İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya Ermənistan seçkilərində istəyinə çatdı” – Natiq Cəfərlidən FƏRQLİ rəy

2101 08.06.2026 15:40 Müsahibə A A

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli cavablandırıb. Partiya rəhbəri Ermənistandakı seçkilərlə bağlı danışıb.

Müsahibəni təqdim edirik:

- Natiq bəy, seçkilərin nəticələri sürpriz sayıla bilərmi və bundan sonra ölkənin ictimai-siyasi həyatında nələr dəyişə bilər?

- Əvvəlcədən seçkinin intriqası o idi ki, Paşinyan konstitusion çoxluğu qazanacaq, ya yox. Hazırkı nəticələr göstərir ki, o, təkbaşına hökumət quracaq. Amma konstitusion çoxluq əldə edə bilmir. O deməkdir ki, özü konstitusiyada islahatlar apara bilməyəcək. Ona görə də referendum keçirilməlidir. Bu baxımdan, ola bilsin ki, ilin sonuna yaxın referenduma getmək qərarı verilsin. Amma konstitusiya parlamentdə dəyişməyəcək. Bu seçkilərdən çıxarılan ikinci nəticə odur ki, əvvəldən inqilab, üsyan gözləntisi olanlar yanıldı. Proses kifayət qədər sakit keçdi. Əsasən də MDB müşahidə missiyasının Rusiyadan gələn heyəti seçkilərin qanuni çərçivədə keçdiyini elan etdi. Həftələr əvvəl çıxışlarımda deyirdim ki, Rusiya ilə Paşinyan arasında problem yoxdur. Problem Paşinyanın güclü olub-olmamasıdır. Burada da Rusiya istəyinə çatdı və Paşinyan konstitusion çoxluğu əldə edə bilmədi. Ona görə də müxalifət bəzi addımlar ata bilər. Bununla yanaşı qeyd etmək lazımdır ki, Paşinyan dərhal sülh, TRİPP layihəsi ilə bağlı irəliləyiş olacağını açıqladı.

- Amma Rusiya XİN sözçüsü Zaxarova bildirib ki, Qərb seçkilərə müdaxilə edib…

- Bundan əvvəl isə Rusiyanın dövlət informasiya agentliyi olan “RİA Novosti” elan etdi ki, Paşinyan uduzur. Yəni müəyyən manipulyasiyalar olub və olacaq. Amma Paşinyanın ilk səfəri elə Rusiyaya edəcək.

- Bu səfərlə aradakı gərginlik qalxacaqmı? Çünki Moskva qazın qiyməti, idxal qadağaları ilə İrəvanı təhdid edirdi…

- Qəribədir, Rusiya qazın qiymətini qaldıranda bunu kimə qarşı edəcəkdi? “Qazprom” ana şirkəti olaraq “Qazprom Armeniya”ya qaz satır. Yəni Rusiya Ermənistanda öz-özünə qaz satır. Üstəlik, Rusiya qazı Ermənistana ucuz satmır. Burada piar və əhalini qorxutmaq tərəfləri çox idi. Rusiyanın son bir ayda sərt ritorikası isə Paşinyana yardımçı oldu. Fevral-mart sorğularında onun reytinqi 30 faizdən çox deyildi. Amma Rusiyadan təhdidlər səsini 10 faiz qaldırdı. Bu məsələdə rus politexnoloqları ya səhv etdi, ya da bilərəkdən. Çünki Ermənistanın qarşısında Avropa Birliyinə üzvlük seçimi yoxdur. Ən azı qarşıdakı 10 ildə görünmür. ERlə Rusiya da bunu başa düşürdü. Bəli, tərəflər arasında müəyyən problemlər və çətinlikər var. Amma həll edilməyən məsələlər deyil. Məncə, Paşinyan hökuməti formalaşdırdıqdan sonra Rusiyadan bəzi qadağalar aradan qalxacaq. Ən gülməlisi odur ki, erməni üzümünün ixracına qadağa qoyulmuşdu. Halbuki üzüm Ermənistanda sentyabrda yetişir…

Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR