İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ordusu Qəzzaya niyə getmir?  

785 15.12.2025 17:01 Siyasət A A

 

Son günlər Azərbaycanın sülhməramlılarının Qəzzaya göndərilməsi ilə bağlı məsələ müzakirə olunur. Bir neçə gün öncə isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəzzaya sülhməramlıların göndərilməsi barədə təkliflərə münasibət bildirib.

Nazir təsdiqləyib ki, Azərbaycan beynəlxalq stabilləşdirici qüvvələr kimi ora dəvət alıb.

"Dəvət edilən ilk ölkələrdən biri olmuşuq. ABŞ-dən bizə dəvət gələndə açıqlaması bu oldu ki, Azərbaycan nadir ölkələrdəndir ki, bütün region ölkələri ilə yaxşı əlaqəsi var və neytraldır. Bu baxımdan, orada iştirak etmək üçün önəmli ölkədir", - Ceyhun Bayramov qeyd edub.

Onun sözlərinə görə, Azərbaycanın sülhməramlı göndərəcəyi hələlik dəqiq deyil. "Bu istiqamətdə tərəfimizdən qaldırılan sualların hamısının cavabı olmadığı üçün Azərbaycan heyətinin iştirakı dəqiq deyil", - deyə nazir vurğulayıb.

Bəs Azərbaycan ordusu Qəzzaya niyə getmir?

Onu da əlavə edək ki, qanunvericiliyə görə, Prezident sülhyaratma missiyasını hər hansı ölkəyə göndərməzdən əvvəl qərarın təsdiqini Milli Məclisə göndərir. Bu qərar Milli Məclisdə təsdiq edildikdən sonra qüvvəyə minir. Eləcə də missiyanın geri çağırılması və ya qalma müddətinin uzadılmasına da Milli Məclisin razılığı mütləqdir.

Mövzu ilə bağlı millət vəkili Elşad Musayev Musavat.com-a danışıb:

“Azərbaycan məsələsinin Qəzzaya getməsi mövzusu hazırda gündəmdədir. Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Lakin böyük ehtimalla hələ konkret detallar tam şəkildə razılaşdırılmadığı üçün bu istiqamətdə real addımlar atılmır və prosesin irəliləməsi mümkün olmur.

Biz Azərbaycan olaraq ordumuzun Qəzzada ölkəmizi təmsil etməsinin tərəfdarıyıq. Azərbaycan ümumilikdə beynəlxalq koalisiyalardan kənarda qalmamalıdır. Hesab edirəm ki, Azərbaycan Ordusu sülhməramlı missiya çərçivəsində Qəzzada ölkəmizi ləyaqətlə və yüksək peşəkarlıqla təmsil edə bilər.

Qeyd edim ki, ilk növbədə İsrail və Fələstin arasında yekun sülh razılaşması, ən azı sabit və etibarlı atəşkəs əldə olunmalıdır. Bu məsələdə qarant ölkələr, iri güclər və beynəlxalq aktorlar mövcuddur və onlar öz mövqelərini açıq şəkildə bildirməlidirlər. Yalnız bundan sonra müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın bu prosesdə təmsil olunması məsələsi gündəmə gələ bilər.

Hazırda əsas problemlərdən biri təhlükəsizlik məsələsidir. Qarşı tərəflərin bir-birinə münasibəti, bölgədəki ümumi vəziyyət hələ tam həll olunmayıb. Qəzzada silahlı dəstələr mövcuddur və bu məsələ də ayrıca şəkildə aradan qaldırılmalıdır. Təhlükəsizlik məsələsi bizim üçün son dərəcə önəmlidir. Biz bir əsgərimizin belə burnunun qanamasına razı ola bilmərik”.

Xalidə Gəray

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR