İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı kardioloq Trampın yanlışından danışdı - Aspirin...

1388 23.01.2026 21:37 Səhiyyə A A

ABŞ prezidenti Donald Trampın əlində yaranan göyərmələr ictimai müzakirələrə səbəb olub. Prezident özü bu vəziyyəti təsadüfi zərbə ilə əlaqələndirib. Donald Tramp "USA Today" nəşrinə açıqlamasında bildirib ki, əlindəki göyərmələr masaya dəyən zərbədən sonra yaranıb. O, eyni zamanda mütəmadi olaraq aspirin qəbul etdiyini də etiraf edib. Tramp deyib: “Əgər ürəyinizi qorumaq istəyirsinizsə, aspirin qəbul edin. Amma əgər göyərmələrin yaranmasını istəmirsinizsə, aspirin içməyin”.

Bu açıqlama tibb ictimaiyyətində birmənalı qarşılanmayıb. Həkimlər aspirinin zərərsiz ürək dərmanı olmadığını, nəzarətsiz qəbulu ciddi fəsadlara yol aça biləcəyini deyirlər.

Musavat.com məsələni tibbi prizmadan araşdırıb.

Kardioloqlar Asif Məmmədov Musavat.com-a bildirib ki, aspirin qanı durulaşdıran preparatdır və onun əsas təsiri trombositlərin fəaliyyətini zəiflətməkdir: “Aspirin qan laxtalanmasını azaldır. Bu səbəbdən onu qəbul edən şəxslərdə ən kiçik zərbə belə dərialtı qanaxma və göyərmə ilə nəticələnə bilər. Trampın əlindəki göyərmələr tibbi baxımdan tam izah olunandır”.

Həkimlər vurğulayır ki, aspirin uzun müddət və yüksək dozada qəbul edildikdə qanaxma riskini kəskin artırır.

Kardioloqun sözlərinə görə, aspirin ən çox mədə-bağırsaq sisteminə zərər vurur: “Aspirin mədənin selikli qişasını zədələyir. Uzunmüddətli istifadə mədə və onikibarmaq bağırsaq xorasına, hətta həyati təhlükəli qanaxmalara səbəb ola bilər”.

Kardioloq başqa bir təhlükəyə diqqət çəkir: “Yaş artdıqca aspirin beyindaxili qanaxma riskini yüksəldir. Xüsusilə 60 yaşdan yuxarı şəxslərdə bu risk ciddi şəkildə nəzərə alınmalıdır”.

Son illərin beynəlxalq tibbi araşdırmaları göstərir ki, sağlam insanlarda profilaktik aspirin qəbulu infarkt və insult riskini azaltmır. Həkimlərin yekdil rəyi belədir: “Aspirin yalnız infarkt və insult keçirmiş, yaxud yüksək tromboz riski olan xəstələrə təyin olunur. Özbaşına və ürək üçün deyə qəbul edilməsi tibbi səhvdir. Aspirin zərərsiz gündəlik dərman deyil. Göyərmələr sadəcə kosmetik problem yox, qanaxmanın xəbərçisi ola bilər. Həkim məsləhəti olmadan qəbul edilən aspirin fayda yox, risk yaradır. Ürəyinizi qorumaq üçün dərman deyil, düzgün diaqnoz və həkim nəzarəti lazımdır”

Elşən Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR