İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda böyük dəyişiklik - köhnə problemlər üçün son ŞANS

1964 22.12.2025 19:07 Sosial A A

Tanınmış memar: “Bu, təkcə bir çağırış deyil - həm öhdəlikdir, həm tapşırıqdır...”

Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi paytaxt sakinləri tərəfindən böyük ümid və maraqla qarşılanıb.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezident Administrasiyası bir ay müddətində 2026-cı il üzrə tədbirlər planını hazırlayaraq dövlət başçısına təqdim etməlidir.

Bu qərar xüsusilə Bakıda son illər yığılıb qalan urbanistik problemlərin - köhnəlmiş infrastrukturun, nizamsız tikililərin, yaşıllaşdırma çatışmazlığının və mühüm kommunikasiya xətlərində yaranan nasazlıqların aradan qaldırılacağına dair gözləntiləri artırıb. Son aylarda paytaxtın müxtəlif ərazilərində tez-tez baş verən kanalizasiya partlayışları, küçə və məhəllələrin su altında qalması sakinlərin gündəlik həyatına ciddi çətinliklər yaradıb. Bu vəziyyət bir daha sual doğurur: aidiyyəti qurumlar və icra strukturları üzərlərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirə biləcəkmi?

Mövzu ilə bağlı Azərbaycanın tanınmış memarı, professor Cahid Həsənov Musavat.com-a açıqlamasında bu ilin elan edilməsini tarixi fürsət kimi dəyərləndirib:

WhatsApp Image 2025-12-22 at 17.30.08.jpeg (67 KB)

“Cənab Prezidentin bu qərarı təkcə memarları deyil, bütövlükdə cəmiyyəti sevindirəcək bir addımdır. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması yeni tikililərin, parkların, abadlıq işlərinin görülməsi ilə yanaşı, Bakının onilliklər əvvəl - hətta sovet dövründə salınmış kommunikasiya sistemlərinin yenilənməsinə real başlanğıc verilməsinə imkan yaradacaq.

Hər güclü yağışdan sonra mənə onlarla müraciət daxil olur ki, memar-ekspert kimi rəy bildirəm. Problemin səbəbi yağıntının normadan artıq olması deyil. Əsas məsələ kanalizasiya sisteminin istismar müddətini çoxdan başa vurmasıdır. Bu sistemlər vaxtilə təxminən bir milyonluq əhali üçün nəzərdə tutulmuşdu. Halbuki bu gün Bakının əhalisi 3–4 milyona çatıb. Keçmişdə bir prospektdə bir restoran, bir-iki mağaza var idisə, indi eyni küçədə yüzlərlə obyekt - restoranlar, kafelər, ticarət mərkəzləri, özəl tikinti şirkətləri tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binaları fəaliyyət göstərir. Yəni yük dəfələrlə artıb, amma infrastruktur dəyişməyib.

Bu sərəncam bütün sahələrdə çalışan memarlara, dizaynerlərə, şəhərsalma mütəxəssislərinə öz təkliflərini vermək üçün ciddi zəmin yaradır. Bu, son dərəcə sevindirici haldır. Aidiyyəti qurumlar da bu tarixi fürsətdən çevik və məsuliyyətlə istifadə etməlidirlər. Bu, təkcə bir çağırış deyil - həm öhdəlikdir, həm tapşırıqdır, həm də onilliklər boyu yığılıb qalan problemlərin nəhayət ki, həll olunması üçün real imkandır”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR