İnsanlara hürriyət, millətlərə istiqlal!

İran dost və düşmənini tanıdı – bundan sonra anti-Azərbaycan çevrələr sus(durul)acaqmı?

646 25.06.2026 21:53 Ölkə A A

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafın Azərbaycana səfəri zamanı həm ölkə Prezidenti, həm də Milli Məclisin sədri ilə keçirdiyi görüşlərdə, o cümlədən iştirak etdiyi beynəlxalq tədbirdə İran - Azərbaycan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb oldu.

Məhəmməd Baqir Qalibaf İranın çətin günlərində Prezident İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Qonaq, eyni zamanda, İranın ölkəmizdəki səfirliyinə gələrək, İran İslam Respublikasının ali rəhbəri ayətullah Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsinə, həmçinin ayətullah Müctəba Xameneiyə İran İslam Respublikasının ali rəhbəri vəzifəsinə seçilməsi münasibətilə göndərdiyi təbrik məktubuna görə dövlətimizin başçısına təşəkkür edib.

“Son bir il ərzində Azərbaycan və İran arasında əlaqələrdə daha böyük inkişaf müşahidə olunur, xüsusilə iki ölkənin prezidentləri arasında müntəzəm təmaslar var”. Bunu isə M.Qalibaf Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib. O, müharibə dövründə Azərbaycan dövləti və xalqının atdığı addımlara, göstərdiyi humanitar yardımlara görə minnətdarlığını bildirib və bunların İran xalqı üçün çox dəyərli olduğunu vurğulayıb. Məhəmməd Baqir Qalibaf qeyd edib ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda, dost ölkə kimi Azərbaycan İranın yanında olub.

Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin üzvlərindən biri Azərbaycan əleyhinə yersiz ittihamlar səsləndirmişdi. Bu kimi çıxışlar isə münasibətlərə xələl gətirir. Maraqlıdır, İran parlamentinin sədrinin münasibətlərimizlə bağlı səsləndirdiyi fikirlərdən, İranın dostu ilə düşmənini ayırdığını söyləməsindən sonra İranda yenə də düşmənçilik toxumu səpənləri görəcəyikmi? Yaxud bundan sonra anti-Azərbaycan çevrələr susacaq, yaxud susdurulacaqlarmı?

elxan-sahinoglu.jpg (26 KB)

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında öncə bildirdi ki, İran parlamentinin sədri Bakıda keçirilən tədbirdə Azərbaycanla bağlı müsbət fikirlər səsləndirdi: “Əlbəttə, biz də İranla münasibətlərimizin yaxşı olmasını, ortaq layihələrin reallaşdırılmasını istəyirik. Elə Qalibaf özü də etiraf etdi ki, müharibə dövründə Azərbaycanın dəstəyini hiss ediblər. Amma burada bir sual yaranır: əgər Azərbaycanın dəstəyini hiss ediblərsə və Azərbaycandan heç bir narazılıqları yoxdursa, əksinə, Azərbaycanın siyasətini müsbət qiymətləndirirlərsə, bəs Naxçıvan bölgəsinə atılan üç dron məsələsi nə idi? Bu hadisə ilə bağlı indiyədək heç bir izahat verilməyib”.

E.Şahinoğlu Azərbaycan dövlətinin sülh və əməkdaşlıq tərəfdarı olduğunu vurğuladı: “Əlbəttə, biz münasibətlərin gərginləşməsinə qarşıyıq və parlament sədrinin sözlərinə də inanmaq istəyərdik. Eyni məzmunlu açıqlamaları İran prezidenti Məsud Pezeşkian da verir. Amma çox təəssüf ki, İranda bəzi din xadimləri, generallar və mühafizəkar dairələrə aid şəxslər, eləcə də onlara yaxın media orqanları Azərbaycan əleyhinə açıqlamalar verir, müxtəlif fikirlər səsləndirir və yazılar dərc edirlər”.

Politoloq belə bir halı qəbuledilməz saydığını qeyd etdi: “Əlbəttə, biz İranın parlament sədrinin və prezidentin dediklərinə inanmaq istəyərdik, bunlar rəsmi şəxslərdir. Azərbaycan Prezidenti İlham Əliyev də əvvəllər qeyd edib ki, biz İranın rəsmi şəxslərinin açıqlamalarına diqqət yetiririk. Amma məsələ ondadır ki, mühafizəkar dairələr də müəyyən statusa malikdir və onlar Azərbaycan əleyhinə açıqlamalar verəndə, parlament sədri və prezident kimi rəsmi şəxslər də gərək onların ağızlarının üstündən vursunlar, buna münasibət bildirsinlər. Əks halda, bu cür ziddiyyətlər münasibətlərdə suallar yaradır. Amma bütün hallarda Azərbaycan İranla münasibətlərinin yaxşı olmasını, əməkdaşlığın inkişaf etməsini istəyir və bölgədə müharibənin tərəfdarı deyil”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR