“Mən Avropa Birliyinin TRIPP layihəsində iştirak edib-etməyəcəyi ilə bağlı konkret nəsə deyə bilmərəm. Çünki bu layihəni adından da göründüyü kimi, ABŞ reallaşdırmalıdır. Amma aydındır ki, TRIPP Orta dəhlizin bir hissəsidir və əgər onun Naxçıvan üzərindən davamı çəkilməzsə, böyük oyunçular üçün heç bir cəlbediciliyi qalmır”.
Bu fikirləri Musavat.com-a açıqlamasında deputat Sahib Alıyev deyib.

Milli Məclis üzvü Brüsselin Zəngəzur dəhlizinə marağından bəhs edərkən bildirib ki, Avropa Birliyi bizim regionda Orta dəhlizin məhz Naxçıvandan keçən hissəsinə diqqət göstərir:
“Bu ilin əvvəlində Azərbaycan və Avropa İttifaqı “Global Gateway” layihəsi çərçivəsində Naxçıvan ərazisindən yeni kommunikasiyaların çəkilməsi haqda razılığa gəliblər. Yeni kommunikasiyaların ona görə deyirəm ki, burada söhbət təkcə modernləşdiriləcək və yeni xətlərlə uzadılacaq dəmir yolundan getmir. Bu layihə həm də enerji və rəqəmsal bağlantıları özündə cəmləşdirir. Hazırda layihənin texniki-iqtisadi əsaslandırması üzərində iş gedir”.
Sahib Alıyev qeyd edib ki, bu iş başa çatandan sonra ikinci mərhələyə keçiləcək, yəni investisiya danışıqlarına başlanacaq:
“Mən hər iki mərhələnin uğurla başa çatacağı düşüncəsindəyəm. Çünki gec də olsa Avropada da bu layihənin onlar üçün nə qədər önəmli olduğunu dərk ediblər. Eyni zamanda nikbinliyimi gücləndirən faktlardan biri də Avropa İttifaqındakı söz sahiblərindın biri İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloninin dünən Bakıda dedikləridir. Xanım Meloni enerji və bağlantıları bir medalın iki üzü adlandıraraq Azərbaycanın Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirməsində maraqlı olduqlarını açıqladı ki, bu da öz növbəsində Zəngəzur dəhlizi və Naxçıvan layihəsinə dəstək deməkdir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Avropa İttifaqının Orta Dəhliz layihəsinə maraq göstərməsi təbiidir:
“Çünki Avropa İttifaqı Rusiyadan yan keçən nəqliyyat vasitəsilə Çin və Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələri qurmuş olacaq. Bundan başqa, Avropa İttifaqı Türkiyə üzərindən Cənubi Qafqaza çıxış imkanı qazanacaq. Digər tərəfdən, Brüssel ABŞ-nin Cənubi Qafqazda artan rolunu izləyir və bu prosesdə Vaşinqtonda geri qalmaq istəmir. Avropa İttifaqı Naxçıvan ərazisində dəmiryolunun bərpasına da maraq göstərir. Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı Rusiya ilə nəqliyyat əlaqələrini məhdudlaşdırıb. Bu səbəbdən Çin öz məhsullarını Rusiyadan keçən dəmiryolu üzərindən Avropaya daşıya bilmir. Çin ticarət gəmiləri ilə idxal-ixrac əməliyyatlarını həyata keçirir. Ancaq dəniz yolları uzun olduğundan bu, məhsulların qiymətinə təsir edir”.
E.Şahinoğlunun sözlərinə görə, Orta Dəhliz layihəsi Çinin maraqlarına cavab versə də, Pekin layihəyə kifayət qədər dəstək vermir:
“Görünür, Pekin “Tramp yolu”nun Orta Dəhlizin tərkib hissəsi olmasından narahatdır. ABŞ Çinin siyasi və iqtisadi zəmində əsas rəqibidir. Yəqin Pekində hesab edirlər ki, ABŞ Ermənistan üzərindən “Tramp yolu”na nəzarət edərsə, bu Çinin maraqlarına zidd olacaq. Halbuki, ABŞ “Tramp yolu”na nəzarət etməyəcək, sadəcə ABŞ da Avropa kimi bu yolla Mərkəzi Asiya zənginliklərini daşımaqda maraqlıdır. Avropa İttifaqı “Tramp yolu” vasitəsilə Mərkəzi Asiyanın nadir torpaq elementlərini nəql etməyi planlaşdırır”.
E.Paşasoy,
Musavat.com






