İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı prezident Azərbaycana görə hədəfə alındı

1060 18.12.2025 11:13 Siyasət A A

İranla Azərbaycanı düşmən etməyə çalışan mühafizəkarlar İranın da düşmənidirlər

İranın ali dini lideri ayətullah Əli Xamneyinin nəzarətində olan “Keyhan” qəzeti Azərbaycan əleyhinə daha bir yazı dərc edib. Tribuna.az xəbər verir ki, sistemli şəkil alan bu qərəzli yanaşmaya hər dəfə yeni yazılar əlavə olunur. 

Qəzet iddia edib ki, guya Azərbaycan son illərdə İranın maraqlarına zidd addımlar atıb. “O cümlədən etnik məsələləri qabartmaq, sərhəddə gərginlik yaratmaq və İsraillə əməkdaşlığı genişləndirmək yolu tutub. Bakıya münasibət daha sərt, hesablanmış və açıq mesajlar üzərində qurulmalıdır”.

Nəşr İranın prezidenti Məsud Pezeşkianı Azərbaycana səfər etməkdə ittiham edib. “Cənab Pezeşkian, siz niyə tez-tez Azərbaycana səfər edirsiniz? Niyə onlara bu şansı verirsiniz?” - deyə qəzet ölkə prezidentini hədəf alıb. 

Son aylar Azərbaycan-İran münasibətlərində gərginliyə səbəb olan hallar yoxdur. Amma vaxtaşırı SEPAH və dini liderin himayəsində olan mətbuat orqanları Azərbaycana böhtan yağdırır. Xüsusən də İsraillə bağlı eyni ittihamlar təkrarlanır. Bu dəfə daha da irəli gedərək Pezeşkianın niyə Azərbaycana səfər etdiyi sorğu-sual edilir. Halbuki bu məsələdə qeyri-adi heç nə yoxdur və bütün ölkələrdə prezidentlər qonşu dövlətlərə müntəzəm səfərlər edirlər. Həmçinin xarici işlər naziri Abbas Əraqçi da Bakıya səfər etmişdi. Amma İranın mühafizəkar qanadına bağlı media ölkəmizə qarşı qeyri-dost yanaşmasını davam etdirir, ən adi şeylərə görə “qaşınmayan yerdən qan çıxarmağa” çalışır.

Bu qüvvələr niyə Bakı-Tehran əlaqələrinin rəvan olmasına qarşıdır? Pezeşkian onlara qarşı hansı addımları ata bilər?

Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və  qayğı var - AZƏRTAC

 Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, İranın müafizəkar dairələrinə bağlı olan media orqanlarının Azərbaycana qarşı qərəzli, böhtan xarakterli yazılar yayması ilk dəfə deyil: “Bu cür yazılar və çağırışlar az qala hər gün olur. SEPAH təmsilçilərinin, İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayətinin də Azərbaycana qarşı açıqlamalarının tez-tez şahidi oluruq. Təəssüflə qeyd etmək lazımdır ki, son günlər həmin cinahdan Azərbaycana qarşı növbəti bir dalğanın gəldiyi müşahidə olunur. Gah "Tramp yolu"na qarşı bəyanatlar səsləndirirlər, gah Azərbaycan-İsrail münasibətlərini tamamilə qərəzli formada şərh edib uydurma fikirlər irəli sürülər. Artıq o qədər absurda gedirlər ki, öz ölkələrinin prezidenti Məsud Pezeşkianı Azərbaycan Respublikasına səfər etdiyi üçün ittiham edirlər, Pezeşkianı Azərbaycana qarşı addımlar atmağa çağırırlar. İrandakı bu cür qaragüruh dairələri anlamaq sağlam məntiqlə qeyri-mümkündür. İranın dövlət marağı əslində onu tələb edir ki, qonşu Azərbaycanla münasibətlər inkişaf eləsin. Lakin İranın mühafizəkar dairələri, qaragüruhun nəzarətində olan media orqanları İran dövləti ilə Azərbaycanın münasibətlərinin tamamilə pozulmasına çalışırlar, bütün hərəkətləri ilə əslində daha çox İranın maraqlarına zidd olan mövqedə israr edirlər. İran prezidenti ölkəsinin maraqlarını çox düzgün qiymətləndirərək bu maraqların Azərbaycanla yaxın münasibətlərin qurulmasını tələb etdiyini düşünüb münasibətləri yaxşılaşdırmağa ilk vaxtdan çalışır. Səfərləri də bu siyasətə xidmət edir. Ancaq SEPAH və ona bağlı olan qüvvələr bu siyasəti yürütdüyü üçün Pezeşkiana da düşmən kəsiliblər. Həmin qaragüruh qüvvələr İranı tamamilə qapalı, dünyadan, qonşu ölkələrdən təcrid olmuş ölkə kimi görmək istəyirlər. Pezeşkian isə bunun əksini istəyir. O istəyir ki, İran dünyaya açılan, qonşuları ilə, xüsusən Azərbaycan və Türkiyə ilə bütün istiqamətlərdə ciddi əməkdaşlıq quran bir ölkəyə çevrilsin. Azərbaycan da İranla iqtisadi-ticari əlaqələrin genişləndirilməsində maraqlı olduğunu nümayiş etdirir. İranda çoxlu sayda azərbaycanlılar yaşayır. Bu amil də Azərbaycan-İran əlaqələrinin inkişafını zəruri edir. SEPAH kimi qüvvələr həm də buna görə əlaqələrin qurulmasını deyil, pozulmasına çalışır".

Deputat qeyd etdi ki, prezident Pezeşkian pozuculuq yolunu seçən və onun müsbət addımlarına qarşı çıxan qüvvələrlə bağlı sərt addımlar atmır: “Nəzərə almaq lazımdır ki, faktiki əsas hakimiyyət ali dini liderdədir. Onun razılığı olmadan prezidentin sözügedən qüvvələrə qarşı hansısa cəza tədbirləri həyata keçirməsi sadə bir iş deyil. Prezidentin həmin qüvvələri tamamilə susdurmaq imkanları azdır. Ona görə də yaxın zamanlarda prezidentin o qüvvələrlə bağlı ciddi addımlar atacağını gözləmək düzgün olmazdı. Cənab Pezeşkian Azərbaycanla əlaqələrin yaxşı olması istiqamətində yürütdüyü siyasəti davam etdirməklə mövqeyindən geri çəkilmədiyini göstərir. Bunun özü ciddi məsələdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR