“Azərbaycandan kənara milyonlarla dollar vəsait çıxır”
Milli Məclisin iclasında çıxış edən deputat Elçin Mirzəbəyli büdcə layihəsinin ikinci oxunuşda müzakirəsindən istifadə edərək diqqəti həm media resurslarının dövlət büdcəsindən dəstəklənməsi, həm informasiya təhlükəsizliyi, həm də reklam bazarı ilə bağlı bir neçə məqama yönəltmək istədiyini bildirib.
Musavat.com-un məlumatına görə, deputat bunları söyləyib:
“Müasir informasiya mühitində televiziya və radio cəmiyyətin ən etibarlı informasiya mənbələri olaraq qalır. Lakin son illər bu sahənin iqtisadi dayanıqlığı müəyyən sınaq qarşısındadır. Xüsusilə reklam bazarındakı qeyri-bərabər rəqabət TV və radio sektoru üçün müəyyən çətinliklər yaradır.
Hazırda bu sahədə narahatlıq doğuran məsələlərdən biri də rəqəmsal platformaların, xüsusilə də TikTok, Meta, Google və digər qlobal resursların Azərbaycan TV və radiolarının reklam bazarını faktiki olaraq ələ keçirmələri ilə bağlıdır. Nəticədə yerli TV və radioların gəlirləri azalır, çünki reklam büdcələri həmin rəqəmsal platformalar üzərindən xaricə gedir. Xərclər artır, ona görə ki, TV və radio virtual yox, real infrastrukturdur.
Belə davam etdiyi halda, TV və radioların maliyyə çətinlikləri bir neçə ildən sonra kəskinləşə və yerli informasiya məkanının qorunması üçün dövlətin dəstəyinə ciddi ehtiyac duyula bilər. Bu isə həm də informasiya təhlükəsizliyi, yerli informasiya məkanının qorunması problemidir”.
E.Mirzəbəyli qeyd edib ki, hər il xarici platformalar üzərindən Azərbaycandan kənara milyonlarla dollar vəsait çıxır:
“Bunun qarşılığında isə həmin platformalar Azərbaycan büdcəsinə vergi ödəmir, yerli lisenziya almır, yerli işçi çalışdırmır, yerli kontent istehsal etmir, amma reklam gəlirlərinin böyük hissəsinə sahiblənirlər.
Peşəkar media ölkəmizin sərhədləri çərçivəsində real iqtisadi yük və öhdəlik daşıyır. Xarici rəqəmsal platformaların isə belə bir yükü və öhdəliyi yoxdur. TV və radioların əməkhaqqı fondu, elektrik enerjisi, texniki yayım, studiya və avadanlıq xərcləri realdır. Rəqəmsalda isə bu xərclərin əhəmiyyətli hissəsi tələb olunmur. Bu da mahiyyət etibarilə ədalətli rəqabət deyil.
Bununla bağlı beynəlxalq təcrübəyə müraciət etsək, zənnimcə, mənzərə daha da aydınlaşar. Məsələn, Avstraliyada 2021-ci ildə Xəbər Mediası və Rəqəmsal Platformalar üçün Məcburi Sövdələşmə (News Media and Digital Platforms Mandatory Bargaining Code) adlı qanun qəbul edilib. Qanunun əsas məqsədi media qurumları ilə böyük rəqəmsal platformalar, xüsusilə də Google və Meta arasında iqtisadi bərabərliyi təmin etməkdən ibarətdir.
Nəticədə Google və Meta xəbər mediasına ödəniş etməyə məcbur edilib. Fransada dövlət reklam kvotası var. Bu ölkənin Kommunikasiyanın Azadlığı Qanununa (France Law on Freedom of Communication) əsasən, dövlət qurumları reklam büdcələrinin ən azı 40%-ni yerli media resurslarına yönəltməlidirlər. Türkiyədə isə hər kəsin bildiyi kimi yerli media üçün vergi və reklam dəstəyi tətbiq olunur.
2019-cu ildən tətbiq olunan Cumhurbaşkanlığı Strateji Reklam Təlimatı prinsiplərinə əsasən, TRT və özəl TV-lərin böyük hissəsi dövlət qurumlarının reklam büdcəsi ilə dəstəklənir. Cənubi Koreyada rəqəmsal platforma vergisi tətbiq olunur. Bu ölkədə Rəqəmsal Xidmətlər Vergisi Qanununa (Digital Services Tax Act) əsasən, 2020-ci ildən Google, Meta kimi şirkətlərə “rəqəmsal vergi” tətbiq olunmaqdadır. Əldə edilən gəlir isə yerli media fondlarına yönəldilir”.
Deputat bildirib ki, bu nümunələrin mahiyyəti birdir - yerli media strateji sahədir və qorunmalıdır:
“Bu baxımdan, qənaətimə görə, dövlət qurumlarının reklam büdcəsinin müəyyən hissəsi yerli mediaya yönəldilsə, daha doğru olar.
Bununla yanaşı, düşünürəm ki, əgər media resurslarının bir hissəsinə vergi güzəştləri təqbiq olunursa, TV və radiolara münasibətdə də eyni yanaşmanın sərgilənməsinin nəzərdən keçirilməsi də doğru olardı. Bu sıraya uyğun bilindiyi halda texniki avadanlıqların alınması üçün rüsum güzəştləri, media subyektləri üçün mənfəət vergisinin müvəqqəti azaldılması və ya ilk 5 il məhdudlaşdırılmış güzəşt tətbiqi çox mühüm dəstək mexanizmi ola bilər.
Bu həm də sözügedən sahəyə investisiya imkanlarının artırılması deməkdir.
Eyni zamanda, qənaətimə görə, xarici rəqəmsal platformalar ədalətli vergiyə və öhdəliklərə cəlb olunmalıdırlar. Yerli medianın qorunması və bərabər rəqabəti təmin etmək üçün xarici rəqəmsal platformalara rəqəmsal reklam vergisi tətbiq olunmalı, TikTok, Meta, Google və digər qlobal resurslar qarşısında yerli təsisçi və ya nümayəndəlik, yerli server və təmsilçilik açmaq açmaq öhdəliyi qoyulmalı, eləcə onlardan uşaq-kontent qaydalarına riayət edilməsi tələb olunmalıdır.
Düşünürəm ki, sadalanan bu addımlar həm dövlət büdcəsinin yükünü azalda, həm reklam bazarını tənzimləyə, həm də informasiya təhlükəsizliyinə mühüm töhfə verə bilər”.
E.Paşasoy,
Musavat.com






