olduğunu göstərir. Onun fikrincə, Rusiya və İranın maraqları bu nöqtədə üst-üstə düşür: Hər iki ölkə ABŞ-nin Cənubi Qafqazda artan vasitəçilik rolunu öz strateji maraqlarına təhlükə kimi görür və status-kvonun qorunması üçün İrəvana müxtəlif rıçaqlarla təzyiq göstərir. Moskvanın artan aqressiyası və İrandakı qeyri-müəyyənlik regionda sülhün deyil, idarə olunan qeyri-sabitliyin saxlanmasına xidmət edir. Bu isə Ermənistanın öhdəliklərini yerinə yetirməkdən yayınması üçün münbit şərait yaradır.

STM nümayəndəsi hesab edir ki, qarşıdakı dövrdə əsas proseslər İrəvandakı siyasi konfrontasiyanın dərinliyi və Bakının bu ləngimələrə verəcəyi diplomatik cavablar üzərində cəmləşəcək.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR