Almaniyada ictimai rəy miqrasiya siyasətinin kəskin sərtləşdirilməsinin lehinə formalaşıb.
Musavat.com xəbər verir ki, YouGov institutunun keçirdiyi rəy sorğusuna görə, respondentlərin 53 faizi miqrantların qəbulunun azaldılmasını tam şəkildə dəstəkləyir. Daha 23 faiz isə daxili işlər naziri Aleksandr Dobrindtin irəli sürdüyü miqrasiya kursunu ümumilikdə doğru hesab edir.
Beləliklə, sorğuda iştirak edənlərin dörddə üçündən çoxu Almaniyanın miqrasiya siyasətində “sərt dönüşü” dəstəkləmiş olur. Yalnız 15 faiz bu kursa qarşı çıxıb, 9 faiz isə mövqe bildirməyib.
Araşdırma göstərir ki, miqrasiyanın məhdudlaşdırılmasına dəstək xüsusilə sağ-populist “Almaniya üçün Alternativ” (AfD) partiyasının tərəfdarları arasında çox yüksəkdir. Ən zəif dəstək isə Sol Partiya və “Yaşıllar”ın elektoratı arasında qeydə alınıb. Bundan əlavə, yaşlı nəsil miqrant axınının azaldılmasını gənclərə nisbətən daha qətiyyətlə müdafiə edir.
Rəsmi statistika da ictimai ovqatın dəyişdiyini təsdiqləyir: 2025-ci ilin yanvar–noyabr aylarında Almaniyada sığınacaq üçün müraciətlərin sayı 51 faiz azalaraq, 100 mindən bir qədər çox səviyyəsində qeydə alınıb.
Musavat.com






