Zamin Hacı
Bir nəfər seyid var, adını çəkmək istəmirəm, deyir hökumət mənim məhərrəmlikdə mərsiyə oxumağımı qadağan edibdir. Açığı, mən nə mərsiyə xoşlayıram, nə bu seyidi, nə də sayın hökumətimizi, ancaq qərar müəyyən dərəcədə xoşuma gəldi. Çünki yazdığım kimi, bu tipdən zəndeyi-zəhləm gedir, başqa yöndən, ağlaşma qurmağın, özü də 1600 il keçəndən sonra, hansısa mənası olduğunu zənn etmirəm. Bu temada Sabir yüz il qabaq çox gözəl yazıbdır: “Ağladıqca kişi qeyrətsiz olur, Necə ki, ağladı İran oldu”.Hərçənd, indi bu beyti bəzi iranpərəst mollalarımıza desən, deyərlər niyə ki, İran lap qeyrətli ölkədir, o boyda ABŞ-ın qabağından yemədi, axıracan güləşdilər, Hörmüzdən neft yerinə, yalan olmasın, qan axırdı. Bu tema mənasız mübahisələrə yol açır, ekspertlər demişkən.
Digər tərəfdən, azadlıq aşiqi olduğum üçün (Nemət Pənahlı yoqaya keçib təpəsi üstündə gəzəndən bəri bu titulu şəxsən mənimsəmişəm) müəyyən fikirlərə daldım, hansısa qadağanı bəyənməyimi bəyənmədim.Doğrudan da, kimin, harda mərsiyə oxumağı lazımdır ki, hökumət tərəfindən tənzimlənməsin. Ümumiyyətlə hökumət oxumaq işinə də qarışırsa, bunun yaxşı hal olduğunu söyləmək mümkün olmur. (Yəni mən hər bir halda çalışıram sayın hökumətimizin qərar və qanunlarını dəstəkləyim, sadəcə, bu dəfə çətindir - əlaqədar orqanlar nəzərə alsınlar). İndiki halda mərsiyə oxuyana senzura qoyulması isə lap absurd çıxır.
Bəlkə bu adam və onun kontingenti həqiqətən, ürəkdən ağlaşmaq istəyirlər, heç burada hansısa xarici təsirlər yoxdur? (Hökumət qadağan edəndə izahat verməyib, zənnimi, ehtimalımı yazıram). Məsələn, mən özüm dükan-bazara çıxanda ağlaşmaq istəyirəm, çünki inflyasiya axırıncı qəpiklərimizi yeyib, üstündən şərab içməkdədir.İşin, türkün sözü, ilginc tərəfi isə budur ki, mahnı senzurası artıq bütün sferaları əhatə etməkdədir.
Beş-on gün qabaq məktəblilər məzun günü keçirirdilər, mən bu tədbirlərin birini yaxından müşahidə elədim və birdən ağlıma gəldi ki, nədənsə burada ancaq milli marşlar, mahnılar-filan oxuyur, hoppanıb-düşürlər. Aşağı-yuxarı həmin repertuarı bilirsiniz: “Yaşa, Azərbaycan”, “Azəri toprağı”, nə bilim, ən sülhpərvər halda Məşədi İbadın mahnısı və sairə. Yəni, bizim uşaqların məktəbdən məzun olmağı təxminən Türkiyə futbol komandasının dünya çempionatına getməyinə oxşayırdı, sanarsan müharibəyə gedirlər. Bircə dron və qumbara atışları çatışmırdı. Uzun sözün qısası, məzun törənində bir dənə də xarici mahnı yox idi. Bunun səbəbiylə maraqlandım, sən demə təhsilə başçılıq edən yoldaşlardan məktəblərə qeyri-rəsmi (bəlkə də rəsmi) göstəriş verilibmiş ki, belə bayramlarda xarici musiqilər olmasın.
Əslində, bəlkə də mahiyyətcə düzgün addımdır, yəqin, misal üçün, Kolorado ştatında məzun olan uşaqlar törəndə “Bakılı balasıyam” mahnısına oynamırlar, o zaman biz niyə Maykl Ceksona oynayaq? (Mən köhnə adamam, təzələri tanımıram – Z.H.). Hərçənd, indi yadıma düşdü ki, biz məzun olanda uşaqlar “Vesna” maqnitofonunda bir neçə saat “Cimi, Cimi”, “Şeri, şeri, ledi”, canım sənə desin, “Laskovıy may” qrupunu mələtmişdilər.
Ancaq bu cür işləri də administrativ üsulla həll ediriksə, nəsə düz getmir axı. Mahnı, musiqi, o cümlədən, mərsiyə-filan proseslərini zorakılıqla tənzimləsən, axırda heç kim oxumayacaq. Ya da quyu başında, gizlicə oxuyacaqlar, sonra orda qarğı bitəcək və sairə. Güman edirəm, o əhvalatı ta hamınız bilirsiniz.
P.S. Amma hökumət də qayıdıb mənə desə ki, bunlara ağlaşmağa izn versək, axırda hamımızı ağladarlar – bu da insafən yalan olmaz. Şəraiti dəyişin, ağlaşma səbəbi azalsın.






