Azərbaycan növbəti dəfə humanist addımı ilə bölgədə həmrəylik nümunəsi göstərdi. Martın 10-da başlayan və davam edən humanitar yardım kampaniyası çərçivəsində ölkəmiz İrana qida məhsulları, içməli su və tibbi ləvazimatlar göndərərək, qonşu ölkənin ən çətin anında yanında olduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu aksiya ehtiyac sahiblərinə yardım niyyəti güdməkəə yanaşı, Azərbaycanın humanizmə və sülhə sadiqliyini ortaya qoyur. Heç şübhəsiz, bu, həm də bölgədə gərginliyin yumşaldılmasına töhfə verir.
Məlumat üçün bildirək ki, bu, Naxçıvana dron hücumundan sonra Azərbaycanın İrana ikinci humanitar yardımıdır.

Politoloq Kənan Novruzov Musavat.com-a bildirdi ki, bu yardım karvanı qonşu İran xalqının aktual ehtiyaclarını nəzərə alaraq formalaşdırılmış və iki ölkə arasında qardaşlıq münasibətlərinin əyani ifadəsi kimi dəyərləndirilməlidir: “Humanitar yardımın göndərilməsi Azərbaycanın həmişə konstruktiv regional siyasət yeritmək əzmini bir daha təsdiq edir. Bu addım eyni zamanda, iki qonşu dövlət arasında mövcud olan köklü tarixi-mədəni bağları daha da möhkəmləndirir.
Azərbaycan-İran münasibətləri son illərdə müxtəlif çətinliklərlə üzləşib. Belə bir şəraitdə humanitar yardımın göndərilməsi diplomatik cəhətdən son dərəcə önəmlidir. Bu, iki ölkə arasında etimad mühitinin bərpasına töhfə verir, regionda humanitar dəyərlərə hörmət edilməsinin nümunəsini ortaya qoyur və Azərbaycanın qonşu xalqlarla mehriban münasibətlərə verdiyi önəmi bir daha təsdiqləyir. Humanitar diplomatiya tərəflər arasındakı anlaşmazlıqları aradan qaldırmaq üçün effektiv vasitə olmaqla yanaşı, xalqlar arasında dostluğun möhkəmləndirilməsinə də xidmət edir. Azərbaycanın İrana göndərdiyi humanitar yardım yalnız maddi dəstəkdən ibarət deyil, bu, böyük bir siyasi iradənin, regional sabitliyə olan sadiqliyin simvoludur”.
Cavanşir ABBASLI,
Musavat.com






