"Euronews" telekanalının yaydığı məlumata görə, Avropa İttifaqında (Aİ) qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın fəaliyyətindən narazılıq sürətlə artmaqdadır.
Musavat.com xəbər verir ki, Avropa diplomatik dairələrində hesab edirlər ki, kəskin tənqidlərlə üzləşən Kallas dəstəyini tamamilə itirmək üçün əlindən gələni edir.
Estoniyanın keçmiş baş naziri olan xanım diplomat həmçinin blok daxilində müttəfiqlik əlaqələri qura bilməməkdə ittiham olunur. Kallası tənqid edənlərin fikrincə, o, özünü bütün Avropanın baş diplomatı kimi yox, hələ də Estoniyanın baş naziri kimi aparır. Bundan əlavə, Kaya Kallas İttifaqa üzv olan 27 ölkənin ümumi konsensusundan kənara çıxmaqda, rəsmi mövqedən tamamilə fərqli olan öz şəxsi mülahizələrini bütün Avropa İttifaqının adından səsləndirməkdə və bu iddiaları irəli sürməkdə günahlandırılır.
Bu ciddi narazılıqların Aİ rəhbərliyində böyük bir siyasi böhrana yol açacağı gözlənilir.
Musavat.com






