Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Rusiyada başqa ad altında yaşadığı və ailəsinin milyonlarla dollarlıq sərvət topladığı məlum olub.
Musavat.com xəbər verir ki, “Telebachennya Toronto” jurnalistlərinin araşdırmasına əsasən, Yanukoviç vətəndaş nikahında yaşadığı Lyubov Sadıkova ilə birlikdə Soçidə məskunlaşıb və “Oleq Leonov” adından istifadə edir.
Araşdırmada bildirilir ki, bu nəticəyə Yanukoviçin doğum tarixi və anasının qızlıq soyadı ilə bağlı məlumatların üst-üstə düşməsi əsasında gəlinib.
Məlumata görə, Sadıkovanın adına 370 hektardan çox torpaq sahəsi və ümumi sahəsi 2400 kvadratmetrdən artıq olan ev və mənzillər, o cümlədən Moskvada yerləşən daşınmaz əmlak rəsmiləşdirilib. O, torpaq icarəsi və əmlak satışından on milyonlarla rubl gəlir əldə edib. Halbuki rəsmi sənədlərdə onun aylıq təxminən 50 min rubl maaş alan menecer kimi çalışdığı göstərilir.
Araşdırmada həmçinin qeyd olunur ki, Yanukoviçin oğlu Aleksandr Rusiyada “Sokolov” soyadı ilə yaşayır və Rusiya güc strukturları ilə əlaqələndirilir. Ailə üzvlərinin hesablarında milyonlarla dollar vəsait aşkar edilib, bəzilərinin isə BƏƏ vətəndaşlığı olduğu müəyyənləşdirilib.
Musavat.com






