Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət təltiflərindən məhrum edilib.
Musavat.com xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Sadır Japarov müvafiq fərmanı imzalayıb. Fərman Bişkek şəhərinin Pervomaysk rayon məhkəməsi tərəfindən 3 iyun 2025-ci il tarixində çıxarılmış hökmün icrası çərçivəsində verilib.
Fərmana əsasən, Atambayev Qırğızıstan Respublikasının ən yüksək fəxri adı olan “Qırğız Respublikasının Qəhrəmanı”, II dərəcəli “Manas” ordeni, “Danaker” ordeni və “Dank” medalı ilə bağlı hüquqlarını itirib.
Xatırladaq ki, 3 iyun 2025-ci ildə Bişkekin Pervomaysk rayon məhkəməsi Almazbek Atambayevi qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib və əmlakının müsadirəsinə hökm çıxarıb. Həmin iş üzrə prezident administrasiyasının sabiq rəhbəri Farid Niyazov və keçmiş deputat Ravşan Jeenbekov hər biri 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.
Hadisələrin əsası 7–8 avqust 2019-cu ildə Bişkek yaxınlığındakı Koy-Taş kəndində baş verən toqquşmalara gedib çıxır. Həmin vaxt Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin “Alfa” xüsusi təyinatlı dəstəsi Atambayevi saxlamaya cəhd göstərib. Bu cəhd onun tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurmaya çevrilib. Nəticədə bir xüsusi təyinatlı əməkdaş həlak olub, altı nəfər isə müvəqqəti olaraq girov götürülüb. Ümumilikdə 225 nəfər, o cümlədən Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları xəsarət alıb.
Almazbek Atambayev 2011–2017-ci illərdə Qırğızıstan prezidenti vəzifəsini tutub. O, 2019-cu ilin iyun ayında toxunulmazlıqdan məhrum edilib və barəsində bir neçə cinayət işi başlanıb. 23 iyun 2020-ci ildə o, kriminal avtoritet Aziz Batukayevin 2013-cü ildə qanunsuz azadlığa buraxılması işi üzrə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Sonradan Atambayev bəzi ittihamlar üzrə - vəzifə səlahiyyətlərindən sui-istifadə, korrupsiya və 2020-ci ilin oktyabr hadisələri ilə bağlı kütləvi iğtişaşların təşkili maddələri üzrə bəraət alıb. İş yenidən açılmış hallar üzrə baxılmaq üçün məhkəməyə qaytarılıb.
Məhkəmə qərarı ilə Atambayevin müalicə məqsədilə ölkəni tərk etməsinə icazə verilib. O, 14 fevral 2023-cü ildə azadlığa buraxılıb və növbəti gün Qırğızıstanı tərk edib.
Musavat.com






