İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Rumıniya prokurorluqları əməkdaşlığı gücləndirir - FOTOLAR

480 24.11.2025 19:15 Gündəm A A

Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 24 noyabrda Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Rumıniya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişafı, prokurorluq orqanları arasında əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Baş prokuror Kamran Əliyev qarşı tərəfə dəvətə görə təşəkkürünü bildirib, Avropa məkanında Rumıniya ilə Azərbaycan əlaqələrinin dərin tarixi, mədəni və dostluq ənənələrinə söykəndiyini vurğulayıb və ölkələr arasında münasibətlərin qarşılıqlı faydalı və səmərəli olduğunu qeyd edib.

Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan söz açıb, cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın vacib rolunu qeyd edib.

O, 2024-cü ilin oktyabr ayında Aleks Florentsanın Bakıya səfərini xatırladaraq, səfər zamanı imzalanmış Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumunun hüquqi əməkdaşlığın möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Baş prokuror Rumıniyaya səfərini iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirib və qarşı tərəfi Azərbaycana rəsmi səfərə dəvət edib.

Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa qonaqları salamlayaraq, Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, iki ölkənin prokurorluq orqanları arasında münasibətlər, təcrübə mübadiləsi və Avropa Şurası ilə BMT müvafiq qurumları çərçivəsində əməkdaşlıq barədə danışıb.

Görüş zamanı qonaqlara Rumıniya prokurorluq orqanlarının fəaliyyəti barədə ətraflı məlumat təqdim olunub və tərəflər hüquqi sahədə əməkdaşlıq üzrə fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR