İşğal edilmiş Krımın Aluşta şəhərində hücumlar və elektrik enerjisinin uzun müddət verilməməsi səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Musavat.com xəbər verir ki, Rusiya mediasının məlumatına görə, bu barədə qondarma şəhər administrasiyasının rəhbəri Qalina Oqneva açıqlama verib.
Qərar fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, eləcə də yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə komissiyanın iclasında qəbul olunub.
“Krımenerqo”nun Aluşta filialının məlumatına əsasən, şəhərdə istehlakçıların əksəriyyəti iki gündən artıqdır elektrik enerjisiz qalıb. Yalnız Solneçnoqorskoye, Rıbaçye, Maloreçenskoye, Lesnoye və Generalskoye yaşayış məntəqələrində elektrik təchizatı davam edir.
Elektrik enerjisinin verilməməsindən zərər çəkən abonentlərin siyahısı Krım üzrə Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə, həmçinin Əmək və Sosial Müdafiə Nazirliyinə göndərilib.
İyulun 27-dən etibarən sakinlər dəymiş ziyanla bağlı ərizələrini “Gosuslugi” portalı vasitəsilə təqdim edə biləcəklər. Bundan başqa, Aluştada müraciətlərin qəbulu üçün əlavə məntəqələrin yaradılması planlaşdırılır.
Yerli hakimiyyət sakinləri yalnız rəsmi və yoxlanılmış məlumatlara etibar etməyə çağırıb.
Bundan əvvəl Krımın cənubunda həyata keçirilən hücumlardan sonra elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranmış, bir neçə yaşayış məntəqəsi uzun müddət işıqsız qalmışdı.
Musavat.com






