Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclası çərçivəsində Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş və tərəflərin əlsıxması tədbirin ən diqqətçəkən siyasi məqamlarından biri kimi qiymətləndirilir. Xüsusilə, bu jestin ABŞ Prezidenti Donald Tramp tərəfindən ayrıca vurğulanması onun təkcə protokol xarakterli epizod olmadığını, əksinə, qlobal sülh gündəliyi baxımından rəmzi və siyasi əhəmiyyət daşıdığını göstərir.
ABŞ Prezidentinin bu görüşü xüsusi qeyd etməsi Azərbaycanın sülh prosesində oynadığı rola verilən beynəlxalq diqqətin və qiymətin göstəricisi kimi şərh olunmaqdadır. Şübhəsiz ki, liderlər arasında baş tutan ünsiyyət və qarşılıqlı jest beynəlxalq ictimaiyyətə Cənubi Qafqazda sülh gündəliyinin real siyasi iradəyə söykəndiyini göstərən mühüm siqnaldır.
“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə baş tutan bu görüş strateji əhəmiyyət daşıyır:
"Məsələ ondadır ki, Azərbaycan artıq həm regional, həm də qlobal səviyyədə proseslərdə fəal iştirak edən dövlət kimi, beynəlxalq aktor statusunu getdikcə daha da möhkəmləndirir. Cənab Prezidentin də qeyd etdiyi kimi, son altı ay ərzində Amerika Birləşmiş Ştatlarının prezidenti ilə iki dəfə görüş keçirilib. Bu görüşü isə növbəti, yəni üçüncü mühüm təmas kimi qiymətləndirmək olar.
Bütün bu proseslər regional və qlobal sülhə töhfə verən amillər sırasındadır. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan bu situasiyada romantik və emosional yanaşmadan uzaq, praqmatik mövqe sərgiləyir. Əgər Ermənistan hər hansı pozucu addımlar atmazsa hazırkı müşahidələr bunu göstərmir - görünən odur ki, Ermənistan tərəfi də sülh sazişinin imzalanması istiqamətində müəyyən addımlar atmaqdadır.
Beləliklə, yaxın həftələr və aylar ərzində sülh sazişinin imzalanmasının şahidi ola biləcəyimizi düşünmək üçün əsaslar mövcuddur. Bu proses, təbii ki, ABŞ-da və digər ölkələrdə keçirilən ikitərəfli və üçtərəfli görüşlərin, eləcə də aparılan müzakirələrin məntiqi nəticəsi kimi dəyərləndirilə bilər. Sülh gündəliyi və bu çərçivədə müzakirə olunan məsələlər strateji xarakter daşıyır.
Bütün bunlar Azərbaycanın regional və qlobal miqyasda artan fəallığının və beynəlxalq münasibətlər sistemində rolunun güclənməsinin təzahürüdür. Hesab edirəm ki, mövcud gedişat Azərbaycanı və onun beynəlxalq münasibətlərdə yerini yeni mərhələyə yüksəldir, qarşılıqlı əməkdaşlıq imkanlarını daha da genişləndirir.
Ümumilikdə, aparılan prosesləri müsbət və balanslı şəkildə qiymətləndirmək olar. Artıq müəyyən konkret nəticələr mövcuddur və yaxın perspektivdə daha mühüm nəticələrin əldə olunacağı gözlənilir. Bu baxımdan, gedən prosesi təqdirəlayiq hesab etmək olar".
Cavanşir ABBASLI
Musavat.com






