İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı səmasında eşidilən səslərin sirri – dron, yoxsa PUA?

4695 16.03.2026 12:25 Ölkə A A

Bakı səmasında müşahidə edilən pilotsuz uçuş aparatları ilə bağlı sosial şəbəkələrdə ciddi narahatlıq və təşviş yaranıb. Paytaxt sakinləri gecə saatlarında eşidilən səslərin videolarını paylaşaraq müxtəlif ehtimallar irəli sürüblər. Bəzi sosial şəbəkə istifadəçiləri eşidilən səslərin İran istehsalı olan “Şahid” tipli dronlara aid ola biləcəyini iddia ediblər.

Maraqlıdır ki, Bakı səmasında dron səsləri eşidildikdən bir neçə dəqiqə sonra bəzi Ukrayna Teleqram kanallarında da bunun İran PUA-ları olduğu barədə iddialar yayılıb. Digər məlumata görə, paytaxt səmasında müşahidə olunan pilotsuz uçuş aparatları Azərbaycana məxsusdur və onlar təhlükəsizlik məqsədilə uçuşlar həyata keçirirlər. Bildirilir ki, bu aparatların uçuşu müəyyən ərazilərdə vəziyyətə nəzarət etmək üçün həyata keçirilir və mövcud şəraitdə belə uçuşlar normal sayılır. “GSSR44” Teleqram kanalı da yayımladığı məlumatda Bakıda eşidilən səslərin Azərbaycan Silahlı Qüvvələrinə məxsus PUA-lara aid olduğunu qeyd edib.

Məlumatda bildirilib ki, təhlükəsizliyin təmin olunması üçün mütəmadi təlim uçuşları həyata keçirilir: “Təhlükəsizliyin təmin olunması üçün mütəmadi (təlim) uçuşlar həyata keçirilir. Təşviş yaradan yazılara isə aldanmayın. Qohuma-qonşuya zəng eləməyə ehtiyac yoxdur…” - məlumatda bildirilib.

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev açıqlama verib. O bildirib ki, gecə saatlarında Bakı səmasında müşahidə olunan PUA-lar Azərbaycana məxsusdur.

“Bu gecə Bakı səmasında müşahidə olunan PUA-lar Azərbaycana aiddir. Uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Daha əvvəllər də buna bənzər uçuşlar həyata keçirilib”.


PUA nədir və niyə düşmən ondan çox qorxur?

Ekspert əlavə edib ki, dron uçuşları əhali arasında narahatlıq yaratmamalıdır:

“Yəqin ki, bundan sonra da bir müddət bu kimi uçuşları müşahidə edəcəyik. Odur ki, əhalimiz bu məsələdə narahatlıq keçirməməlidir. Hava məkanımızın qorunmasına ciddi diqqət yetirilir”.

Məsələ ilə bağlı Manset.az Azərbaycan Müdafiə Nazirliyinə sorğu ünvanlayıb.

Sorğunun cavabında “Narahatlığa heç bir əsas yoxdur”, – deyə bildirilib.

Əvvəlcədən xəbərdarlıq etmək mümkün idimi?

Sosial şəbəkələrdə ən çox səsləndirilən suallardan biri də budur. PUA uçuşları əhali arasında təşviş yaratmasın deyə əvvəlcədən məlumat vermək olmazdımı? Təhlükəsizlik məsələləri üzrə mütəxəssislər bildirirlər ki, hərbi və təhlükəsizlik xarakterli uçuşlar barədə əvvəlcədən açıq məlumat verilməsi hər zaman mümkün olmur. Belə məlumatların əvvəlcədən açıqlanması bəzən təhlükəsizlik tədbirlərinə və əməliyyat xarakterli fəaliyyətə xələl gətirə bilər. Bununla yanaşı, bəzi ekspertlər hesab edir ki, bu cür hallarda təhlükəsizlik qaydaları qorunmaqla qısa və operativ məlumatın verilməsi cəmiyyətdə yaranan ajiotajın və yanlış məlumatların yayılmasının qarşısını ala bilər.

PUA və dron – fərq nədir?


Əslində dron və PUA ifadələri çox vaxt eyni mənada işlədilsə də, müəyyən fərq mövcuddur. PUA (Pilotsuz Uçuş Aparatı) – pilotu olmayan və uzaqdan idarə olunan və ya avtomatik proqramla uçan bütün uçuş aparatlarının ümumi adıdır. Bu termin daha çox hərbi və rəsmi terminologiyada istifadə olunur. Dron isə gündəlik danışıqda işlədilən və əsasən kiçik ölçülü pilotsuz uçuş cihazlarını ifadə edən ümumi və qeyri-rəsmi termindir. Məsələn, foto və video çəkiliş üçün istifadə olunan kvadrokopterlər də dron adlandırılır.

Niyə bəzi PUA-ların səsi çox, bəzilərinin isə zəif olur?

PUA-ların səsinin fərqli olması bir neçə texniki amillə bağlıdır. Məsələn, pərli və benzin mühərrikli PUA-lar (məsələn, bəzi kəşfiyyat aparatları) daha gur səs çıxarır. Elektrik mühərrikli dronlar isə daha səssiz işləyir. Böyük ölçülü və aşağı hündürlükdə uçan PUA-ların səsi daha aydın eşidilir. Kiçik və yüksəkdə uçan aparatların səsi isə demək olar ki, eşidilmir. Sürətli uçuş zamanı pərlərdən yaranan hava axını və vibrasiya da səsin daha gur çıxmasına səbəb ola bilər.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR