Sosial şəbəkələrdə Azərbaycan kinosunun tanınmış simalarından biri, Əməkdar artist Qafar Həqqinin məzarının görüntüləri yayılıb. Yasamal qəbiristanlığında dəfn olunan sənətkarın məzarı ilə bağlı paylaşımlar kinosevərlərin diqqətini çəkib və bir daha onun sənət yolunu gündəmə gətirib.
Musavat.com xəbər verir ki, Azərbaycan kinematoqrafiyasında əsasən epizodik, lakin yaddaqalan obrazları ilə seçilən Qafar Həqqi 1908-ci ildə Ərdəbildə anadan olub.
Əsl adı Qafar Məhərrəm oğlu Qasımzadə olan sənətkar yaradıcılığında "Həqqi" təxəllüsündən istifadə edib. Məlumata görə, onun soyadı Qasımzadə olsa da, tamaşaçılar onu daha çox Qafar Həqqi kimi tanıyıblar.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru olan Qafar Həqqi uzun illər səhnədə fəaliyyət göstərib. O, Azərbaycan kino tarixinin klassik ekran əsərlərində yaratdığı müxtəlif obrazlarla yadda qalıb. Tamaşaçılar onu xüsusilə "O olmasın, bu olsun" filmindəki Kərbəlayi Nəsir, "Bizim küçə" filmindəki ofisiant, "Gözlə məni" filmindəki Sərxan, "Arşın mal alan" filmindəki aşpaz, eləcə də "Səbuhi" filmindəki əzadar obrazları ilə xatırlayırlar.
Maraqlıdır ki, Azərbaycan teatr və kino sənətində iz qoymasına baxmayaraq, Qafar Həqqi haqqında internet resurslarında olduqca məhdud məlumat mövcuddur. Onun həyat və yaradıcılığı barədə geniş araşdırmaların, xatirələrin və bioqrafik materialların azlığı sənətkarın irsinin yetərincə öyrənilmədiyini göstərir.
1992-ci il martın 22-də Bakıda vəfat edən aktyor 84 yaşında dünyasını dəyişib. Buna baxmayaraq, onun yaratdığı obrazlar Azərbaycan kino salnaməsinin ayrılmaz hissəsi olaraq qalır.


Şahanə Rəhimli,
Musavat.com






