Almaniyada Avropanın hava təhlükəsizliyi üçün həlledici sayılan “Arrow 3” raketdən müdafiə sistemi üzərində naməlum pilotsuz uçuş aparatları aşkar edilib.
Musavat.com xəbər verir ki, insident sistemin rəsmi istismara verilməsinə cəmi iki gün qalmış qeydə alınıb.
Məlumata görə, hadisə Annaburq aviabazası ərazisində, “Arrow 3”ün radiolokasiya qurğularının yerləşdiyi zonada baş verib. Üç naməlum dron təxminən 100 metr hündürlükdə uçub. Siqnal alındıqdan dərhal sonra Almaniya ordusunun Bundesver sürətli reaksiya bölmələri əraziyə cəlb edilib.
Hərbçilər dronları G27P avtomat silahları ilə zərərsizləşdirməyə cəhd göstərsələr də, PUA-ları vurmaq mümkün olmayıb. Almaniyanın hərbi əks-kəşfiyyatı və hərbi polisi insidenti “qəsdən həyata keçirilmiş casusluq aktı” kimi qiymətləndirib.
Qeyd olunur ki, “Arrow 3” sistemi “European Sky Shield Initiative” çərçivəsində satın alınıb və Avropa hava məkanını ballistik raketlərdən qorumaq üçün nəzərdə tutulub. Sistem o cümlədən Rusiyanın “Oreşnik” tipli ballistik raketlərini atmosferdən kənarda məhv etmək imkanına malikdir.
Musavat.com






