Futbol üzrə Dünya Çempionatı-2026-nın başlamasına 3 gün qalır. İndiyə qədər dəfələrlə şahidlik edilib ki, hər mundial öz qəhrəmanlarını, öz faciələrini və ən əsası, öz sürprizlərini yaradır.
Musavat.com-un xəbərinə əsasən, 1954-cü ildə Macarıstanın məğlubiyyəti, 1990-cı ildə Kamerunun yürüşü, 2002-ci ildə Türkiyənin və Cənubi Koreyanın yarımfinala qədər irəliləməsi, 2018-ci ildə Xorvatiyanın finala çıxması, 2022-ci ildə isə Mərakeşin Afrika futbolunun tarixini dəyişən yarımfinal uğuru bir daha göstərdi ki, Dünya Çempionatı təkcə favoritlərin turniri deyil.

Əksinə, futbol tarixinin ən yaddaqalan hekayələri çox vaxt gözlənilməyən qəhrəmanlar tərəfindən yazılır.
DÇ-2026 isə bu baxımdan daha fərqli görünür. İlk dəfə 48 ölkənin iştirak edəcəyi mundial yeni imkanlar yaradacaq. Turnirin genişlənmiş formatı böyük komandalarla orta səviyyəli millilər arasındakı məsafəni müəyyən qədər azaldır. Artıq qrup mərhələsini keçmək üçün əvvəlki qədər yüksək səviyyə tələb olunmur. Bu isə sürprizlərin sayını artırır və bir neçə komandanın gözlənilmədən yarımfinal, hətta finala qədər irəliləməsi ehtimalını yüksəldir.
Hazırda futbol ictimaiyyətinin əsas diqqəti Argentina, Fransa, İngiltərə, İspaniya, Almaniya və Braziliya kimi nəhənglərə yönəlib. Amma bəzi ölkələrlə bağlı da suallar meydana çıxıb. Məsələn, Mərakeş. Son çempionatda yarımfinala qədər irəliləməyi bacarmışdılar və artıq özünü sübut etmiş komandadırlar. Afrikalılar bu dəfə sürpriz deyil, ciddi iddiaçı statusunda meydana çıxırlar. Bununla belə, onların yenidən böyük sensasiya yaratmaq potensialı qalır. Şimali Amerikadakı böyük mərakeş diasporu və oturuşmuş heyət komandaya əlavə üstünlük verir.
İndi necə? Mərakeş nağılı yenə başlayacaqmı? Ümumiyyətlə, hansı komanda bütün hesablamaları alt-üst edəcək? Hansı futbolçu dünya səhnəsində yeni superulduza çevriləcək?
Məhz bu suallar ətrafında aparılan təhlillərdə bir neçə milli komandanın adı xüsusilə ön plana çıxır. Ən çox diqqət çəkən milli Norveçdir. Son 28 ildə ilk dəfə Dünya Çempionatına vəsiqə qazanan skandinavlar artıq təkcə Erlinq Haalandın komandası deyil. Martin Ödeqard, Antonio Nusa, Aleksander Sörlot kimi futbolçuların yaratdığı nəsil bir çox mütəxəssis tərəfindən turnirin əsas "qaranlıq atı" hesab olunur. Haaland seçmə mərhələdə 8 oyunda 16 qol vuraraq komandasını mundiala daşıyan əsas fiqur olub.

Norveç ətrafında yaranan gözləntilər təsadüfi deyil. Beynəlxalq futbol nəşrlərinin əksəriyyəti bu komandanı 2026 mundialının əsas sürpriz namizədi kimi göstərir. Etiraf etmək lazımdır ki, Haaland kimi dünya səviyyəli bombardirin olduğu kollektiv istənilən pley-off matçında favoritləri sıradan çıxara bilər.
Digər maraqlı namizəd isə Yaponiyadır. Son iki dünya çempionatında Almaniya və İspaniya kimi nəhəngləri məğlub edən "Mavi Samuraylar" artıq sürpriz komanda deyil, sistemli şəkildə inkişaf edən futbol layihəsidir. Bir sözlə, 2026-cı il Yaponiyanın tarixində ilk dəfə yarımfinala yüksələ biləcəyi turnir ola bilər. Komandanın əsas üstünlüyü fərdi ulduzlardan çox kollektiv futbol nümayiş etdirməsidir.
Fərdi performanslara gəlincə, mundialın ən çox parlayacaq futbolçuları arasında ilk növbədə Arda Gülərin adı çəkilir. "Real Madrid"də qazandığı təcrübədən sonra Türkiyə millisinin əsas liderinə çevrilən gənc yarımmüdafiəçi bu Dünya Çempionatında özünü qlobal superulduz kimi təqdim edə bilər. Türkiyə millisinin heyətində onunla yanaşı, Kenan Yıldız da yeni nəslin ən böyük ümidlərindən sayılır.

Mundialın ən böyük kəşfi Antonio Nusa ola bilər. Norveç millisinin gənc cinah oyunçusu artıq Avropa futbolunda diqqət mərkəzinə düşüb. Haaland və Ödeqardın kölgəsində qalsa da, məhz belə turnirlər yeni qəhrəmanlar yaradır. 2026 Nusanın dünya futboluna təqdim olunduğu il ola bilər. Dünya çempionatları tarixən göstərib ki, kuboku adətən favoritlər qazanır, amma turnirin yadda qalan hekayələrini çox vaxt sürpriz komandalar yazır. 2026-cı ildə də əsas intriqa Ronaldo, Messi, Mbappe və ya Bellinqhemdən çox, Haalandın Norveçinin nə qədər uzağa gedəcəyi, Yaponiyanın yeni Mərakeşə çevrilib-çevrilməyəcəyi və Arda Gülərin dünya futbolunun yeni simalarından biri olub-olmayacağı ilə bağlıdır.

Bəlkə də gələcəkdə Dünya Çempionatı-2026 xatırlananda çempiondan çox, futbol dünyasını heyrətləndirən həmin sürpriz komandanın adı yada düşəcək...
Cavanşir ABBASLI
Musavat.com






