Paşinyan hakimiyyətinin seçki qələbəsi ABŞ, Azərbaycan və Ermənistanın ortaq reallaşdırmaq, Rusiyanın isə bloklamaq niyyətində olduğu TRİPP layihəsinin önünü tamamilə açmış oldu... Rəsmi İrəvan bu istiqamətdə prinsipial addımlar atarsa, bütövlükdə Cənubi Qafqazda yeni geopolitik, geostrateji və geoiqtisadi mərhələ başlaya, baş nazir Nikol Paşinyanın da dediyi kimi, region “Sovet – Rusiya bataqlığı”ndan xilas ola bilər...
Ermınistanda növbəti parlament seçkiləri tarixə çevrildi. Ona görə də, indi onun nəticələri və Ermənistanın müasir tarixinə necə təsir göstərəcəyi daha çox maraq doğurur. Çünki bu dəfə keçirilən seçkilər yalnız yeni hakimiyyəti müəyyən etməyərək, həm də Ermənistan üçün dolayısı ilə “siyasi-ideoloji referendum” xarakteri daşıyırdı. Və bu baxımdan, artıq seçkilərin nəticələri məlum olduğundan, həmin dolayısı “referendum”un yaratdığı situasiya da tədricən aydınlaşmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Ermənistan uğrunda ABŞ və Qərbin Rusiya ilə mübarizəsi artıq qarşıdurma mərhələsinə keçməkdəydi. Kreml nəyin bahasına olursa-olsun, Ermənistana nəzarəti qorumaqla, ABŞ və Qərbin Cənubi Qafqaza yerləşmək imkanlarını bloklamağa çalışırdı. ABŞ və Qərb isə Rusiyadan uzaqlaşma siyasəti yürüdən Ermənistanda öz təsir mexanizmlərini yaratmaq cəhdləri ilə Kremli Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq niyyətini biruzə verirdi. Və bu baxımdan, bu qarşıdurmada qalibi də böyük ölçüdə məhz Ermənistanda keçirilən parlamant seçkilərinin nəticələri müəyyən edəcəkdi.

Məsələ ondadır ki, Kreml Ermənistanda Qərbə yaxınlaşma siyasəti yürüdən Paşinyan hakimiyyətini dəyişmək üçün Rusiyanın emissarını – erməni milyarder Samvel Karapetyanı bu ölkəyə göndərmişdi. Onun seçkidə qalib gəlməsinə dəstək verməsi üçün isə Rusiyanın Ermənistandakı agentira şəbəkəsi aktiv vəziyyətə gətrilmişdi. ABŞ və Qərbi isə bu seçkilərdə yalnız Paşinyan hakimiyyəti və onun tərəfdarları təmsil edirdi. Və artıq son nəticələrə görə, Paşinyan hakimiyyəti seçkilərdə 50 fazidən bir qədər çox səs toplayaraq, qələbəni təmin edib, parlamentdə 61 deputat yeri ilə üstünlük qazanıb.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinin bu həlledici siyasi qələbəsində bir neçə istiqamət üzrə önəmli faktorların birbaşa rolu oldu. Birincisi, baş nazir Nikol Paşinyan parlament seçkilərinə xeyli əvvəldən qeyri-rəsmi şəkildə start vermişdi. Belə ki, Rusiyanın əsas dayaqlarından biri olan erməni kilsəsini sarsıdıcı zərbələrə məruz qoyaraq, ciddi şəkildə zəiflətməyə nail olmuşdu. Eyni zamanda, hərbi cinayətkarlar Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi “Qarabağ klanı”nı da keçmiş fəaliyyətlə bağlı ifşa edərək, erməni toplumunun əsas qınaq obyektinə çevirməyi bacarmışdı. Və bütün bunlar – Rusiyaya bağlı əsas təxribatçı rəqiblərin sıradan çıxarılması Paşinyan hakimiyyətinin seçki qələbəsində böyük önəm daşımış oldu.
Digər tərəfdən, ABŞ və Qərbin Rusiya ilə Ermənistanda açıq qarşıdurmaya qərar verməsi də Paşinyan hakimiyyəti üçün həlledici siyasi dəstək faktoruna çevrildi. Belə ki, ABŞ-ın TRİPP layihəsinə dəstək verməsi Paşinyan hakimiyyəti üçün geniş təbliğat məkanı açdı. Rusiyanın bloklamağa çalışdığı bu layihənin Ermənistan üçün gələcək inkişaf perspektivləri açması barədə təbliğat erməni toplumunda pozitiv reaksiya doğurdu. Və seçkiyə cəmisi bir həftə qalmış Ağ Evin dövlət katibi Marko Rubionu İrəvana göndərməsi isə Ermənistan cəmiyyəti üçün Paşinyan hakimiyyətinin qələbəsinin önəmi ilə bağlı ciddi mesaj xarakter daşıyırdı.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin seçki qələbəsində Rusiyanın da birbaşa təsiri olmamış deyil. Belə ki, Kremlin son davranışları məhz Paşinyan hakimiyyətinin 25 faizə qədər enmiş reytinqini yenidən yüksəltdi. Rusiya Ermənistanda keçirilən növbəti parlament seçkilərinə münasibətdə ciddi taktiki səhvlər buraxdı. Çünki Kreml əvvəlcə öz emissarını xüsusi təlimatlandıraraq, Ermənistana göndərməklə, Paşinyan hakimiyyətini dəyişə biləcəyinə ümid bəsləyirdi. Və ən böyük səhv də məhz bu ümidlərə arxayın olaraq, Ermənistandakı siyasi proseslərə müdaxilə üçün ən uyğun zamanın əldən verilməsiydi.
Məsələ ondadır ki, Kreml seçkilərə çox qısa müddət qalmış Ermənistana qarşı iqtisadi təzyiq mexanizmlərini işə saldı. Nəticədə bu təzyiq mexanizmləri bumeranq effekti verdi və Paşinyan hakimiyyətinə dəstəyin artmasına səbəb oldu. Çünki baş nazir Nikol Paşinyan çevik davranaraq, Rusiya bazarlarının qapadılmasına alternativ olaraq, Avropa Birliyindən analoji güzəştlər qopartmağa nail oldu. Bu isə öz növbəsində Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətini Qərbə yaxınlaşma siyasi kursuna dəstəyi artırdı. Halbuki, Kreml iqtisadi təzyiqlərə daha erkən başlamış olsaydı, Ermənistan vətəndaşlarının üzləşə biləcəkləri sosial problemlər Paşinyan hakimiyyətinin səs potensialını ciddi şəkildə azaldardı.
Göründüyü kimi, ABŞ və Qərbin açıq dəstəyi, Rusiyanın isə kobud təzyiq cəhdləri Paşinyan hakimiyyətinin seçki qələbəsində xüsusi rol oynamış oldu. Bu isə o deməkdir ki, həm ABŞ və Qərb, həm də Rusiya Paşinyan hakimiyyətinin siyasi maraqların xidmət etmiş kimi davrandılar. Nəticədə Ermənistanda ABŞ və Qərb qalib, Rusiya isə məğlub durumuna düşdü. Və indi bu, Paşinyan hakimiyyətinin xarici siyasət kursunu, eləcə də, Cənubi Qafqazda geopolitik proseslərin inkişaf istiqamətlərini təyin edə biləcək önəmli faktordur.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti bundan sonra da Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma siyasətini eynilə davam etdirmək şansı qazanıb. Eyni zamanda, baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdlərinin də davam edəcəyi qətiyyən şübhə doğurmur. Böyük ehtimalla Paşinyan hakimiyyəti yaxın aylarda Ermənistan konstitusiyasını dəyişmək niyyətini də reallaşdıra bilər. Və bu haldasa, həm Azərbaycanla yekun sülh sazişinin imzalanması, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması qarşısında demək olar ki, elə bir ciddi problem qalmayacaq.
Nəhayət, Paşinyan hakimiyyətinin seçki qələbəsi ABŞ, Azərbaycan və Ermənistanın ortaq reallaşdıracaqları TRİPP layihəsinin də önünü açmış oldu. Rəsmi İrəvan bu istiqamətdə prinsipial addımlar atarsa, bütövlükdə Cənubi Qafqazda yeni geopolitik, geostrateji və geoiqtisadi mərhələ başlaya bilər. Və bu isə Ermənistan baş naziri Nikol Paşinyanın da dediyi kimi, Cənubi Qafqazın “Sovet – Rusiya bataqlığı”ndan xilas olması üçün münbit şərait yaratmış olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu







